20 aprel 2018 14:41
1641

Sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir

Böyük mütəşəkkillik, seçici fəallığı, şəffaflıq və ədalət pinsipləri əsasında keçirilən prezident seçkiləri başa çatsa da, Azərbaycan xalqının ümumi rəyinin ifadəsi olan nəticəni birlik və həmrəyliyin ifadəsi kimi dəyərləndirərək qazanılan qələbənin möhtəşəm quruculuq işlərinin dinamik inkişafının davamı hesab edən, sabaha daha inamla baxan vətəndaşların  sevinci bitib-tükənmir. Bu qələbə Azərbaycanın dünya dövlətləri arasında daha qüdrətli bir ölkə kimi nüfuzunun ikiqat artacağına inamın ifadəsidir. Bütünlükdə Azərbaycan xalqının qələbəsi olan bu uğura böyüklü, kiçikli hamı sevinir, biri-birini təbrik edir.

Bu sevincə əlavə çalarlar qatan dünyanın tanınmış dövlət başçıları və siyasi xadimlərinin cənab İlham Əliyevin ünvanına göndərdikləri təbrik teleqramlarında deyilən xoş sözlər hər azərbaycanlının qəlbini qürur hissi ilə doldurur. Hələ də gəlməkdə olan təbrik məktublarının davam etməsi o deməkdir ki, beynəlxalq aləmdə ən qlobal layihələrin reallaşmasında təşəbbüskar, etibarlı tərəfdar kimi tanınan və böyük nüfuz qazanan, mövqeləri möhkəmlənən, daxili və xarici siyasəti dəstəklənən Azərbaycan demokratik inkişafı ilə də fərqlənir. 

Prezident seçkilərinin demokratiyanın tələblərinə uyğun başa çatdırıldığını keçirdikləri mətbuat konfranslarında bəyanatları ilə bildirən xarici müşahidəçilər etiraf etdilər ki, Azərbaycan ən qabaqcıl təcrübələrin öyrənilməsi baxımından da inkişaf etmiş, müstəqil siyasət yeridən, bütün ölkələrlə əməkdaşlıqda maraqlı olan strateji tərəfdaşlığı dəyərləndirən ölkədir.

“Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur” söyləyən dövlət başçımız son illərdə bu yolla gedərək təhlükəsizlik, sabitlik şəraitində yaşayan Azərbaycan xalqının qazandığı uğurlardan söz açır.

Dünyanın müxtəlif bölgələrində təhlükəli proseslərin, qanlı toqquşmaların, vətəndaş müharibələrinin, dövlət çevrilişlərinin baş verdiyi ötən illərdə Azərbaycanda xalqın təhlükəsizlik şəraitində yaşadığını qeyd edən Prezident İlham Əliyevin səyi nəticəsində ölkəni gözləyən müdaxilələrin, xarici risklərin qarşısı alındı: “ Azərbaycan xalqı bu 15 il ərzində sabitlik şəraitində yaşamışdır. Bu da inkişafımız üçün əsas şərtdir. Biz görürük ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir.”

Milli Məclisdə keçirilən andiçmə mərasimində ona göstərdikləri dəstəyə, inama, etimada görə Azərbaycan xalqına minnətdarlıq edərək dinamik inkişafın qarşıdakı illərdə də davam edəcəyini bildirən Prezident İlham Əliyevin “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm” sözləri ölkədə sabitliyin əsas şərti olan  xalq-iqtidar birliyinin əbədiliyini təsdiqləyir.

Əhalinin həmrəylik və birliyinin nümunəsi olan, mütəşəkkilliklə keçirilən prezident seçkiləri Azərbaycan demokratiyasının təntənəsi idi. Bu inkişaf artıq bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir. Ölkəmiz rəqabətqabiliyyətliliyə görə dünya miqyasında 35-ci yerdədir. İnkişafın Azərbaycan modeli müsbət təcrübə kimi öyrənilir.

Ölkədə yaranan sabitlik nəticəsində Azərbaycan xarici siyasət sahəsində də böyük zirvələrə çatıb. Qlobal problemlərin həlli ilə məşğul olan ölkəmizin mövqeyi, qazandığı nüfuz qüdrətli ölkələr üçün belə örnəkdir. Bu dəstək Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv qəbulu zamanı özünü büruzə verdi və 155 dövlət ölkəmizlə həmrəyliyini etimad göstərməklə təsdiqlədi. Bu dəstək həm də ölkədə sabitliyə verilən dəyər idi.

Ötən illərin təcrübəsi də göstərdi ki, Qərb siyasətinin əsasını təşkil edən islamofobiya kimi təhlükəli meyillər İslam aləmində xoşagəlməz fəsadlarla nəticələnir. Özlərinə yaxın bildikləri müsəlman ölkələrini belə məqamı gəldikdə əzib keçməkdən çəkinməyən “xristian dünyasının sayılıb-seçilmişləri”nin Mərakeşdə, Əlcəzairdə, Tunisdə, Misirdə, İraqda, Suriyada... bir sözlə, Yaxın Şərqdə törətdikləri vətəndaş müharibələri, daxili çəkişmələr, dini təriqətlər arasındakı ixtilaflar nəticəsində bu ölkələrin varlığı belə təhlükə altına qoyuldu. Doğma yurdlarını tərk edən müsəlmanlar münaqişələri törədənlərdən mərhəmət gözləsələr də nəsibləri təhqir, əzab, əziyyət oldu.

Təsirləri altına almaq istədikləri ölkələrdə iğtişaşlara ilk mərhələ olaraq kütlələrin şüuruna “üsyan etmək vətəndaşların hakimiyyətin qəsb edilməsinə müqavimət göstərməsi kimi təbii hüququdur” kimi qorxulu tendensiya yeridilməsi ilə başlayan Qərb ideoloqları  mükəmməl hazırlanmış texnologiyalardan çox “ehtiyatla, zərərli məqsədlərini bəlli etmədən” bəhrələndilər. Həmin texnologiyaların müəllifləri və bu cür aksiyaların hazırlanma mexanizmləri isə artıq məlumdur. Qəribə də olsa demokratik səsvermə və seçki prosedurları nəticəsində hakimiyyətə gəlmiş hökumətlərə qarşı müqavimət daha güclü oldu. Bəllidir ki, Qərbin məqsədi müsəlman ölkələrinin müstəqil inkişafının qarşısını almaq, onları daxili çəkişmələrə sövq etmək, yerüstü və yeraltı sərvətlərini nəzarətdə saxlamaqdır.

Azərbaycanın müstəqilliyinin ilk günlərindən rastlaşdığı vəziyyəti xatırlayaq. Qərblə tərəfdaşlıq, bərabərhüquqluluq, qarşılıqlı etimad prinsiplərinə əsaslanan əlaqələr qurmaq üçün davamlı cəhdlər etsə də təəssüf ki, ölkəmizin bu səmimi münasibəti Qərb tərəfindən lazımınca qiymətləndirilmirdi. Hadisələrdən çıxarılan nəticə bu idi ki, Qərbin siyasəti beynəlxalq hüquqa deyil, əksər hallarda güc prinsipinə əsaslanır. Qərbin Azərbaycana ögey münasibətinin əsasında da İslam dünyasına rəqib baxışlar davamlı olub. Azərbaycan müstəqil siyasət yürütmək haqqına, beynəlxalq hüquqa, milli dəyərlərə və digər bu kimi prinsiplərə etinasızlıq göstərən, öz fəaliyyətini tabeçilik, diktat və “böyük-kiçik prinsipləri”, sivilizasiyaların toqquşması ideologiyası üzərində quran Qərb strukturlarının ögey yanaşmasını görərək xarici siyasətini qarşılıqlı münasibətlərə uyğun formalaşdırdı.

Bu gün Yaxın Şərqdə həyata keçirilən çirkin ssenarilər bir zamanlar Azərbaycan üçün də hazırlanmışdı. 2011- 2012-ci illərdə bəzi xarici dairələr Azərbaycanda “Ərəb baharı”nın olacağından söhbət açırdılar və deyirdilər ki, bu, qaçılmazdır. Burada vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün planlar, ssenarilər hazırlanırdı. Azərbaycanda “Maydan hərəkatı”nı yaratmaqla vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərcləndi.

2013-cü ilin əvvəlindən başlayaraq bu proseslər daha da ciddi formalar almışdı. Prezident seçkiləri ərəfəsində vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq, Azərbaycanı məhv etmək cəhdləri aktuallaşırdı.  Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, vətəndaşlarının təhlükəsizliyini və cəmiyyətin inkişafını qorumaq,  xarici siyasətində qarşılıqlı əməkdaşlığa hörmətlə yanaşmağa çalışan Azərbaycan xalqı mənfur niyyətlərin qarşısını xalq- iqtidar birliyi sayəsində alaraq xarici siyasətinin prinsiplərinə dönmədən riayət edir, bir çox ənənəvi tərəfdaş ölkələrlə əlaqələr yaratmaqla əməkdaşlıq coğrafiyasını genişləndirir. Çəkilən zəhmətin bəhrəsi isə sabitlik diyarı kimi tanınan müasir Azərbaycandır.

“Biz son 15 il ərzində beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iştirak etmişik, bundan sonra da fəal iştirak edəcəyik” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq təşkilatlar sülh tərəfdarı olan Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalətli mövqeyini də dəstəkləyir. Cənab İlham Əliyevin siyasi qətiyyəti, iradəsi nəticəsində bütün sənədlərdə, bəyanatlarda bildirilir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar status-kvonun yolverilməzliyini bildirməklə ərazilərin toxunulmazlığını da bəyan edir, münaqişə ilə bağlı ölkəmizin mövqeyi dəstəklənir.

Təbii ki, BMT Təhlükəsizlik Şurası və ATƏT tərəfindən qəbul olunmuş qətnamələr münaqişənin həlli üçün hüquqi baza yaradır. Beynəlxalq hüquq normalarının həllinə “kim güclüdür, o da haqlıdır” mövqeyindən yanaşıldığı, ədalətin arxa plana keçirildiyi hallarda hadisələrə ikili standartlardan yanaşma prinsipinin üstünlük təşkil etdiyi bir zamanda müstəqilliyini qorumaqla ən önəmli enerji və nəqliyyat layihələrini reallaşdıran Azərbaycanın risklərdən , təhlükələrdən qorunması düşünülmüş siyasətin təntənəsidir.

Müstəqil, yenilməz, min illərlə qorunub saxlanılan dövlətçilik ənənələrinə sadiq qaldığını 11 apreldə ən ləyaqətli namizəd cənab İlham Əliyevin ətrafında sıx birləşməklə bildirən Azərbaycan xalqı gələcək üçün milli ideologiyamızın dövlət siyasətinin əsas istiqamətləri olduğunu da təsdiqlədi. Bütün dünya ictimaiyyəti, beynəlxalq müşahidəçilər cənab İlham Əliyevin söylədiyi sözlərin reallaşdığını etiraf etdilər: “Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi mehribanlıq şəraitində yaşayır və bundan sonra da yaşayacaqdır.”

Milli mənəvi dəyərlərin qorunub saxlanıldığı ölkəmizdə dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olunub. Dünyada bu istiqamətdə çox təhlükəli proseslər cərəyan etdiyi müasir dövrümüzdə fəlakətlə nəticələnən islamofobiya, ksenofobiya, ayrı-seçkilik artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrilsə də, başqa millətlərin, dinlərin nümayəndələrinə mənfi münasibət göstərilsə də, Azərbaycan respublikamızda məskunlaşan bütün millətlər üçün doğma Vətəndir. 2016 və 2017-ci illərin Azərbaycanda Multikulturalizm və İslam Həmrəyliyi illəri elan olunması, Birinci Avropa, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi tolerantlığı dövlət siyasətinin, xalqının milli mənəvi sərvətləri kimi daim diqqətdə saxlanılan xalqımızın milli və bəşəri dəyərlərə sadiqliyinin nümunəsidir.

Azərbaycanın ilk “Azərspase-1” peykinin orbitə buraxılması o deməkdir ki, kosmos klubunun üzvü olan ölkəmizdə bu sahədə inkişafın davamlı olması naminə daha əhəmiyyətli addımlar atılacaq.

Azərbaycanın iqtisadi və enerji siyasəti, həmçinin ölkənin siyasi çəkisinə transformasiya olunur. Azərbaycanın təşəbbüsü ilə reallaşan bütün enerji, nəqliyyat layihələrinin uğurla həyata keçirilməsinin əsasında da xalqımızın sadiq qaldığı qarşılıqlı etimad, bərəbərlik prinsipinə hörmət ideyaları dayanır. Xəzərin karbohidrogen ehtiyatlarından səmərəli istifadə məqsədilə Bakıda keçirilən görüşlər, imzalanan sənədlər qarşılıqlı etimadı daha da gücləndirir. Qarşılıqlı əməkdaşlıq,  əlavə gəlirlər, ən əsası isə  Azərbaycanın dünyada möhkəmlənən nüfuzuna əlavə dividentlər vəd edir.

Sadalanan iqtisadi inkişafın təməlində maliyyə imkanları dayanır ki, son illərdə ölkəmizdə bu sahədə də önəmli nəticələr əldə olunmuş, Azərbaycanın investisiya yatırılan ölkədən artıq sərmayə ayıran dövlətə çevrilməsi beynəlxalq arenada böyük maraq doğurur.  Ölkəmizi xarici sərmayələr üzrə açıq elan edən, Xəzər dənizindən Aralıq və Qara dənizə dəhliz yaradan, Azərbaycan enerji layihəsi kimi Türkiyə və Gürcüstanın dəstəyi ilə razılaşdırılmış “Cənub Qaz Dəhlizi”, Transanadolu, Transadriatik boru kəməri layihələrinin də ideya müəllifi olmuş, kəmərin çəkilməsi üçün maliyyə öhdəliyini də öz üzərinə götürmüşdür. Azərbaycanın nəhəng qaz ehtiyatlarını və regiondakı potensial resurslarını nəzərə alaraq bildirilməlidir ki, bu dəhliz qarşıdakı on illiklər ərzində Avropanın enerji təchizatında mühüm rol oynayacaq. Bütün siyasi kampaniyalarda ilk növbədə ölkənin inkişafı üçün başlıca amil olan sabitliyə səs verən xalqımız seçkilərdə ədalətli mövqeyini bildirdi, ən layiqli namizədə etimad göstərməklə, daha qüdrətli Azərbaycan naminə birlik nümayiş etdirdi.

Xuraman İsmayılqızı, “İki sahil”