28 avqust 2023 23:33
556

Riyakarlıq

tofiq yaqublular Böyük Qayıdışdan ciddi narahatdırlar

Dəfələrlə yazmışıq ki,  əslində konstruktiv  və tərəqqipərvər müxalifətin ölkənin inkişafında xüsusi məsuliyyət payı var. Ancaq çox təəssüf ki, bu müsbət tendensiyaları AXCP sədri Əli Kərimlinin inhisarında saxladığı radikal müxalifət haqqında demək mümkün deyil. Ona görə ki, onun ən yaxın silahdaşları Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, Fuad Qəhrəmanlı kimiləri tamamilə dağıdıcı bir mövqedən çıxış edərək antiAzərbaycan qüvvələrlə istənilən formada və zamanda həmrəylik göstərirlər.

Xüsusilə Müsavat Partiyasının  və qondarma «Milli Şura»nın funksionerlərindən  üzvü Tofiq Yaqublu erməni baltasına sap olmağın pik nöqtəsinə yüksəlmiş bir vətənsizdir. İkinci Qarabağ  müharibəsindəki tarixi Qələbəmizi məğlub ermənilər nə qədər həzm edə bilmirlərsə, Tofiq Yaqublu da eyni  səviyyədə  qəbul edə bilmir. 44 günlük   müharibədən sonra yaranan reallıqlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bununla bağlı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda Ermənistanın üzərinə öhhdəlik qoyulub. Bu dəhlizin açılmaq gerçəkliyi  Ermənistanı nə qədər təşvişə salırsa, bir o qədər də Tofiq Yaqublunu narahat edir. Məsələn, o, Zəngəzur dəhlizi ideyasını «Azərbaycan dövlətinin avantürası» adlandırır. Ancaq anlamır və yaxuddaki anlamaq istəmir ki, birincisi, Zəngəzur dəhlizi Azərbaycanın milli məsələsidir. İkincisi, Zəngəzur dəhlizinin açılması ölkəmizə yeni siyasi-dipomatik qələbələr və iqtisadi imkanlar vəd edir.

Görünən odur ki, Tofiq Yaqublu və onun «əqidədaşları» Azərbaycana qarşı qərəzli mövqeləri ilə seçilən dairələrdən qrant qoparmaq üçün erməni lobbisi və revanşistlərlə eyni tezisləri paylaşırlar. Burada haqlı suallar da yaranır ki, tofiq yaqublular niyə bir dəfə də olsun  Ermənistanda faşist Njde Qaragenə heykəl qoyulmasına etiraz etməyiblər? Nədən Fransa Prezidenti Emmanuel Makronun və Fransa parlamentinin anti-Azərbaycan çıxışlarına və qərarlarına bir dəfə də olsun etiraz etməyiblər? Cavab bəllidir. Ona görə ki, qəlblərində Azərbaycan dövlətinə və xalqına bir kin tüğyan edir. Hər necə olursa- olsun hakimiyyətə gəlmək ehtirası onların qəlbində dərin nifrət yaradıb. Onlar bu rəzilliklərinə görə, Azərbaycanın güclənməsindən, regionun qüdrətli dövlət olmasından narahatdırlar.

Tofiq Yaqublunun daha bir rəzilliyi isə 26 avqust «Laçın Şəhər Günü» ilə bağlı Prezident İlham Əliyevin də iştirak etdiyi bayram tədbirlərinə və atəşfəşanlığa qısqanclıqla yanaşmasıdır. Yaqublu sosial şəbəkə üzərindən Böyük Qayıdışı nağıl adlandırır və insanları bu nağıllara inanmamağa səsləyir. Bu, adam hələ də anlamır ki, Böyük Qayıdış artıq həyat keçirilir və keçmiş məcburi köçkünlər işğaldan azad edilmiş rayonlarda yeni və xoşbəxt həyatlarına başlayıblar. Ermənistan  mətbuatının yazdığına görə, ermənilər Laçındakı atəşfəşanlığı və təntənəni özlərinin yas günü adlandırıblar. Onlar bu kimi möhtəşəm tədbirlərdən sonra ölkələrinin acizliyini,  özlərinin isə «böyük millət» ideologiyasının eyforiyaya uğradığını dilə gətirirlər. Bu məntiqdən çıxış etsək Laçındakı bu bayram təntənəsi Tofiq Yaqublunun və onun «kruqu»nun da acı günlərindən biridir.

Bundan başqa, Tofiq Yaqublunun hayların nökəri olmasını təsdiqləyən onun erməni hərbi təxribatlarına qarşı ordumuzun qisas əməliyyatlarına iftira atmasıdır. Belə ki, ötən ilin sentyabrın 12-si və 13-ü tarixlərində ermənilərin hərbi təxribatları nəticəsində xeyli hərbçimiz şəhid oldu. Azərbaycan Ordusu qisas əməliyyatları keçirərək Ermənistan ordusununın hərbi məntəqələrini və qərargahlarını darmadağın etdi.

Bununla da şəhidlərimizin qisası ikiqat alındı. Bundan narahat olan ermənilər Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyası başlatdılar. Xaricdə erməni lobbisi, daxildə isə tofiq yaqublular bizim haqq işimizə qara yaxmaqla məşğul oldular. Şəxsən Yaqublu iddia edirdi ki, guya ordumuz hələ heç bir demarkasiya və demilitasiya aparılmayan sərhəd xəttində Ermənistanın ərazisinə keçib və buna görə beynəlxalq aləm bizi qınayacaq, bunun ziyanını çəkəcəyik. O, bu kimi cəfəng bəyanatları dövriyyəyə buraxmaqla «ağa»larına növbəti ayı xidməti göstərmiş oldu.

Şübhəsiz, dünya erməniliyi ilə işbirliyində olanların iç üzləri getdikcə daha çox açılır. Nəticədə onların ermənilərlə birgə fəaliyyət göstərdiklərini cəmiyyətimiz daha aydın şəkildə görür. Ona görə də xalqımız «Azərbaycana nə qədər pisdirsə, bizim üçün bir o qədər yaxşıdır» prinsipi ilə silahlanmış bu antimilli ünsürlərə qarşı prinsipial və barışmaz mövqe nümayiş etdirməklə onlara layiq olduqları yerləri göstərir. Ölkə başçısının dediyi kimi, erməni lobbisinin və anti-Azərbaycan dairələrin çirkli pulları ilə bəslənən bu antimilli ünsürlərin yeri məhz tarixin zibilxanasıdır.

Ən sonda Tofiq Yaqublunun necə bir riyakar tip olduğunu bir zamanlar yazdığı bu statusundan da anlamaq olar: «Biz Paşinyanın adamlarıyıq, Ermənistanın adamlarıyıq. Biz Ermənistanı təbliğ edirik, Paşinyanı təbliğ edirik. Məsələn, şəxsən mən nədən yazıram - ekologiyadan, filologiyadan, hərləyib, fırlayıb məntiq axtarıb, onu calayıram İlham Əliyevə…»

Elçin Zaman, «İki sahil»