30 avqust 2023 10:22
421

Müstəqilliyimizin bərpasına aparan yolun başlanğıcı

Azadlıq, müstəqillik, öz taleyinin sahibi olmaq hər bir xaqın, hər bir millətin müqəddəs arzusudur. Tarixən bu arzu ilə yaşayan və bu arzunun həyata keçməsi uğrunda mübarizə aparan Azərbaycan xalqının taleyində unudulmayan hadisələr kifayət qədərdir və bu hadisələr boyük bir tarixi dərsdir.

Şərqin ilk demokratik respublikası kimi tarixin silinməz yaddaşına yazılan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının müstəqillik arzusunun ilk dəfə gerçəkləşməsi idi. Təəssüf ki, bu sevincimiz də uzun çəkmədi. Lakin müstəqillik elə bir sərvətdir ki, onun dalınca həmişə həsrətlə baxırsan və çalışırsan ki, sən azad bir quş kimi səmaları gəzəsən. Bu cəhədən, Azərbaycan xalqını şanslı və bəxtiyar xalqlardan hesab etmək mümkündür. Belə ki, xalqımız 70 illik bir əsarətə son qoymaq üçün mücadilə apardı və öz müstəqilliyinin formulunu hazırladı. Bu çətin və şərəfli mücadilədə xalqımız Heydər Əliyev kimi bir dühanın nurundan bəhrələndi.

Ulu Öndər Heydər Əliyevin bütün fəaliyyəti müstəqil və firavan həyat tərzimizin bərqərar olmasına istiqamətlənmişdir. Onun hələ Naxçıvanda işləyərkən gördüyü dəyərli işlər bütün ölkədə böyük əks-səda yaratmışdır.

XX əsrin 90-cı illərində milli birlik, milli həmrəylik nümayiş etdirən xalqımız bir çox əhəmiyyətli uğurlara müvəffəq oldu. Bu baxımdan, “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 30 avqust 1991-ci il tarixli Bəyannaməsi sözün əsl mənasında mükəmməl tarixi, siyasi və hüquqi bir sənəddir. Bu Bəyannamə Azərbaycan xalqının, Azərbaycan dövlətinin ən ali maraq və mənafelərini özündə ehtiva edirdi. Bəyannamədə əksini tapan bütün müddəalar bu gün də Azərbaycan Respublikasının milli maraqlarına xidmət edir, Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə inkişaf edən Azərbaycan Respublikası müstəqil bir dövlət kimi beynəlxalq aləmdə öz sözünü, öz mövqeyini qətiyyətlə meydana qoymağı bacaran qüdrətli bir ölkədir.

Bəli, bu gün biz azadıq. Azad olmaq həm də güclü olmaq deməkdir. Güclü olmaq isə qalib olmaq, zəfər çalmaq, böyük və bütov Azərbaycana sahib olmaq deməkdir.

Şükran Mustafayev,
YAP Xətai rayon təşkilatının “Aşıq Ələsgər 64” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü