Azərbaycanin müstəqilliyinə ağır zərbə vurmağa hazırlaşan bədnam "talış-muğan respublikası”nın iflasa uğramasından otuz il keçir. Bu matəmi kim qeyd etsə yaxşıdır? Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərinin ermənipərəst rəhbərliy! Görəsən, separatçı rejimin bu şəhərlə və onun administrasiyası ilə nə əlaqəsi var? Bu şəhərin ictimaiyyətinin bəzi nümayəndələrinin ermənilərlə birgə bardaş qurub ağlayıb-sızlamalarının mənası nədir və bunun sifarişçisi kimdir? Görəsən biz də vaxtilə Uzaq Şərq vilayətlərinin çar Rusiyası tərəfindən işğal tarixlərini yad etmək üçün məclislər keçirsək həmin şəxslər necə qarşılayarlar? Ya da Kuril adalarının Yaponiyaya məxsus olduğunu dəstəkləsək həmin yığıncaq iştirakçılarına necə təsir bağışlayar?
Sözügedən tədbir Əlikram Hümbətovun vaxtilə zəncirinin kim(lər)in əlində olduğunu açıq-aşkar göstərir. Yoxsa hər polkovnikin cəsarəti çatmaz ki, başına quldur dəstəsi yığıb müstəqil bir dövləti parçalamağa girişsin. O, əvvəlcə ondan başladı ki, müdafiəmizin kövrək yerində briqadasının qorumalı olduğu əraziləri ermənilərə buraxıb geri çəkildi. Hər kəsin satqın kimi tanıdığı və nifrət etdiyi Əlikram ölkəmizin cənub bölgəsində bir sıra cinayətlər törətdi. Günahsız həmyerlilərini utanmadan həbsə atdırdı, tərəfini tutmayanları bölgədən qovub çıxardı, nahaqdan həbs etdirdiklərinə işgəncələr verdirdi, dövlət qurumlarını bir neçə ay iflic vəziyyətinə saldı. Düzdür, Hümbətovun arzuları elə ürəyindəcə qaldı. Amma təəccüblü orası idi ki, 1993-cü ildə onu bizə qarşı qısqırdanlar kölgədə gizlənir və pusquda nəticə gözləyirdilər. Nəticə isə başqa cür oldu. Ulu Öndərimiz Heydər Əliyevin bir çağırışı ilə xalqımız yollarını azmış separatçıları, vətən xainlərini süpürüb atdı. Xain Əlikram Hümbətov oğlu ilə bərabər bir müddət İrəvanda yaşayaraq orada Azərbaycan əleyhinə təbliğatlar apardı, yəni ermənilərlə "qardaş" olduğunu sübut etdi. Axırı məlumdur. Elə qürbətdə də öldü.
Ancaq üstündən otuz il keçməsinə baxmayaraq bu hadisələrlə bağlı tamamilə dəxli olmayan yerlərdən və insanlardan mənfi reaksiyalar gəlir. Bu günlərdə Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) etiraz notası göndərib.
KİV-lərin məlumatına görə, nota cari ilin 7 avqust tarixində Yekaterinburq şəhərində qondarma “talış-muğan muxtar respublikası"nın yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbirlə bağlıdır.
Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı təşkil olunan bu tədbirlə əlaqədar səfirlik tərəfindən Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası ünvanlanıb və səfir Polad Bülbüloğlu Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevə Azərbaycanın prinsipial mövqeyini və qəti etirazını əks etdirən məktub göndərib. Həmçinin Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski şəhərin müvafiq inzibati orqanlarına müraciət ünvanlayıb.
Rusiya tərəfinə bu kimi təxribat xarakterli tədbirin təşkilinin və burada Yekaterinburq Şəhər Dumasının sədri İqor Volodinin qonaq qismində iştirakının qəbuledilməz olduğu bildirilib, ölkənin hakim partiyasının təmsilçisinin bu addımının separatçılığı təşviq etdiyi, Azərbaycan-Rusiya qarşılıqlı müttəfiqlik əlaqələrinin mahiyyətinə kökündən cavab vermədiyi, habelə ikitərəfli əməkdaşlığa zərbə vurduğu diqqətə çatdırılıb.
Qarşı tərəfdən İqor Volodin və tədbirin təşkilatçıları ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi, gələcəkdə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı atıla biləcək bu cür təxribat xarakterli addımların qarşısının qətiyyətlə alınması təkidlə xahiş olunub.
Hazırda səfirlik Rusiya tərəfinin rəsmi cavabını gözləməkdədir. Çox güman ki, qarşı tərəf özünü sığortalamağa çalışacaq, kimlərəsə yüngülvari təhniz-töhmət edəcək. Ancaq bu, qaneedici ola bilməz. Azərbaycanın daxili işlərinə qərəzli surətdə qarışanlar, dövlətlərarası münasibətləri pozmağa çalışanlar, separatçılara qol-qanad verənlər ciddi cəzalandırılmalı və yerlərində oturdulmalıdır. Hazırda bütün rusları Ermənistandan qovan, Rusiyanın Gümrüdəki hərbi bazasını, Azərbaycanın Qarabağ iqtisadi rayonunda rus sülhməramlı kontingenti və sərhəd qoşunlarını isə qovub çıxarmağa çalışanlara məhəbbət və sadiqlik nədən qaynaqlanır? Bəlkə bu adamlar ermənilərlə Rusiyaya da qarşı birləşiblər? Axı, Əlikram Hümbətov erməni separatçıları ilə işbirliyində idi.
Görünən odur ki, tədbirin təşkilatçıları öz ölkələrinə də qarşı separatçılıqla məşğuldurlar. Rusiya Prezidenti Vladimir Putini həbs etməyə razılıq vermiş və beynəlxalq təşkilat qarşısında bunu öhdəlik götürmüş Ermənistanla isti münasibət buna dəlalət edir. Onlar ya ağıllarını tamamilə itiriblər, ya da bilərəkdən belə pozucu fəaliyyətə qurşanıblar. Ancaq ağlını itirənlərə oxşamırlar, sadəcə mürəkkəb şəraitdən baş çıxara bilməyərək yollarını azıblar. Rusiyanın xüsusi xidmət orqanları ikili xəyanət edənlərin məqsədlərini araşdırsalar bu və ya digər zərərli meyillərin qarşısını vaxtında ala bilərlər.
Vəli İlyasov, “İki sahil”