29 avqust 2023 23:22
324

Günümüzün çağırışı: Ölkəmizə qarşı yönələn bütün informasiya təxribatlarının qarşısını vaxtında alaq

Dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamı ölkənin informasiya məkanının təhdidlərdən qorunmasına xidmət edəcək

İnformasiya təhlükəsizliyi müasir dövrün ən mühüm məsələləri sırasındadır. Ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunmasının qanunvericilik bazasının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm qanunlar, normativ aktlar qəbul olunub, sərəncamlar imzalanıb. 

Bu gün tarixi Zəfərimizin yaratdığı reallıqlardan, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzundan bəhs edirik. Dünyada baş verən hadisələrə nəzər salsaq görərik ki, bu, bizi heç də arxayınlaşdırmamalıdır. Çünki Qarabağ müharibəsinin bitməsi informasiya savaşının sona çatması demək deyil. Bu prosesin illərlə davam etməsi qaçılmazdır. Ona görə ki, erməni qəsbkarlarının Azərbaycana qarşı işğalçılıq, terrorçuluq, separatçılıq niyyətlərinin hələ də qalması bizə onu deməyə əsas verir ki, onlar hər zaman nəzarətləri altında olan informasiya vasitələrinin imkanlarından bəhrələnərək yalançı, iftira dolu məlumatlarla dünyanı inandırmağa çalışırlar.

Dövlətimizin başçısı İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi, sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək. Artıq Azərbaycan xalqının səbri tükənmişdi: «Mən Ermənistan baş nazirinə son görüşlərdə demişdim ki, siz odla oynamayın, Azərbaycan xalqının səbri ilə oynamayın. Siz Azərbaycan xalqını tanımırsınız, siz tanıyacaqsınız bizi, amma gec olacaq. Düz yola gəlin, çıxın bu torpaqlardan, bu torpaqlar sizə mənsub deyil. Amma nə etdilər? Orada qanunsuz məskunlaşma aparmaq üçün beynəlxalq hüququ, beynəlxalq konvensiyaları, o cümlədən Cenevrə konvensiyalarını kobudcasına pozaraq nümayişkaranə şəkildə xaricdən erməniləri gətirib özü də məhz Şuşaya ki, bizi incitsin. Məhz Şuşada o dəstə başçısı hansı ki, indi deşik axtarır gizlənməyə, xunta başçısı özünə andiçmə mərasimi keçirmişdir və Ermənistan baş naziri gedib orada iştirak edib. Bu, bizə sataşmaq deyildimi? Bunun hesabını sizdən soruşan olmayacaqdımı?!»

Təbii ki, Azərbaycan bu hesabı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə soruşdu, Ermənistanı diz çökdürdü, diz üstə qoydu! Ermənistanın baş naziri Nikol Paşinyan 44 gündə üz tutub yalvarmadığı dövlət, beynəlxalq təşkilat qalmadı. Havadarlarını keçmiş Dağlıq Qarabağın müstəqilliyini tanımaq üçün yalvarışlar etdi. Amma Azərbaycan dövlətinin qətiyyəti sayəsində dünya ədalət deyilən məfhumun, beynəlxalq hüququn norma və prinsiplərinin varlığını dərk etdi. « Bizim üçün müqəddəs olan Şuşa şəhərinin Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edəndə fikirləşəydi ki, bu gün gələcək, cəzasını alacaq, siçan kimi gizlənib bax bu sənədi götürüb ağlaya-ağlaya imzalayacaq. Yerini göstərdik, dərsini verdik» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, qovmuşuq onları torpaqlarımızdan, iti qovan kimi qovmuşuq: «Demişdim ki, qovacağıq, iti qovan kimi qovacağıq və qovmuşuq, iti qovan kimi qovmuşuq. Qorxularından indi bu sənədə imza atır, bilir ki, biz Ağdama da, Kəlbəcərə də, Laçına da gələcəyik. Heç kim bizi saxlaya bilməz. Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı. Ona görə qovmuşuq onları, əcəb də etmişik.»

Dövlətimizin başçısı İlham Əliyevin xalqa müraciətdə qeyd etdiyi kimi, biz döyüş meydanında, siyasi müstəvidə gücümüz göstərdik: «İndi gün gələcək müharibə dövründə ictimaiyyətə açıqlana bilinməyən bəzi məqamları yəqin ki, açıqlayacaqlar. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə deyirdilər, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm… Çünki mən bilirdim ki, biz haqlıyıq.»

