Tarixi şəxsiyyətləri bəzən təsadüflər yetişdirir. Əgər həmin təsadüflər baş verməsəydi onlar da dünyanın milyardlarla insanından biri kimi yaşayar və öz siravi statusları ilə dünyadan köçərdilər. Elə tarixi şəxsiyyətlər də var ki, onların ömür yolu hər hansı təsadüflərlə bir araya sığmır, bu yolun hər bir addımında onların qolunun qüvvəsi, alın təri, mübarizə əzmi var.
Heydər Əliyev dünyanın bütün azərbaycanlıları üçün Azərbaycanın coğrafi məkanında, milli təfəkkür, milli adət-ənənələr, milli təhsil-tərbiyə mühitində ən yüksək məqama çatmış mükəmməl insan nümunəsidir. Hər bir azərbaycanlı uğur əldə etməyi də, uğursuzluqla qarşılaşan zaman tab gətirməyi də, həyatı cani – kökdən sevməyi də, onun hər bir gözlənilməzliyinə hazır olmağı da məhz Heydər Əliyevin həyatından öyrənə bilər.
Ulu Öndər Heydər Əliyev onda da hesab edirdi ki, azərbaycanlılar dünyanın ən yaxşı yaşayan xalqlarından biri olmalıdır. Yer üzündə Azərbaycan adlı bir dövlətin, bir xalqın varlığından hər kəs xəbər tutmalıdır. Azərbaycanın ictimai fikir tarixində böyük rolu olmuş insanların xatirəsi uca tutulmalıdır, milli–mənəvi dəyərlərimiz göz bəbəyi kimi qorunmalıdır. Azərbaycan dili hər bir azərbaycanlının təfəkkür dili olmalıdır. Ən gözəl memarlıq abidələri məhz Azərbaycanda ucaldılmalıdır .
Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Müasir müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır.
Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi və ideyalarından bəhrələnən Azərbaycan gəncliyi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursunu dəstəkləyir, bu siyasətin davamlı olmasını istəyir.
Aliyə Orucova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
Real hədəflər və zəngin layihələr: İrəliləmək üçün çox dəqiq fəaliyyət planı var