30 avqust 2023 11:33
650

Laçın Cənnətə çevriləcək

Tarixi Zəfərimizlə bitən 44 günlük Vətən müharibəsindən sonra xalqımızın və dövlətimizin qarşısında dayanan əsas vəzifə düşmən işğalından azad edilmiş şəhərlərimizi, kəndlərimizi, qəsəbələrimizi ən müasir tələblərə uyğun şəkildə bərpa etmək və Azərbaycan millətinin Böyük Qayıdış arzusunu reallaşdırmaqdır. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə xalqımız bu tarixi missiyanı da müvəffəqiyyətlə yerinə yetirməkdədir. Azad edilmiş ərazilərimizin bərpası üçün ölkə prezidentinin göstərişi əsasında büdcədən lazımi vəsaitlər ayrılır. Qarabağda və Şərqi Zəngəzur iqtisadi rayonlarında gerçəkləşdirilən bütün proseslər ölkə başçımız tərəfindən çox ciddi nəzarətdə saxlanılır. Heç də təsadüfi deyildir ki, Cənab İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə səfərləri artıq mütəmadi xarakter almışdır.

Dövlət başçımız Cənab İlham Əliyevin 26 avqust 2023-cü il tarixində Laçın şəhərinə növbəti səfəri reallaşdı. Bu səfər sürətlə, ən müasir standartlara uyğun şəkildə bərpa olunan və artıq xeyli sayda soydaşımızın qayıdışının reallaşdığı Laçın rayonuna dövlət başçımızın sayca altıncı səfəri idi. Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı zamanı Cənab İlham Əliyevin söylədiyi dəyərli fikirlər xalqımızın yaddaşında əbədi qalacaq.

Əslən Laçından olan Azərbaycan vətəndaşlarının öz doğma rayonlarına-Laçına qayıdışı strateji əhəmiyyət daşıyan mühüm hadisə və nailiyyətdir. 28 may 2023-cü il tarixindən başlayaraq laçınlıların doğma yurdlarına qayıdışına start verilmişdir. Ölkə başçımız hələ cari ilin 28 may tarixində Laçına səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərkən demişdi: “Biz öz doğma torpaqlarımızı işğaldan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər-hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.

Prezident İlham Əliyev Laçın rayonuna 26 avqust 2023-cü il tarixli səfərində də həyata keçirilən genişmiqyaslı quruculuq işləri haqqında ətraflı məlumat verərək bildirdi ki, avqust ayının 25-də Laçın rayonu 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub. Ümumilikdə 510 şagird yerlik məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbə hazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var. Həmçinin, Azərbaycan Prezidentinin Sərəncamı ilə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələndirilməsi, əsaslı təmiri və bərpasına başlanılıb. Ölkə başçımız əlavə etdi ki, Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək.

Azərbaycan xalqı əmindir ki, ölkə prezidentinin diqqəti, qayğısı, sarsılmaz iradəsi sayəsində işğaldan azad edilmiş bütün bölgələrimiz, o cümlədən də Laçın Cənnətə çevriləcək.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini