29 avqust 2023 02:13
507

Separatçı rejim təxribatlarından əl çəkmir

Bütün hallarda rəsmi Bakı istəyinə nail olacaq

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaşların cəmiyyətimizə inteqrasiyası günün tələbidir. Əks halda, bölgədə əmin-amanlıqdan söhbət gedə bilməz. Amma ölkəmizə qarşı hər gün təxribatlar törədən Xankəndidəki terrorçu-xunta rejimi buna qarşı çıxır, üstəlik, müxtəlif şərtlər irəli sürür. Məsələn, bu günlərdə separatçıların qondarma "dövlət naziri"nin qondarma "müşaviri" Artak Beqlaryan bildirib ki, Laçın yolu tam açılmalı, təhlükəsizlik təminatları təmin olunmalıdır. Separatçı bildirib ki, onlar Ağdam yolundan istifadəni güzəşt hesab etmirlər. Xankəndidə qanunsuz fəaliyyət göstərən “Ardarutyun” “partiyası”nın rəsmisi Armen Petrosyan  isə iddia edib ki, guya bu yolun açılması təhlükəlidir: “Əgər Ağdam yolu işə düşərsə, Azərbaycan Qarabağı daha tez nəzarətinə alacaq. Çünki iqtisadi inteqrasiya müharibədən daha təhlükəli hadisədir”.

Amma bu,  həqiqətdir ki, artıq Azərbaycanın qətiyyətli mövqeyi separatçı rejimin “rəsmilərinə” təsirini göstərməkdədir. Belə ki, separatçılar  arasında konfliktlər, narazılıqlar açıq müstəviyə keçməkdədir. Qondarma rejimin qondarma “prezidenti” Araik Arutyunyanla  Ruben Vardanyan arasındakı konflikt pik həddinə çatıb. Hətta avqustun 28-də saat 03:05-də qondarma rejimin başçısı Araik Arutyunyanın  iqamətgahı silahlı basqına məruz qalıb.

Amma iddialarla kifayətlənməyən separatçıların aralarında müəyyən kofliktlərin olmasına baxmayaraq, əməli fəaliyyətə də keçiblər. Belə ki, bu ünsürlər “Laçın dəhlizinin açılması uğrunda” adlanan qondarma “xalq hərəkatı qərargahı”  təşkil ediblər. Üstəlik, hərbi mövqelərini gücləndirir, əhalini döyüşə hazırlayırlar. Azərbaycan torpaqlarında milli sərvətlərimizin qanunsuz istismarı ilə öz varidatını artıran rusiyalı erməni milyarder  Ruben Vardanyanın rəhbərlik etdiyi qondarma “artsax təhlükəsizlik və inkişaf komitəsi” gənclərə təlimlər keçməyə başlayıb. Təlimlər “ekstremal şəraitdə yaşamaq bacarıqları” adı altında keçirilir. Şübhəsiz, “ekstremal şəraitdə yaşamaq” adı altında erməni gənclər Azərbaycan Ordusuna qarşı təxribat hücumlarına hazırlaşdırılır. Araik Arutyunyanın dostu Karen Matevosyan isə “Yerli özünümüdafiə qüvvələri” adlı terror qruplaşması formalaşdırıb və s.

Halbuki Azərbaycan öz suveren ərazisində istədiyini etmək, daha doğrusu, qayda-qanun yaratmaq hüququna malikdir. Ağdam-Xankəndi marşrutunun təklif edilməsi, həmçinin reinteqrasiya Qarabağdakı mülki ermənilərin problemlərinin həlli məqsədini daşıyır. Bu mənada belə açıqlamalar, həmçinin hazırlıqlar bölgədə yeni reallıqlar yaratmış Azərbaycana meydan oxumaq kimi qəbul edilə bilər. Rəsmi Bakının heç bir şərtlə və formatla, yəni heç bir vasitəçi ölkənin iştirakı ilə danışıqlar aparmayacağını, reinteqrasiya müzakirələrinin yerli erməni icmasının nüfuzlu nümayəndələri, başqa sözlə desək, Qarabağın erməni sakinlərinin öz aralarından seçiləcək  adi vətəndaşlarla aparılacağını  dərk edən separatçılar anlayırlar ki, belə danışıqların başlanılması onların qondarma rejiminin tamamilə çökməsi demək olacaq. Odur ki, Azərbaycan xalqına qarşı cinayətlər törətmiş həmin ünsürlər Ermənistanın və onun havadarlarının müəyyən “məsləhətləri” ilə rejimin ömrünü uzatmaq məqsədilə bütün mümkün təxribatlar, açıqlamalar üzərində baş sındırırlar. Bununla  onlar bölgənin sadə erməni sakinlərini reinteqrasiyadan yayındırmağa çalışırlar.

Yeri gəlmişkən qeyd edək ki, Xankəndidəki separatçıların avqustun 25-də rəsmi Bakı ilə görüşün təşkil edilməsi üçün Rusiyaya ünvanladığı müraciət hələ də cavabsız qalıb. Separatçıların qondarma “dövlət naziri” Qurgen Nersisyan görüşün “təhlükəsiz yerdə” keçirilməsini istədiklərini açıqlamışdı. Separatçılar “təhlükəsiz yer” dedikdə Bakının təklif etdiyi əraziləri – Bərdə, yaxud Yevlax şəhərlərini istisna edir, daha çox Rusiya sülhməramlılarının nəzarətində olan yerdə danışmaq istəyirlər. 

Amma separatçılar yenə də unudurlar ki, Azərbaycan qalib dövlətdir. İndi şərtləri rəsmi Bakı diktə edir. Ona görə də kimsə ölkəmizə qarşı şərt irəli sürə və yaxud bizimlə təzyiq dilində danışa bilməz. Prezident İlham Əliyevin Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində bir daha bildirdiyi kimi,  biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. BMT Təhlükəsizlik Şurasının iclasında heç bir qətnamə, bəyanat, yazılı açıqlama olmaması da göstərdi ki, Azərbaycanın mövqeyi haqlıdır. Bu mənada beynəlxalq münasibətlərdəki hazırkı status-kvo rəsmi Bakıya qarşı sərt təzyiq siyasəti formalaşdırmağa imkan vermir.

Qarabağda gərginliyin artdığı bir dönəmdə Azərbaycan xoşniyyətli fəaliyyətini davam etdirir. Ağdam-Xankəndi yolu irihəcmli yüklərin daşınması üçün tam hazır vəziyyətə gətirilir. Azərbaycan həm də reinteqrasiya prosesini sürətləndirmək məqsədilə əməli addımlar atmaqdadır. Son illər Azərbaycan düşünülmüş siyasəti ilə istər hərb meydanında, istərsə da danışıqlar masası arxasında nələrə nail olmayıb ki… İnşallah, rəsmi Bakı növbəti istəyinə də nail olacaq!

Qvami Məhəbbətoğlu, “İki sahil”