30 avqust 2023 00:13
422

Makronun sayıqlamaları

Fransa “kiçik bacısı” Ermənistanın başlatdığı şouya beynəlxalq “çalarlar” əlavə etmək niyyətindədir

Azərbaycanı məlum Bəyanata zidd addımlar atmaqda, sülh danışıqlarına maneçilik törətməkdə ittiham edən Fransa bu istiqamətdə atdığı addımları kəskinləşdirməkdədir. Belə ki, ermənipərəst Fransa Qarabağdakı “humanitar böhran”la bağlı BMT-nin Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim etməklə yanaşı, başqa bir plana da əl atmaq niyyətindədir. Bu ölkənin Paris də daxil olmaqla bir sıra bölgələrinin yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin avqustun 30-da Azərbaycanın Laçın bölgəsi istiqamətində - Ermənistanla şərti sərhəd zonasında təxribata cəhd edəcəkləri barədə məlumat yayılıb. Məlumatda Fransanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə “humanitar yardım” adı altında Azərbaycan-Ermənistan şərti sərhədinə bir sıra regionlarının (Paris, Marsel, Strasburq və s.) nümayəndələrinin müşayiəti ilə yük maşınları karvanı  göndəriləcəyi əksini tapıb. Bununla da  Fransa Ermənistanın başlatdığı şouya beynəlxalq “çalarlar” əlavə etməyə çalışır.

Şübhəsiz, bu ideyanın müəllifi həmişə anti-Azərbaycan bəyanatlarla çıxış edən, erməni lobbisinin alətinə çevrilən, ölkəmizin uğurlarını həzm edə bilməyən Fransa Prezidenti Emmanuel Makrondur. O, bu günlərdə “Le Point” jurnalına verdiyi müsahibəsində bir daha yalançı “humanitar fəlakətdən” söz açıb: “Biz, xüsusən də Laçın dəhlizi ətrafında qəbuledilməz humanitar vəziyyətlə üzləşirik. Fransanın rolu humanitar yardım üçün təzyiqi saxlamaqdır və biz bu istiqamətdə əlimizdən gələni edirik”. Fransa Prezidenti Yelisey sarayının X (keçmiş Twitter) rəsmi səhifəsində isə bu istiqamətdə təzyiqləri gücləndirmək məqsədi ilə beynəlxalq səviyyədə yenidən diplomatik təşəbbüs göstərəcəyini də vurğulayıb.

Halbuki Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər heç bir humanitar fəlakətlə üzləşməyiblər. Bu, sadəcə hayların beynəlxalq aləmə sırımaq istədiklər dezinformasiyadan başqa bir şey deyil. Bununla da Fransa Azərbaycan ərazisində separatizmi açıq şəkildə dəstəklədiyini və dəstəkləməkdə davam edəcəyini açıq-aydın bildirib.

Ermənistanla Azərbaycan arasında münasibətləri normallaşdırmaq istiqamətində əlverişli mühit yaratmaq adı altında təcavüzkar ölkəyə Avropa İttifaqının missiyasını göndərən, ötən ilin oktyabrında Zəngəzur vilayətinin Qafan rayonunda konsulluq açan,  bu gedişlərlə erməni diasporunun, həmçinin millətçi qrupların nüfuzunu qazanmağa çalışan Makrondan bundan başqa nəsə gözləmək sadəlövhlük olardı. Buradan bir daha aydın olur ki, Fransanın bu mənfur addımı atmaqda məqsədi bölgədə vəziyyəti daha da gərginləşdirmək,  Qarabağ bölgəsində yaşayan ermənilərin reinteqrasiyasını və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasını əngəlləməkdir. Üstəlik, Fransa Ermənistan vasitəsilə Cənubi Qafqazda geosiyasi mövqeyini möhkəmlətməyə çalışır. Elə rəsmi  Parisin “kiçik bacı” adlandırdığı Ermənistana həm siyasi, həm də hərbi dəstəyini artırması onun həm də bu niyyətinə  xidmət edir.

Makronun “Fransanın rolu humanitar yardım üçün təzyiqi saxlamaqdır və biz bu istiqamətdə əlimizdən gələni edirik” ifadəsi bu məsələyə Makronsayağı yanaşmadır. Yəni, Makronun təzyiqi saxlamaq barədə iddi­aları onun təxəyyülünün, sayıqlamasının məhsu­ludur.  Makron bilməmiş deyil ki, indiyədək Prezident İlham Əliyevə təzyiq göstərmək cəhdləri heç bir səmərə verməyib.  Dövlətimizin başçısı öz fəaliyyətində ölkəmizin milli maraqlarını beynəlxalq hüququn norma və prin­sipləri çərçivəsində həmişə uğurla müdafiə edib.  “Laçın Şəhəri Günü” ilə əlaqədar keçirilən bayram tədbirində çıxışı zamanı bizə qarşı aparılan kampaniyanın, çirkin təbliğatın iradəmizə təsir edə, bizi yolumuzdan döndərə bilməyəcəyini xatırladan Prezident İlham Əliyev bir daha vurğulayıb: “Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq”. Təəssüf ki, Ermənistanın baş havadarı Makron bu adi həqiqəti anlamaq istəmir.

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev sərt, qəti mövqeyi ilə Fransanı - Makronu da dəfələrlə yerinə oturdub. Bu mənada Makronun söylədikləri, həm də şou təşkil etmək fikrinə düşməsi onun  sayıqlamasının pik həddinə çatmasından başqa bir şey deyil. Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması dönəmində Makronun bu hərəkətlərini yalnız belə dəyərləndirmək olar.

Qvami Məhəbbətoğlu, “İki sahil”