Azərbaycan xalqının gələcəyə nikbinliklə baxdığını bildirən dövlət başçımız qeyd edir ki, amalımız ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etməyə hazırlaşdığımız bu günlərdə ölkəmizin dünyada etiraf olunan siyasi, iqtisadi, diplomatik uğurları hər bir ölkə vətəndaşının qürur mənbəyidir. Çətin bir məqamda yaradılan AXC-nin arzusunda olduğu , lakin həyata keçirə bilmədiyi islahatların reallaşması dövlətçilik tariximizdə izi qalan tarixi şəxsiyyətlərə sədaqət rəmzidir. Azərbaycan xalqının iradəsini, son 15 ildə görülən işlərə ölkə vətəndaşlarının münasibətini əks etdirən 11 aprel prezident seçkilərində iştirak edən seçicilər inandıqları namizədə etimad göstərməklə inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verdilər.
İlk dəfə Prezident seçilərkən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağını, bu irsi davam etdirəcəyini “Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur” sözləri ilə təsdiqləyən cənab İlham Əliyevin fəaliyyətini dövlət başçımızın layiq olduğu “əla” qiyməti birlik və həmrəyliyi ilə bəyan edən Azərbaycan xalqı qarşıdakı 7 il üçün görüləcək işlərin təməlinin möhkəm bünövrə üzərində ucalacağına əminliyini bildirdi.
Daxili risklərin aradan qaldırıldığı, təhlükəsizlik şəraitində inkişaf edən qüdrətli dövlətin vətəndaşları dövlət başçımızın “Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir” sözlərini gündəlik həyatlarında hiss edib, əmin-amanlıq şəraitində yaşamaqla qüdrətli, demokratiya yolu ilə irəliləyən bir ölkənin vətəndaşları olduqları üçün fəxr etdiklərini 11 apreldə təsdiqlədilər.
Söz, mətbuat, sərbəst toplaşma, siyasi fəaliyyət azadlığının təmin edildiyi, vətəndaşların 80 faizinin internet istifadəçisi olduğu respublikamızda bütün islahatların ölkə vətəndaşlarının arzu və istəkləri əsasında reallaşması, siyasi, iqtisadi islahatların dərinləşməsi nailiyyətlərin davamına inamı daha da artırır. Prezident seçkiləri zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə yanaşılacağını, dəyərli təkliflərin nəzərə alınacağını bildirən dövlət başçımızın söylədiyi kimi, bu seçkilər xalqın birlik, həmrəyliyinin, milli ideologiyamızın, azərbaycançılıq məfkurəsinin dinlərarası, millətlərarası münasibətlərin inkişafda olduğunu təsdiqlədi. Bu birlik ölkəmizin xarici siyasətinin beynəlxalq səviyyədə dəstəklənməsini də təmin edir. Cənab İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasının özü ölkədəki daxili sabitliyin beynəlxalq səviyyədə də dəstəklənməsinin etirafıdır.
Büdcəsi sosialyönümlü olan ölkəmizdə bu istiqamətdə aparılan islahatların vətəndaşlar tərəfindən dəyərləndirilməsi, regionların inkişafını sürətləndirən Dövlət proqramlarında nəzərdə tutulan layihələrin həlli statistik rəqəmlərdə də əksini tapır. İqtisadi müstəqilliyin, maliyyə imkanlarının artmasının nəticəsidir son illərdə əmək haqları təxminən 7, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastrukturların əhatəsi genişlənir. Yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşüb. Bütün dövlətlər üçün problem olan işsizlik 5 faizdir.
Dünya bazarlarında yeri möhkəmlənən Azərbaycanda ixrac idxalı üstələyir.
Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirən, çətin və məsuliyyətli, iqtisadi və texniki cəhətdən maliyyə tutumlu layihələrin-”Cənub Qaz Dəhlizi”, “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın istifadəyə verilməsi ilə ölkəmizin dünya enerji bazarında mövqeyi möhkəmlənəcək. Azərbaycanın növbəti təşəbbüsləri də bölgədə sabitliyin təminatına, xalqlararası əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək. Artıq bütün dünya dövlətləri əmindir ki, istifadə müddəti 2050-ci ilə qədər uzadılan və ölkəmizə 3,6 milyard dollar bonus qazandıracaq “Əsrin müqaviləsi”nin ardıcılları gələçək illərdə daha böyük coğrafiyanı əhatə edəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Ələtdə Xəzər dənizində ən böyük yeni ticarət limanının, gəmiqayırma zavodunun tikilməsi, “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması ilə Azərbaycanın beynəlxalq əməkdaşlıqda mövqeyi möhkəmlənəcək.
Prezident İlham Əliyevin bu günlərdə həyata keçirdiyi kadr islahatlarının əsasında da əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması amilləri dayanır. “Biz yalnız Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edirik”, “Biz xalqın xidmətçiləriyik”, “Bizim üçün yeganə istinadgah yalnız xalqdır, onun inamı və etimadıdır” söyləyən cənab İlham Əliyev “əsl siyasət real iş və konkret fəaliyyətdən ibarətdir” sözlərinin həqiqiliyini fəaliyyəti ilə sübut etdi. Hər bir azərbaycanlının Prezidenti, himayədarı olacağını bəyan edən, iqtisadi inkişafı, siyasi sabitliyi ilə seçilən Azərbaycan dövlətinə , xalqına layiqli xidmət missiyasını yeni keyfiyyət mərhələsi ilə davam etdirən cənab İlham Əliyev müstəqilliyimizin və xalqımızın layiqli bayraqdarı olduğunu göstərdi.
Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizəyə sistemli proses kimi diqqət yetirilməsi, inzibati, cəza tədbirlərinin görülməsi, “ASAN xidmət”in yaradılması, hüquq mühafizə orqanlarında islahatların aparılması dövlət- vətəndaş münasibətlərini tənzimləməklə ali qanunlarımıza hörməti artırır, cinayət hadisələrinin azaldılmasını da təmin edir. “Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısı fəaliyyətini inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət istiqamətində qurmalıdır... Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır” söyləməklə ölkədə ədalət prinsipinə hər kəsin əməl etməli olduğunu tələb edən Prezident İlham Əliyev, eyni zamanda, inhisarçılıq, korrupsiya, rüşvətxorluq, bürokratçılıq hallarına qarşı mübarizəni bir nömrəli vəzifə kimi qarşıya qoyur. Belə hallara qarşı mübarizənin kampaniya xarakterli deyil, davamlı olması üçün hüquqi islahatlar davam etdirilir. Daimi tövsiyə isə budur ki, hər kəs əməlinə, törətdiyi cinayətə görə cavab verməlidir və qanun qarşısında hər kəs eyni hüquqa malikdir. Məmur-vətəndaş münasibətlərinin ali qanunlarımıza uyğun tənzimlənməsini hər bir dövlət məmurunun vəzifəsi adlandıran dövlət başçımızın tapşırığı, tələbi də budur ki, hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Dövlət əmlakını talayanlar, vətəndaşlarla kobud rəftar edənlər cəzasız qalmayacaq. Günahkar insanlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa ediləcəkdir. Milli adət -ənənələrimizi cılızlaşdıranlara qarşı mübarizə davamlı olmaqla fərdlərin fərqləndirilməsi kimi insanlığa yaraşmayan hallar aradan qaldırılmalıdır.
İndi Azərbaycan ictimaiyyəti görür ki, ölkədə toxunulmaz insan yoxdur. Vəzifəsindən asılı olmayaraq cinayət törədənlər, dövlət əmlakını mənimsəyənlər qanun qarşısında cavab verməli, əməllərinin cəzasını çəkməlidirlər. Heç kim qanundan kənarda qala bilməz. Bir nəfər də toxunulmaz deyil. Ədalət bərpa olunacaqdır.
Ədalət prinsiplərinə hörmətlə yanaşma Azərbaycanın xarici siyasətində də gözlənilir. Bütün istiqamətlərdə dövlətin və xalqın milli maraqlarına xidmət edən sahələrə xüsusi diqqətlə yanaşılır. İkitərəfli münasibətləri həmişə yüksək səviyyədə olan, qonşu dövlətlərlə konstruktiv münasibətlərə dəyər verən Azərbaycanın xarici siyasəti əməkdaşlıq prinsiplərinə əsaslanır. “ Bizim xarici siyasətlə bağlı yanaşmamız əməkdaşlıq üzərində qurulubdur” prinsipinə sadiq qalan Azərbaycanın daxili işlərinə müdaxilə də yolverilməzdir. “Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq. Görəndə ki, kimsə bizim daxili işimizə qarışmaq istəyir, əlbəttə ki, buna kəskin reaksiya verilir və biz buna imkan vermirik. Əgər əvvəllər kimsə hesab edirdi ki, Azərbaycana təzyiq etmək, hansısa məsələnin həllinə təsir etmək olar, hesab edirəm ki, ölkələrin, xarici beynəlxalq qurumların əksəriyyəti dərk edir ki, bizimlə diktat dili ilə danışmaq mümkün deyil” söyləyən Prezident İlham Əliyev vurğulayır ki, belə səylər əbəsdir. Belə cəsarətli siyasət xalqın rəhbərinə göstərdiyi inamın, ölkəmizin heç kimdən asılı olmadığını göstərən amil, dövlət müstəqilliyinin əbədiliyi üçün ən başlıca şərt olan lider qətiyyətinin ifadəsidir.
“Bizə təsir etmək, şantaj etmək olmaz”, “Bizi ittiham etmək istəyənlər öz ölkələrinə baxsınlar”, “Biz heç kimin təhriki ilə addımlar atmırıq, düşünülmüş addımlar atırıq” sözləri ilə demokratiya bəhanəsi ilə ölkəmizə təsir göstərmək istəyən dairələrə qətiyyəti ilə cavab verən dövlət başçımız həmişə olduğu kimi, gələcəkdə də Azərbaycan xalqının və dövlətinin mənafeyini müdafiə etməklə ölkəmizi bütün risk və təhlükələrdən qorumaq iqtidarındadır.
“Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” söyləyən İlham Əliyevin dediyi kimi, uğurlar ancaq müstəqillik dövründə mümkün olmuşdur: “Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik.”
Xuraman İsmayılqızı, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır