26 avqust 2023 13:56
546

Füzuli şəhərində Özbəkistan tərəfindən məktəb binasının inşa edilməsi əsl qardaşlıq nümunəsidir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Türk dövlətlərinin birliyi kontekstində dövlətimizin başçısının bu səfəri tarixi səfər kimi dəyərləndirilməlidir”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fatma Yıldırım deyib. 

Deputat bildirib ki, səfər çərçivəsində prezidentlərin görüşü, aparılan müzakirələr, iki ölkə arasında mühüm sənədlərin imzalanması, dövlət başçılarının bir sıra mərasimlərdə iştirakı iki dost ölkə arasında münasibətlərin gələcəyi barədə aydın təsəvvür yaradır. Gələcəyin əsas hədəfi isə Azərbaycan və Özbəkistan arasındas əlaqələri daha da gücləndirməkdir. 

Millət vəkilinin sözlərinə görə, ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. İki ölkənin əlaqələrinin qurulmasında və inkişafında Ulu öndərimiz Heydər Əliyevin müstəsna rolu var. Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də xalqlarımızın əlaqələrinin güclənməsində müstəsna rol oynayır.

Fatma Yıldırım qeyd edib ki, Azərbaycan və Özbəkistan  dövlət başçılarının şəxsi münasibətləri, imzalanmış sənədlər bu səfərin ikitərəfli münasibətlərin inkişafında tarixi önəm kəsb etdiyini təsdiqləyir: “Səfər zamanı bir sıra sənədlərin imzalanması gələcək münasibətlərin, əməkdaşlığın əsas istiqamətlərinin aydın mənzərəsini yaradır. Bu baxımdan 2023-cü ilin nəticəli il olacağına böyük əminlik ifadə edildi. Səfər zamanı imzalanmış sənədlər Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldəcək.  Bütövlükdə, qarşıya qoyulan hədəflər türk birliyinin daha da güclənəcəyini təsdiqləyir.

Millət vəkili deyib ki, işğaldan azad olunmuş Füzuli şəhərində Özbəkistan tərəfindən orta məktəb binasının inşa edilməsi əsl qardaşlıq nümunəsidir. Çox əlamətdar hadisədir ki, Özbəkistan prezidenti və xanımı, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin məktəbin açılışını etdilər. Ümumiyyətlə, iki qardaş ölkənin başçılarının Füzuli şəhərinə yeni köçürülmüş sakinlərə görüşü, ali qonağın Füzulinin baş planı ilə tanış olması çox təqdirəlayiqdir. Xüsusilə, Şavkat Mirziyoyev Qarabağın tacı olan Şuşaya səfər edən ikinci xarici ölkə prezidentidir. Şuşaya səfər edən iki xarici ölkənin prezidentləri isə türk dövlətlərinin rəhbərləri olmaqla əlamətdardır. Bu fakt bütün dünyaya bir mesajdır. Qədim Şuşa türk torpağı kimi tarixə öz möhürünü vurub!