29 avqust 2023 22:33
304

Bu kərimlilər, yaqublular o qədər azğınlaşıblar ki...

Vətəndaşlıqdan, insanlıqdan, ziyalılıqdan uzaq olan, millətə üzqaralığı gətirən, öz fəaliyyətlərini Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı quran AXCP sədri Əli Kərimli və digər antimilli ünsürlər bilməlidirlər ki, Azərbaycan cəmiyyəti yalnız mütərəqqi qanunlarla idarə olunur. Onlar hansı üsul və vasitələrə əl atsalar da Azərbaycanın imicinə, ölkəmizin dinamik inkişaf tempinə heç cür mane ola bilməyəcəklər. Onların xüsusi canfəşanlıqla Azərbaycanın əleyhinə fəaliyyət göstərmələri “donosçuluq”dan başqa bir şey deyil, aldıqları maliyyə vəsaiti müqabilində öz rəhbərləri qarşısında bir növ hesabatdır.

Ölkəmizdə sabitliyi pozmağa çalışan istər xarici qüvvələr, istərsə də onların Azərbaycandakı “dayaq nöqtələri” bilməlidirlər ki, apardıqları kampaniyaların Azərbaycana heç bir təsiri olmayacaq, əksinə ölkə qanunlarını pozmağa çalışan hər kəs kimliyindən asılı olmayaraq məsuliyyətdən yaxa qurtara bilməyəcək. Bu gün Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir. Ölkəmizdə hər bir vətəndaşın öz mövqeyini açıq şəkildə ifadə etməsi üçün hər cür şərait yaradılmışdır. Lakin bu, heç də hər hansı bir şəxsə yalan və böhtanla məşğul olmağa, Azərbaycan əleyhinə fəaliyyət göstərməyə imkan vermək kimi başa düşülməməlidir.

Növbəti ANCA senatordan (Amerika Ermənilərinin Milli Konqresinin maliyyəsi ilə seçilmiş) Qubad İbadoğluya “dəstək” gəlib. Görünür, erməni lobbisi Qubad İbadoğlunu “dəstəkləmək”də israrlıdır. O səbəbdən də bu dəfə Dik Durbini irəli sürüb. Dik Durbin də özündən əvvəlki ANCA senatorlar kimi öncədən ona verilmiş tezis-statusu yayımlayıb. Yəni, yeni və fərqli nəsə deməyib.

Azərbaycandakı “beşinci kolon”un nümayəndələri Əli Kərimli, Tofiq Yaqublu kimilər də troll və sinxron paylaşımlar ediblər. Hətta, AXCP sədri barıtını o qədər çox edib ki, 6 cümləlik statusunda 4 dəfə senatorun, 1 dəfə də Qubad İbadoğlunun adını çəkib. Gərək ki, yaltaqlığın Əli Kərimli zirvəsi də buna deyirmişlər.

Əlqərəz, bu dəfə də radikallar millilik amilini görməzlikdən gəliblər və Dik Durbinin də özündən əvvəlkilər tək qondarma “erməni soyqırımı”, qondarma “Artsax” naminə fəaliyyət göstərən senatorlardan olduğunu gizlətməyə çalışıblar. Yəni, bu kərimlilər, yaqublular o qədər azğınlaşıblar ki, Xocalı soyqırımı haqqında bir cümlə belə deməyən, yazmayan, lakin əvəzində hər gün qondarma “erməni soyqırımı”ndan söz açan senatorlara qucaq açırlar.

Bəlkə də heç qınanılası da deyil. Çünki Əli Kərimlinin AXCP nümayəndəsi kimi 1992-ci ildə Şuşanın işğalından 3 gün öncə ABŞ Prezidentinə hakimiyyətə gətirilmək üçün məktubla müraciət edib, dəstək istəyən birisi olduğunu unutmamışıq. Lakin hələ də erməni lobbisinin senatorları vasitəsilə Qubad İbadoğluya “dəstək” verməsinin sirri çözülməyib. Nə üçün erməni lobbisi bu addımı atsın? Maraq və mənafe nədir? Erməni lobbisinin “Qubad layihəsi”ndə Əli Kərimlinin, Tofiq Yaqublunun, Cəmil Həsənlinin rolu və funksiyaları nədən ibarətdir? Hər şey göz önündə cərəyan etsə də, bax, bu suallar hələ də açıq qalmış olur.

Əlbəttə ki, xalqımız 90-cı illərdə Azərbaycanda hökm sürən xaos və özbaşınalığı, o zaman ölkəmizə rəhbərlik edən səriştəsizlərin yaratdığı böhranlı vəziyyəti yaxşı xatırlayır. O dövrü yaşayan hər kəs bu reallıqları gözəl bilir. Heç şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyev o zaman xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtmasaydı, bugünkü müstəqil və müasir Azərbaycandan söhbət belə gedə bilməzdi. Bunu o dövrün iqtidarı və hazırda müxalifətdə olanlar da yaxşı bilirlər. 90-cı illərdə Azərbaycan dövlət kimi məhv olma təhlükəsi ilə üz-üzə idi. Əlbəttə, bütün bunları görən, yaşayan hər bir vətəndaş bugünkü sabitliyi o xaosa dəyişmək fikrində ola bilməz.

Təbii ki, bu gün ölkəmizdə mövcud olan sabitliyin pozulması Azərbaycanın dağıdıcı müxalifətinə və xarici qüvvələrə lazımdır. Bizim dağıdıcı müxalif qüvvələr isə xarici kəşfiyyatın əlaltısı olmağa üstünlük verir, ölkədəki bu sabitliyi öz maddi maraqları və ambisiyaları naminə pozmağa cəhd edirlər. Həmin dağıdıcılar əmin olsunlar ki, xalqımız ölkəmizdəki sabitliyin təhlükə altında olmasına izn verməyəcək. Azərbaycanda xalq-iqtidar birliyi möhkəm və sarsılmazdır.

Cavid Əkbərov, “İki sahil”