25 avqust 2023 23:46
464

Oğurluq iclas...

Ermənisayaq “revanş” və ermənipərəst Makronun sönməyən məğlubiyyət ehtirası haqqında

Beynəlxalq platformalarda Azərbaycana qarşı diplomatiya müharibəsindəki məğlubiyyətinin sayı artdıqca Ermənistan olan-qalan siyasi nüfuzunu da itirməkdədir. Ancaq deyəsən, uğursuz “hucumların” acı nəticələri düşmən ölkə rəhbərliyinə və Ermənistanı yeni oyunlara təhrik edən havadarlarına hələ də dərs olmayıb. Avqustun 23-də BMT-nin mənzil-qərargahında Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi tərəfindən Laçın yolu ilə bağlı, həmişə olduğu kimi, dezinformasiya yaymaq, vəziyyəti təhrif etmək məqsədi daşıyan növbəti təxribat xarakterli “qapalı iclası” göstərdi ki, ermənilər “revanş” xatirinə hər cür siyasi riyakarlığa və təxribata hazır və qadirdirlər. Atdıqları addım bütün etik, diplomatik qaydalara zidd olsa, ali təşkilatın uzun illər ərzində formalaşmış ənənələrini kobud şəkildə pozsa belə. Erməni həyasızlığının səviyyəsinə fikir verin ki, “qapalı iclas” BMT üzvlərinin böyük əksəriyyətindən gizlincə, yalnız bir qrup kiçik nümayəndənin və qərəzli ekspertlərin iştirakı ilə keçirilib. Özü də təşkilata üzv olan digər ölkələrin üzlərinə bağlanmış qapıya mühafizəçi qoyulmaqla. Bu mənda müzakirəyə qatılmaq kimi elementar hüquqları pozulmuş, hətta Ermənistan nümayəndələyi tərəfindən polislə hədələnmiş bir neçə ölkə diplomatlarının çaşqınlıqları və hiddətləri başadüşüləndir.

Ermənistan bu davranışı ilə bir daha nümayiş etdirdi ki, BMT kimi nüfuzlu platformada qərəzsiz və vicdanlı müzakirələrin aparılmasında maraqlı deyil. Çünki cəmi bir neçə gün əvvəl, avqustun 16-da BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın müraciəti əsasında keçirilmiş iclasında iştirak edən diplomatların əksəriyyəti Azərbaycanın haqlı mövqeyini müdafiə etmiş, fransız-erməni cütlüyünün bütün səylərinə baxmayaraq ölkəmiz əleyhinə hər hansı sənədin qəbul edilməsinə nail ola bilməmişdi. Görünür, Ermənistanın siyasi hakimiyyəti beynəlxalq platformanın açıq və substantiv müzakirələri nəticəsində aldığı layiqli cavabdan, üzləşdiyi rüsvayçı məğlubiyyətdən sonra daxili auditoriyanı sakitləşdirmək və ümidləndirmək məqsədilə bu cür riyakar addımlar atmaq qərarına gəlib. Oğurluğun ümumiyyətlə, erməni xislətinə yad olmadığını da nəzərə alsaq Ermənistanın BMT-nin mənzil-qərargahında oğurluq “qapalı iclas” keçirməsi təəccüb doğurmur. Biz ermənilərin, necə deyərlər, nə mal olduğunu bilirdik, bilməyənlər də görür, tanıyır, bilir...

Məlumdur ki, Ermənistanın təxribatçı və rüsvayçı davranışının arxasında düşmən ölkəni bu addımı atmağa təhrik edən qüvvələr durur. Bu qüvvələrin başında isə həmişə olduğu kimi, öz daxilində siyasi böhranın pik həddə çatdığı Makron Fransası gəlir. Elə ermənilərin BMT-dəki “qapalı iclas”ından dərhal sonra Fransanın növbəti dəfə Laçın yolundakı vəziyyətlə bağlı bu ali təşkilata müraciət edəcəyi ilə bağlı xəbərlər də təsdiq edir ki, Azərbaycana qarşı təxribatların ssenarisi Parisdə yazılmaqdadır. Fransanın “Le Figaro” nəşrinin direktor müavini, jurnalist Jan-Kristof Buisson yazdığına görə, ölkəsi yaxın günlərdə BMT TŞ-yə Laçın yolunun “açılması” ilə bağlı qətnamə təqdim etməyə hazırlaşır. Müraciət “Azərbaycanın Laçın yolunu bağladığına görə aclıqdan ölmək ərəfəsində olan 120 min Qarabağ sakininə yardım məqsədi daşıyır”. Buisson əlavə edib ki, gələn həftə Parisdən və Fransanın digər əsas bölgələrindən Ermənistana humanitar yardım  karvanı göndəriləcək.

Fransa Prezidenti Emmanuel Makron da “Le Point” nəşrinə müsahibəsində Qarabağın “blokadasından” danışıb. Etnik və dini azlıqlara qarşı dözümsüzlük nümayiş etdirən, XXI əsrdə hələ də müstəmləkə altında saxladığı xalqların hüquq və azadlıqlarını heçə saymağı dövlət siyasətinə çevirən, açıq-aşkar monoetnik cəmiyyətə nail olmağı hədəfləyən Fransa kimi bir ölkənin Prezidenti müsahibəsində utanmadan həmişə xalqların suverenliyinin tərəfdarı olduqlarını deyib. Makron guya Laçın yolunun bağlanması nəticəsində qəbuledilməz olan humanitar vəziyyətin yarandığını bildirərək, Fransanın rolunun humanitar yardım üçün təzyiq göstərmək olduğunu əlavə edib. Və təbii ki, otuz il ərzində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmət göstərməyən Fransa indi Ermənistanın dövlət sərhədləri üçün “təhlükənin mövcudluğundan” da narahatdır.

Əslində isə Ermənistanın sərhədləri üçün heç bir problem yoxdur. Problem Fransanın yürütdüyü ikibaşlı siyasi oyunbazlıqdadır. Xüsusilə hazırkı Prezident Emmanuel Makron dövründə dağılmış imperiyasının xarabalıqları üzərində neokolonolizmi yaşatmağa çalışan Fransanın de-fakto və de-yure əsarətində olan milli azlıqların hüquqlarını ümumiyyətlə, tanımaması, Avropa Şurasının Milli Azlıqlar haqqında Çərçivə Konvensiyasına qoşulmaqdan imtina etməsi bütün dünyanın gözü qarşısında demokratik dəyərlərin təhqir edilməsidir. Tarixi qanlı cinayətlərlə, günahsız insanlara qarşı qətliamlarla, soyqırımları ilə zəngin olan Fransa bu gün də qloballaşan dünyanı xilas edə biləcək beynəlxalq humanizm və sivilizasiyalararası dialoq çağırışlarına məhəl qoymadan öz eybəcər müstəmləkəçilik siyasətini davam etdirməkdədir. Fransanın daxilində də sosial vəziyyət gündən-günə ağırlaşır, xalqın narazılığı artır, demokratiya və söz azadlığı “polis dəyənəyi altında əzilir”. Makron isə hələ də Ermənistanın dərdini çəkir, onun sönməyən erməni sevgisi sönməyən məğlubiyyət ehtirasına çevrilib. Görünür, öz ölkəsindəki problemləri həll etmək əvəzinə Ermənistanda revanşizmi qızışdıran, düşməni silahlandırmaqla Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışan Makrona BMT TŞ-də Azərbaycana bundan əvvəl nə az, nə çox, düz dörd dəfə rüsvayçı məğlubiyyət azlıq edir. Yoxsa sonuncu diplomatik fiaskodan heç on gün keçməmiş yenidən BMT TŞ-yə müraciət etmək fikrinə düşməzdi. Nə olar, Azərbaycan öz haqlı mövqeyini müdafiə etməyə hər zaman hazırdır.

Mahir Rəsuloğlu, “İki sahil”