25 avqust 2023 12:54
370

Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünyaya nümunədir

“Bu gün Azərbaycan bütün sahələr üzrə dinamik inkişaf edir. Təbii ki, ölkəmizin sürətli inkişafı, ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Yəni uğurlu daxili siyasətin ən mühüm istiqamətlərindən biri cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunmasıdır. Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir, başqa sözlə, dünyada nümunə kimi çıxış edir”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycanda dövlət gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovetlər  dönəmində minlərlə gəncin keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə təhsil almaq üçün göndərilməsi, C.Naxçıvanski adına Hərbi Liseyin yaradılması gənclərə qayğının bariz nümunəsidir. Müstəqillik illərinə gəlincə, 1994-cü ildə dövlət gənclər siyasətini həyata keçirmək və müxtəlif gənclər təşkilatları arasında mərkəzləşmiş kordinasiyanı təmin etmək məqsədilə, Gənclər və İdman Nazirliyi yaradıldı,1996-cı il fevralın 2-də Ulu öndər Heydər Əliyevin iştirakı ilə Ümumrespublika Gənclərinin I Forumu keçirildi. Bu forum Azərbaycanda gənclər hərəkatının vüsət almasına təkan verdi.1997-ci il fevralın 1-də Ulu Öndər Azərbaycanda Dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və gənclərin birinci forumunun keçirilməsini nəzərə alaraq fevralın 2-nin “Gənclər günü” elan edilməsi haqqında, 1999-cu il iyulun 29-da isə “Dövlət gənclər siyasəti haqqında” fərmanlar imzaladı.
Ulu Öndərimiz gənclərimizə  hər zaman dəyərli tövsiyələrini verib, onları müstəqil ölkəmizin inkişafına töhfələr  verməyə çağırıb. Bu baxımdan Heydər Əliyevin müdrik fikirlərini xatırlatmaq istəyirəm: “Bizim gənclər gərək hazırlaşsınlar ki, XXI əsrdə Azərbaycanın inkişafını təmin edə bilsinlər. Bunun üçün biliklənmək, təhsil almaq, sağlam həyat tərzi keçirmək, mənəvi, milli dəyərlərimizə daim söykənmək və ümumbəşəri dəyərlərdən səmərəli istifadə etmək lazımdır. Mən əminəm ki, bizim gənclərimiz Azərbaycanın gələcəyini bizdən elə yaxşı təmin edəcəklər. Çünki bizim çox zəkalı, çox bacarıqlı, istedadlı gənclərimiz vardır. Mən ümidvaram ki, gənclər bugünkü təcrübədən yaxşı bəhrələnəcəklər və Azərbaycanın gələcəyini təmin edəcəklər”.

Millət vəkilinin sözlərinə  görə, Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasəti bu gün Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə, 2005-ci ildənn etibarəən bir neçə  Dövlət proqramları təsdiq edib. Cənab Prezidentin gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Ölkə başçısının ardıcıl səyləri sayəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Respublikamızda beynəlxalq standartlara cavab verən idman komplekslərinin tikintisi bu gün geniş vüsət alıb. Azərbaycan gəncləri həmçinin beynəlxalq platformalarda da müstəqil ölkəmizi layiqincə təmsil edir.  Bütün bu uğurların əsasında isə bu il anadan olmasının 100  illliyini böyük təntənə  ilə  qeyd etdiyimiz Ulu Öndər  Heydər  Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır.