28 avqust 2023 22:35
344

“Metsamor” qapımızın ən böyük təhlükəsidir

“Ermənistanda bu gün heç bir ekoloji norma və standartlar gözlənilmədən aparılan dağ-mədən sənayesi işlərində ətraf mühitə ciddi zərər vurulur, ekoloji fəsadlar yaranır.”

Bu, "Ermənistan Respublikası ərazisindəki hasilat mədənlərinin kosmik monitorinqinə dair hesabat"da öz əksini tapıb. Hesabatda qeyd olunub ki, bu barədə Ermənistanın öz mətbuatında çoxlu neqativ məlumatlar işıqlandırılır. Ermənistanda mədən sənayesinə yatırılan investisiyanın həcmi artsa da, bu proses ekoloji vəziyyətin sürətli şəkildə məhvi ilə müşayiət olunur. Mədən sənayesində davam edən fəaliyyət region ölkələrinin ekoloji durumuna təsirsiz ötüşmür. Mədənlərin bir çoxunun su mənbələrinin yaxınlığında yerləşməsi ətraf mühit üçün zərərli hesab edilən kimyəvi tullantıların çaylara axıdılmasına gətirib çıxarır. Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70 faizi qonşu ölkələrdə formalaşıb, transsərhəd su axınları hesabınadır. Ermənistan coğrafi baxımdan Azərbaycandan keçən çayların hövzəsində yerləşdiyinə görə onun ərazisində həyata keçirilən mədən sənayesi üzrə hər hansı bir tədbir ekoloji baxımdan mütləq ölkəmizə təsir edir. Ermənistan Espoo Konvensiyasının üzvü kimi ölkə ərazisində aparılan hansısa fəaliyyət barəsində məsləhətləşməli və bir çox hallarda Azərbaycanın razılığını almalı, razılıq əldə ediləndən sonra hansısa fəaliyyət həyata keçirilməlidir.

Bu gün ermənilərin özləri ekoloji terror törətdiklərini etiraf edir. Ermənistan Respublikası ərazisində hasilat mədənlərinin fəaliyyəti heç bir normaya uyğun olmayıb. Bu günə qədər ölkəmiz tərəfindən dəfələrlə beynəlxalq təşkilatlara məlum problemlə bağlı müraciət olunub. Ancaq bu günə kimi Ermənistana “gözün üstə qaşın var” deyən olmayıb. Nəzərə almaq lazımdır ki, Ermənistanda uzun müddət “Metsamor” Atom Elektrik Stansiyası (AES) fəaliyyət göstərib. Məhz bu stansiyanın fəaliyyəti bölgənin ekoloji durumuna ciddi təsir edib.

Qeyd edək ki, Metsamor AES Ermənistanın Türkiyə ilə sərhədindən 16 km aralıda yerləşir. Gücü 408 MVt olan 2 ədəd VVER-440/230 tipli reaktorlardan biri işləkdir. Elektrik stansiyası Ermənistanın paytaxtı İrəvandan 32 km, Qarsdan 100 km və İqdırdan 30 km məsafədədir. Elektrik stansiyasının birinci reaktoru 1976-cı ildə, ikincisi isə 1980-ci ildə istismara verilib. 1988-ci ildə Spitak zəlzələsində zədələnməsə də, əhalinin təzyiqi və etirazları nəticəsində stansiyanın hər iki reaktoru bağlanıb. 1993-cü ildə Ermənistan hökuməti enerji böhranı ilə əlaqədar ikinci bloku yenidən işə salmaq qərarına gəlib və bəzi təkmilləşdirmə işlərindən sonra aqreqat 1995-ci ildə istismara verilib. 2005-ci ildə planlaşdırılan istismar müddətini başa vuran elektrik stansiyasının istismar müddəti 2016-cı ilə qədər uzadılıb. 2016-cı ildə elektrik stansiyasının istismar müddətini 2026-cı ilə qədər uzatmaq planlaşdırılırdı. 2018-ci ildə 2036-cı ilə qədər uzadılmasının planlaşdırıldığı açıqlanıb. Müxtəlif mənbələrə görə AES bu gün dünyada mövcud elektrik stansiyaları arasında ən təhlükəli reaktorlardan biridir. Onun tikintisi zamanı sovet alimləri və Ermənistandakı dairələr stansiyanın nasazlıq xəttində yerləşməsi və su ehtiyatlarına sızma ehtimalı olması səbəbindən onun tikintisinə qarşı çıxırdılar.

