Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası müasir dövrdə fəal xarici siyasət yürüdür. Uğurlu xarici siyasət kursumuzun əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən sağlam təməllər üzərində formalaşdırılmış və hal-hazırda da ölkə başçımız tərəfindən daha da uğurla davam etdirilir. Azərbaycan dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlığa söykənən münasibətlərini inkişaf etdirir. Ölkəmiz eyni zamanda regional əməkdaşlığa da xüsusi önəm verir. Bu baxımdan Azərbaycan dövlətinin Mərkəzi Asiya dövlətləri ilə əlaqələri xüsusi əhəmiyyət kəsb edir. Bir neçə gün öncə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə rəsmi səfərini olduqca faydalı hesab etmək olar. Həm də qeyd edək ki, Azərbaycan və Özbəkistan eyni tarixi köklərə malik, çox yaxın, dost dövlətlərdir. Azərbaycan və özbək xalqları türkdilli və qardaş xalqlardır.
Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub. Məhz həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə hərtərəfli əməkdaşlığa böyük diqqətinin göstəricisidir.
Çox mühüm nəqliyyat marşurutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Prezident İlham Əliyevin ötən ilin iyununda Özbəkistana dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
İşğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan dövləti tərəfindən 960 şagird yerlik məktəb binasının inşası möhkəm dostluq münasibətlərindən qaynaqlanır. Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisidir.
Ölkə başçımız Cənab İlham Əliyev 22 avqust 2023-cü il tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda əlaqələrimizin inkişaf perspektivlərinə dair önəmli məqamlar geniş yer almışdı. Həmçinin iki dövlət arasında əməkdaşlığın möhkəm hüquqi bazasının formalaşdırıldığı və qlobal əhəmiyyəti xüsusi vurğulanırdı.
Cavid Məmiyev
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini
Azərbaycan və Özbəkistan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpü yaradır
Dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin yüksəlişini tarixiləşdirdi