29 avqust 2023 00:46
459

Kaspşik hansı üzlə Bakıya gəlmək istəyirdi?

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də ölkəmizə baş çəkmək niyyətində idi. Belə ki, ötən həftə o, ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin şəxsi təşəbbüsü ilə İrəvana gəldi və orada Baş nazir Nikol Paşinyan, eləcə də xarici işlər naziri Ararat Mirzoyan da daxil olmaqla bir sıra görüşlər keçirdi. Gö­rüşdə bölgənin təhlükəsizliyi ilə bağlı məsələlər  müzakirə edilib. Bununla bağlı ATƏT tərəfindən “dəhşətli humanitar fəlakətin fəsadlarının qarşısı­nı almaq” istiqamətində effektli addımların atılmasının vacibliyi bəyan olunub. Erməni konyakından məst olan Kaspşik məhz bu dezinformasiyalar əsasında bir daha öz ermənipərəst mövqeyini ortaya qoyub. Bununla yanaşı, o, Gorusun Laçınla həmsərhəd Kornidzor kəndindən durbinlə Laçın sərhəd-buraxılış məntəqəsini və Azərbaycan ərazilərini müşahidə edib. Və Laçın yolu ilə bağlı məruzəsi üçün materiallar toplayıb: "Laçın dəhlizində olmaq istədim, alınmadı. Amma sərhəddəki bölgələrə baş çəkdim, situasiya ilə tanış oldum. Ümumiyyətlə, görüşlərim çox oldu. Geri dönərək buradakı vəziyyətlə bağlı məlumat verəcəyəm”.

Kaspşikin öz məruzəsində nələri əks etdirəcəyini dəqiq demək çətindir. Amma onu demək olar ki, hayların sadiq qulu olan  Kaspşik  yenə də onlara sədaqətini nümayiş etdirəcəyi şəksizdir. Yəqin ki, bir zamanlar onun keçmiş ATƏT-in Minsk Qrupunun tərkibində Azərbaycan-Ermənistan sərhədində necə monitorinqlər aparmasını və necə hesabatlar hazırlamasını xatırlayırsınız. Təkcə bir faktı diqqətə çatdıraq ki, polşalı “diplomatın” hazırladığı hesabatların ha­mısı Azərbaycanın əleyhinə, Ermənistanın və Qarabağdakı separatçı rejimin xeyrinə olub. Bir sözlə, münaqişənin həllində heç bir rol oynamayan, artıq tarixin arxivinə göndərilmiş Minsk qrupu, həmçinin Kaspşik  ölkəmizə belə xidmət edib. Odur ki, 44 günlük Vətən müharibəsindən sonra artıq ATƏT-in Minsk qrupu adlı bir uğursuz qurumun fəaliyyətinə heç bir ehtyac yoxdur. Bu məqamda Prezident İlham Əliyevin aşağıdakı sözlərini xatırlatmaq yerinə düşər: “Beləliklə, mən öz mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur”. Bunu Kaspşik də bilməmiş deyil. Elə isə görəsən 28 il bizə nağıllar danışan  Kaspşik hansı üzlə Bakıya gəlmək istəyirdi? Elə ona görə şərti sərhəddə binoklla Azərbaycan tərəfə baxa-baxa qaldı.

Qvami Məhəbbətoğlu, “İki sahil”