Dövlət başçısı İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə nüfuzlu xarici media orqanlarına verdiyi hər bir müsahibə yalnız bu gün üçün deyil, gələcəkdə istinad ediləcək bir mənbə rolunu oynayacağı şəksizdir. Beynəlxalq ictimaiyyət tərəfindən bu çıxışlar hələ çox izləniləcək, dostlarımıza fəxarət, düşmənlərimizə layiqli dərs olacaq. Dövlətimizin başçısı 10 noyabr qələbə müjdəsini xalqımıza çatdırarkən bildirmişdir ki, bu müharibə dövründə 30-a yaxın müsahibə vermişəm. Ömrümdə bəlkə də bu qədər müsahibə verməmişəm və bəziləri deyirlər ki, İlham Əliyev nə üçün müsahibə vermir. Hesab edirdim ki, mən öz mövqeyimi ifadə etmək üçün kifayət qədər imkanlara malikəm. Mənim bütün fəaliyyətim şəffafdır, keçirdiyim bütün iclaslar ictimaiyyətə təqdim edilir. Amma lazım olan vaxtda 30-a yaxın müsahibə vermişəm. Müsahibələrdə demişəm ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, beynəlxalq hüququ, ədaləti müdafiə, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik. Demişdim ki, bizim bütün addımlarımız beynəlxalq hüququn norma və prinsipləri əsasında görülüb və bütün addımlarımız bu istiqamətdə atılıb. İntiqamımızı düşməndən, işğalçıdan aldıq.

Bu, yalnız 44 günlük İkinci Qarabağ müharibəsi dövrünün reallıqlarıdır. Azərbaycanın tarixi Zəfərində diplomatik mübarizədə qələbəsi əhəmiyyətli rol oynadı. Azərbaycan 30 ilə yaxın işğal dövründə erməni yalanlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində təbliğat kampaniyasını daha da genişləndirdi. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə geniş yol açdı. Ermənilərin və erməni diasporunun apardığı əsassız təbliğat nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadası işğalçı dövlətə yalanlarını həqiqət kimi sırımağa imkanlar yaratmışdı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı. Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri olmadı ki, Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olmasın. Azərbaycan həqiqətləri, Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Dünya ikili stantartlara əsaslanan siyasət yürütsə də yalanın həqiqət üzərində qələbəsi mümkünsüz idi. Azərbaycanın diplomatik mübarizədə qələbəsi davamlılığı ilə diqqətdə oldu. Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasının vacibliyi bildirilir. Baxmayaraq ki, dünya gücləri bu qətnamələrin icrası üçün Ermənistana 30 ilə yaxın dövrdə heç bir sanksiya tətbiq etmədi. Azərbaycan bu qətnamələri 44 günlük İkinci Qarabağ müharibəsində döyüş meydanında icra etdi.

Hazırda yeni dövrün reallıqlarını yaşayırıq. Azərbaycan diktə edən tərəf kimi bu reallıqların qəbul etdirilməsi istiqamətində səylərini günbəgün artırır. Dünyada Azərbaycanın artan nüfuzunu, Prezident İlham Əliyevin diplomatik müstəvidəki aparıcı mövqeyini və layiqli liderliyini gözü götürməyən qüvvələr ayrı-ayrı informasiya vasitələri ilə müxtəlif istiqamətlərdə olduğu kimi, informasiya təhlükəsiziliyimizə də zərbə vurmağa cəhdlər edirlər. Ölkəmizə qarşı yönələn bütün informasiya təxribatlarının vaxtında qarşısını alaraq informasiya təhlükəsizlimizi birlikdə təmin etməliyik.

Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 23 aprel tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək bu mühüm addımı atdıq. Nə qədər bizə təzyiqlər, hədə-qorxular oldu. Bu gün də davam edir. Müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Dövlət başçısı bildirir: «Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq.»

İnformasiya təhlükəsizliyimizin təmin edilməsi üçün bütün imkanlardan istifadə etməliyik. Dövlət başçısı İlham Əliyevin 28 avqust 2023-cü il tarixli “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında” Sərəncamı ölkənin informasiya məkanının təhdidlərdən qorunmasına, informasiya təhlükəsizliyi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsinə, habelə bu sahədə qarşıda duran vəzifələrin müəyyən edilməsinə xidmət edir. Sərəncamdan irəli gələn vəzifələrin uğurlu icrasına nail olmaqla hədəflərə yüksək səviyyədə çatmaq mümkündür.

Yeganə Əliyeva, «İki sahil»