Yararsız müxaliflərin hər bir iddiasının arxasında xarici ağalarından aldığı sifariş və onların qarşısında götürdüyü öhdəlik dayanır
Bu gün ölkəmiz sosial-iqtisadi sferanın bütün sahələrində sürətlə inkişaf edir. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti demokratik və müstəqil dövlət quruculuğu prosesində böyük nailiyyətlərlə müşayiət olunur.
Təəssüf ki, bütün bu nailiyyətləri radikal müxalifət qısqanclıqla qarşılayır. Ölkədə qarışıqlıq yaratmaq niyyətində olmaq, Azərbaycanın demokratik imicinə zərbə vurmaq üçün dəridən-qabıqdan çıxmaq heç də Vətənə, xalqa xidmət sayıla bilməz. Bu, hər şeydən əvvəl bizi istəməyən qüvvələrin, o cümlədən ermənilərin dəyirmanına su tökməkdən başqa bir şey deyil. Məhz buna görədir ki, radikal müxalifət liderlərinin bu pozucu niyyətləri artıq çox yerdə partiyadaşlarının etirazına səbəb olur. Artıq dağıdıcı müxalifət partiyalarının üzvləri öz liderlərinə etibar və inamlarını itiriblər. Odur ki, onlar üzvü olduqları partiyaların sıralarını tərk edirlər.
Məhz bütün bunlara görə müxalif partiyalar, o cümlədən Müsavat, AXCP, ADP, ReAl Ədliyyə Nazirliyində qeydiyyatdan keçmək üçün 5 min nəfərlik üzvlük siyahısını təqdim edə bilmirlər. AXCP sədri Əli Kərimli, bu dağıdıcı qaragüruhun təşkilat şöbəsinin sədri Saqif Qurbanov və digər 5-6 radikal ünsür şəxsi “Facebook” profilində heç bir əsası olmayan statuslar paylaşmaqla özlərini rüsvay edirlər. Bununla da xalqın onlara nifrəti daha da artır.
Ə.Kərimlinin antimilli əməllərinə dəstək verən səriştəsiz S.Qurbanov maddi maraq qarşılığında bu əqidəsiz dostunun tapşırıqlarını yerinə yetirməklə məşğuldur. Saqif qeyd edir ki, ölkə batmaqda olan “Titanik” gəmisini xatırladır. Maraqlıdır, görəsən bu üzdəniraq antimilli ünsür nəyə əsasən deyir ki, ölkə batır? Təbii ki, o, bu barədə heç bir fakt ortaya qoya və bunu əsaslandıra bilməz.
Həmişəki kimi dağıdıcı müxalifət düşərgəsində lövbər salmış qaragüruhçu tör-töküntülərin ölkədəki ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş çağırışları təbii ki, xalqımızı hiddətləndirir. Dağıdıcı düşərgənin “başbilənləri” guya “Siyasi partiyalar haqqında” yeni Qanunun müxalif partiyaların əleyhinə yönəldiyini vurğulayırlar. Məlum həqiqətdir ki, sözügedən qanun tam azad və demokratik şəkildə hazırlanıb.
Azərbaycan xalqı yaxşı bilir ki, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, İsa Qəmbər və digər antimilli və dağıdıcı ünsürlərin əsas məqsədi müxtəlif bəhanələr gətirərək ölkəmizin demokratik nüfuzuna zərbə vurmaqdır. Çünki onlar iqtidara qarşı başqa heç cür mübarizə apara bilmirlər.
Ölkədə sosialyönümlü siyasətin həyata keçirilməsi, yeni iş yerlərinin yaradılması və s. bu kimi mühüm addımları görən dağıdıcı müxalifət yaxşı bilir ki, onların əlində iqtidarı tənqid etmək üçün əsaslı səbəb yoxdur. Məhz bu səbəbdən də xaricdəki ağalarının “xeyir-duası” ilə hər vəchlə aranı qarışdırmağa çalışır, ölkədə xaos, anarxiya mühiti yaratmaq üçün dəridən-qabıqdan çıxırlar.
Bu gün güclənən və inkişaf edən, sabitlik məkanına çevrilmiş Azərbaycanın uğurları müəyyən xarici dairələri ciddi narahat edir. Bəzi dairələr ölkəmizin uğurlarına qısqanclıqla yanaşır və hər bir fürsətdən istifadə edərək Azərbaycanın imicinə ləkə yaxmaq istəyirlər. Onlar ölkəmizdə təmin olunmuş söz və mətbuat azadlığından maksimum dərəcədə sui-istifadə edərək getdikcə əndazələrini aşırlar. Lakin bu ittihamların yalan olduğunu Azərbaycanın hər bir vətəndaşı çox yaxşı bilir və belə cəfəng fikirlər xalqımız tərəfindən qətiyyətlə rədd edilir.
Cavid Əkbərov, “İki sahil”
Azərbaycan və Özbəkistan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpü yaradır
Dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin yüksəlişini tarixiləşdirdi