Mütəxəssilərin fikirlərinə görə, bir sıra fundamental amillər o cümlədən də təhlükəsizlik nöqteyi-nəzərindən “Metsamorun” AES-in fəaliyyətinin davam etdirilməsi mümkünsüzdür. Birincisi, “Metsamor” keçmiş SSRİ-nin köhnə texnologiyası əsasında inşa olunub. Ötən 47 ildə isə avadanlıqlar həm də texniki cəhətdən aşınıb və yararsız hala gəlib. Eyni zamanda, bu AES 11 ballıq zəlzələ riski olan zonada yerləşir. AES-in ətrafında mövcud olan 5 tektonik qırılmadan biri stansiyanın cəmi 500 metrliyindədir. Yəni, aşağı bal gücündə zəlzələ AES-də zədələnmələrə və beləliklə də təhlükəli maddələrin sızmasına yol aça bilər. Üstəlik, idarəetmədəki nöqsanlar da “Metsamor”un fəaliyyətinin dayandırılmasını zərurətə çevirir. Bu, ilk növbədə kadrların səriştəsizliyi ilə bağlıdır. Vacib məqamlardan biri də  AES-in idarəçiliyində hesabatlılığın və şəffaflığın olmamasıdır. Ermənistan hökuməti AES-dən çıxan nüvə tullantılarının daşınmasını və utilizasiyasını necə həyata keçirdiyini məxfi saxlamağa üstünlük verir. 44 günlük müharibədən əvvəl “Metsamor”un nüvə tullantılarının Azərbaycanın işğal altındakı ərazilərində basdırıldığına dair məlumatlar yayılmışdı. Ermənistan hökuməti bu məlumatları təkzib etmədi...  Təsadüfi deyil ki, “Metsamor”un istismarının davam etdirilməsi ilə bağlı Azərbaycan da daim həyəcan təbili çalır. Metsamorun fəaliyyətinin davam etdirilməsi qardaş Türkiyədə də narahatlıqla izlənilir. Türkiyəli mütəxəssislərin son təhlillərinə görə, AES-in radiasiya ilə çirklənən suları yeraltı sular ilə qarışmaqda davam edir. Bu da Türkiyənin İğdır vilayətində yaşayan əhalinin sağlamlığına ciddi zərər verir. Xatırladaq ki, 2022-ci ilin avqustunda Türkiyənin həmsərhəd Qars vilayətində “Metsamor”da “mümkün qəza” halı ilə bağlı təlim keçirilib.   Təlim Qars vilayətinin Fövqəladə Hallar İdarəsinin əməkdaşları tərəfindən reallaşdırılıb. Təlimin məqsədi radioaktiv tullantıların sızması zamanı görüləcək tədbirləri təcrübədən keçirmək olub.

Bu günlərdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İğdırdan olan deputatı Cantürk Alagöz də “Metsamor” AES-in bağlanmasını tələb edib. “Metsamor” qapımızın ən böyük təhlükəsidir” deyən deputat əlavə edib ki, İqdırın 30 kilometrliyində yerləşən stansiya köhnə texnologiya ilə tikilib və ilk növbədə, Türkiyə, Ermənistan, Azərbaycan, Gürcüstan və İran üçün böyük təhlükə yaradır. Bu stansiya 2005-ci ildə bağlanmalı olsa da, 18 ildir ki, təmir adı altında işləyir: “Xalqımız üçün həssas olan bu təhlükəni Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Türkiyə Böyük Millət Məclisi və dünya ictimaiyyətinin diqqətinə çatdıracaq, stansiyanın bağlanmasına çalışacağam. İnsanlığa qarşı törədilən bu cinayət qarşısında Ermənistan xalqı da çox narahatdır və əziyyət çəkir. Ermənilər də bu elektrik stansiyasının bağlanmasına etiraz edirlər. Ermənistanın enerjisinin 27 %-ni təmin edən bu stansiya bütün cəhdlərə baxmayaraq, fəaliyyətini dayandırmır”. Millət vəkili Cantürk Alagöz sözlərinə belə davam edib: “Ermənilər düşmənçiliklərini dayandırmalı, uzadılan sülh əlini sıxıb bölgənin sülh və təhlükəsizliyini bərqərar etməlidirlər. Axı, Metsamor Elektrik Stansiyası dağılanda Ermənistan deyilən yer qalmayacaq. Daim deyirlər ki, bölgəmizdə xərçəng xəstəliyi intensivdir. Hadisələrin artmasına səbəb kimi də “Metsamor” göstərilir. İqdır Dövlət Xəstəxanasında Onkologiya şöbəsinin açıqlamasını da təmin edəcəyəm. Demək istəyirəm ki, stansiyaya görə təhlükə altında olan əsas ölkə Ermənistandır. Amma sülh olsa, həm Türkiyə, həm də Azərbaycan bu 27%-lik enerji kəsirini ödəyə bilər”.

Nigar Orucova, “İki sahil”