29 avqust 2023 01:14
347

Müttəfiqlik münasibətlərinə zərbə!

Rusiyanın öz ərazisində Azərbaycan əleyhinə təxribat xarakterli tədbirlər keçirilməsinə şərait yaratması yolverilməzdir

Azərbaycan müxtəlif dinlərə sitayiş edən müxtəlif millətlərin nümayəndələrinin mehriban, dostluq və qardaşlıq şəraitində yaşadığı bir ölkədir. Bizdə heç kim milli mənsubiyyətinə görə fərqləndirilmir. Xalqımız Azərbaycanın maraqları naminə hər zaman dövlətimizin yanında, azərbaycançılıq məfkurəsi ətrafında yumruq kimi birləşməyi bacarıb, bu gün də elədir.

Otuz ilə yaxın erməni işğalında qalmış torpaqlarımızın azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmizi şərtləndirən ən mühüm amillərdən biri də, məhz sarsılmaz birliyimiz, bərabərliyimiz oldu. Bu məmləkətdə yaşayan Azərbaycan türkü də, talışı, ləzgisi, rusu, yəhudisi də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında silaha və müqəddəs üçrəngli bayrağımıza sarılaraq erməni işğalçılarına qarşı haqq savaşına qatılmağı özünə şərəf bildi. Respublikamızın milli azlıqların yaşadığı hər bölgəsi döyüşə göndərdiyi qəhrəmanları ilə qürurlandı, Vətən uğrunda verdiyi şəhidlərini “Təki Vətən sağ olsun!” deyib, başı uca, hörmətlə qarşıladı.  

Hələ müharibənin getdiyi günlərdə də Azərbaycandakı bu gün dünyanın demokratiyadan, insan haqlarından dəm vuran əksər ölkələri üçün nümunə göstərilə biləcək tolerantlıq mühiti, xalqımızın birliyi başda ermənilər olmaqla bütün düşmənlərimizi ciddi narahat edirdi. Həmin vaxt təkcə ermənilərin deyil, bir sıra digər qonşu dövlətlərin xüsusi xidmət orqanları öz casus şəbəkələri və müxtəlif sosial platformalar vasitəsilə təxribat xarakterli təbliğatlar apararaq Azərbaycanda etnik ayrı-seçkilik salmaq, münaqişə ocaqları yaratmaq üçün çox dəridən-qabıqdan çıxırdılar. Məqsəd müharibə fonunda yaranmış həssas məqamdan istifadə edərək xalqımızın birliyini pozmaq idi. Ancaq bütün düşmənlərin cavabını elə xalqımızın azsaylı millətlərinin nümayəndələri özləri verdilər. Təxribatların qarşısı yenə birliyimizlə alındı, hər kəsə göstərdik ki, indi ötən əsrin 90-cı illəri deyil, dövlətimizə və dövlətçiliyimizə qarşı çirkin oyunlar iflasa məhkumdur.

Heç bir ölkənin, o cümlədən qonşularının suverenliyini şübhə altına alan addımların atılmasına yol verməmək Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindəndir. Məntiqli şəkildə biz də qarşılığında eyni münasibəti gözləyirik və süverenliyimizə, ərazi bütövlüyümüzə qarşı hər hansı təxribat xarakterli davranış yolverilməzdir. Üstəlik belə təxribatların Azərbaycanla müttəfiq olan bir ölkədə - Rusiyada törədilməsi, təxribatçıların aidiyyəti qurumlar tərəfindən cəzalandırılmaması iki dövlət arasındakı əlaqələrin mahiyyəti ilə ziddiyyət təşkil edir.

Bir müddət əvvəl, avqustun 7-də Rusiyanın Yekaterinburq şəhərində qondarma “talış-muğan muxtar respublikası”nın yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbirin keçirilməsi, tədbirdə ölkənin hakim partiyasının təmsilçisi, Yekaterinburq Şəhər Dumasının sədri İqor Volodinin qonaq qismində iştirakı Azərbaycan-Rusiya əməkdaşlığına vurulmuş zərbədir.

Xatırladaq ki, 22 fevral 2022-ci il tarixdə imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə əsasən, Rusiya və Azərbaycan öz münasibətlərini iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiqlik əsasında qurmalıdırlar. Ancaq təəssüf ki, “talış-muğan muxtar respublikası”nın yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbir sözügedən Bəyannamənin müddəaları ilə də ziddiyyət təşkil edən ilk təxribat deyil. Bundan əvvəl də Rusiya tərəfindən müttəfiqliyə sığmayan addımların şahidi olmuşuq. Belə ki, dəfələrlə edilən rəsmi müraciətlərə və xəbərdarlıqlara rəğmən Rusiya Müdafiə Nazirliyi hələ də Azərbaycanın Qarabağ bölgəsindəki yer adlarını təhrif edərək erməni separatçılarının qoyduqları qondarma adlarla adlandırmaqdadır. Yeri gəlmişkən, Qarabağın ermənilər yaşayan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya “sülhməramlı” kontingentinin öz missiyasına zidd olaraq Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin təminat konvoylarını müşayiət etmələri, separatçılar tərəfindən ördumuzun mövqeləri ilə üzbəüz uzunmüddətli fortifikasiya qurğuları quraşdırmalarına şərait yaratmaları ilə bağlı kifayət qədər faktlar, videogörüntülər mövcuddur. Həmçinin son günlər yüzlərlə Rusiya vətəndaşı olan erməniəsilli şəxslərin həmin “sülhməramlı”ların müşayiəti ilə Laçın sərhəd-keçid məntəqəsindən Xankəndi-Gorus istiqamətində keçidi təmin edilib. Belədə suallar yaranır ki, bunca Rusiya vətəndaşı Qarabağa nə zaman və hansı məqsədlə gətirilmişdi? Niyə bu vaxta qədər Rusiya tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması təmin edilməyib? Niyə Azərbaycan tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq rus “sülhməramlı”lar sərhəd buraxılış məntəqəsi qurulana qədər uzun müddət ərzində Laçın yolundan istifadə etməklə aparılan qeyri-qanuni fəaliyyətin, Ermənistandan Azərbaycan ərazisinə hərbi təchizatın və minaların daşınmasının, üçüncü ölkə vətəndaşlarının icazəsiz əraziyə gətirilməsinin qarşısının alınması üçün heç bir tədbir görməmişdilər? Rusiya Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz kommunikasiyaların açılmasını niyə bugünədək təmin etməyib?

Zaman-zaman Rusiyanın bəzi dövlət və hökumət nümayəndələri, Dövlət Dumasının deputatları, jurnalistləri tərəfindən ölkəmizin suverenliyini, ərazi bütövlüyünü şübhə altına alan qərəzli çıxışlar edilir. Yaxud Rusiya Xarici İşlər Nazirliyinin Cənubi Qafqazda sülhə töhfə verməkdən daha çox Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi təsiri bağışlayan 15 iyul 2023-cü il tarixli bəyanatını xatırlayaq. Bütün bu qeyd edilənlər Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ilə ziddiyyət təşkil etmirmi? Axı həmin Bəyannamənin 7-ci bəndində qeyd olunur ki, Rusiya və Azərbaycan tərəflərdən birinin fikrincə, iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. İndi rəsmi Moskva bütün bu qeyd edilənlərin qarşılığnda Azərbaycanın öz öhdəliklərinə məsuliyyətlə yanaşmadığını göstərən tək bircə fakt səsləndirə bilərmi? Xeyr. Deməli, iki ölkə arasındakı münasibətlərdə nəsə düz deyil və bu nəsənin günahkarı da elə Rusiyadır.

Mahir Rəsuloğlu, “İki sahil”