30 avqust 2023 00:57
390

Yelena yazdığını niyə sildi?

Rusiyanın ermənipərəst mövqeyi ilə tanınan "Novaya qazeta" nəşri vaxtaşırı pozucu materialları ilə haylara yarınıb. Vicdanlarını tamamilə itirmiş  “Novaya qazeta”çılar bu dəfə öz murdar ənənələrinə sadiq qaldıqlarını başqa cür “izhar” ediblər. Belə ki,  onların təzyiqi ilə Yelena Romanovanın "Qarabağ — özünü mühasirəyə almış qala" adlı məqaləsini erməni oxucuların hücumlarından sonra silinib. Diqqətə çatdıraq ki, məqalə ermənilərin uydurduqları Xankəndi əhalisinin "humanitar fəlakət" vəziyyətinə düşməsi və "sərhəd blokadası" barədədir. Məqaləni özünün "Facebook" səhifəsində paylaşan müəllif Yelena Romanova haylara əməlli-başlı ağıl öyrədib, “dərs” keçib. O, paylaşımınıda vurğulayıb ki, "blokada o deməkdir ki, perimetr boyu nişangahda hazır dayanan pulemyotçular var və çıxmaq olmaz. Amma Azərbaycandan ərzaq almağın mümkün olduğu halda siz uşaqlarınızı aclıqdan qırırsınızsa bu blokada deyil, tamaşadır", - deyə şərh edib. Uydurmanı ifşa edən sərrast cavab qəzetin ermənipərəst əməkdaşlarına tərs şillə olub. Beləliklə də redaksiyada aləm bir-birinə dəyib.

Yayılan məlumatlar göstərir ki, Ermənistan gün keçdikcə informasiya meydanında havadarlarını itirir və dünyanın kütləvi informasiya vasitələri erməni tərəfin cəfəng arqumentlərini getdikcə daha çox təkzib edirlər. Təbii ki, sosial şəbəkənin erməni istifadəçiləri narazılıqlarını bildirərək Romanovanı "qərəzli münasibətdə" ittiham ediblər. Nəticədə müəllif öz paylaşımını silməli olub. Erməni oxucuların təzyiqi nəşrə də yönəlib və nəticədə məqalənin özünü də siliblər.

Lakin Laçın-Xankəndi yolunun açıq olduğuna və Azərbaycan tərəfinin bu yolla sərbəst hərəkəti təmin etdiyinə dair danılmaz faktlar növbəti dəfə ermənilərin uydurduqları qondarma "blokada"nın olduğuna dair təbliğatını yerindəcə susdurub. Həmçinin xatırlatmaq yerinə düşər ki, məhz Ermənistan tərəfi Ağdam-Xankəndi yolu ilə humanitar yüklərin çatdırılmasından imtina edib, çünki "Novaya qazeta"nın müxbirinin də qeyd etdiyi kimi, ermənilərin cəfəng arqumentləri tamaşadan başqa bir şey deyil. Yəni, yalan ayaq tutsa da yeriyə bilməyib.

Xatırladaq ki, "Novaya qazeta" nəşri dediyimiz kimi, bundan əvvəl də açıq-aşkar şəkildə Azərbaycan əleyhinə məqalələr dərc edib. Bir il bundan əvvəl jurnalist Yan Şenkman Zabux (bir hissəsi Ermənistan tərəfindən işğal olunmuşdu, artıq işğaldan azad edilib) kəndinin erməni sakinlərinin guya daimi şəkildə mənəvi iztirablara, basqınlara, hədə-qorxulara və Azərbaycan Ordusunun bölmələri tərəfindən atəşə məruz qaldıqlarına dair təxribatçı material yazması üçün kəndə göndərilib.  "Novaya qazeta"nın müxbiri öz ampluasında qalaraq  Ermənistan tərəfindən Azərbaycana qarşı başladılmış müharibə nəticəsində ayrı-ayrı bölgələrdə soyqırımlar törədilməsi, şəhər və kəndlərimizin yandırılıb külə döndərilməsi, sərvətlərimizin daşınıb Ermənistana aparılması, bir milyondan yuxarı azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi faktları barədə susub. Çünki onu Zabuxa həqiqətləri yazmağa “komandirovka” etməmişdilər. Qarşısına bir vəzifə qoymuşdular ki, haqsız hayları haqlı çıxarsın, “ermənilər blokada boğulurlar” deyib bağırsın, bunun da bütün günahlarını azərbaycanlıların üzərinə yıxsın. Təbii ki, onların bu hərəkətləri milçəyin ürək bulandırmasından o yana keçməyib.

Ancaq baş verənlər onu da göstərir ki, kar qulaqlar doğrunu eşitməyə, kor gözlər həqiqəti görməyə başlayıb. Tək-tük qalmış alaq otları isə məhv olub sıradan çıxmaqdadır. Həm də Yelena Romanovanın şəxsində görürük ki, Rusiyada Azərbaycanın haqq işini dəstəkləyənlərin sıraları getdikcə genişlənir. Onlar başqalarına da əsl həqiqətləri çatdırmaqla və ermənilərin yalanlarını ifşa etməklə  bizə vacib bir kömək göstərirlər. Qələmləri iti olsun!

Vəli İlyasov, “İki sahil”