ABŞ Dövlət Departamentinin 2017-ci ildə dünya ölkələrində insan hüquqlarının vəziyyəti haqqındakı illik hesabatında faktların təhrif edilməsi sənədin obyektivliyini şübhə altına almağa tam əsas yaradır
Demokratik inkişafın nəticəsidir ki, Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Qərblə Şərq arasında etibarlı körpü olmaqla dünyanın ən dinamik inkişaf edən ölkəsi kimi nüfuzunu artırır. Prezident İlham Əliyevin vurğuladığı kimi, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına, birpartiyalı sistemdən çoxpartiyalı sistemə, totalitarizmdən demokratiyaya doğru uğurlu inkişaf yolunu davam etdirən Azərbaycan regional əməkdaşlığa da böyük önəm verir. Cənubi Qafqaz ölkələri arasında iqtisadiyyatı investisiya reytinqi almış ilk və yeganə ölkə olan Azərbaycanda iqtisadi və demokratik islahatlara davamlı proses kimi diqqət yetirilməsi müsbət dəyərləndirilir.
Ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilmişdir. Demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sistemi, Konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılmış, hüquq mühafizə orqanlarının fəaliyyəti təkmilləşdirilmiş, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişlənmiş, insan hüquqlarının təmini sahəsində səmərəli müdafiə mexanizmləri formalaşdırılmışdır.
Hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Qarşıdan gələn illər üçün ölkəmizin normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilir. Milli Fəaliyyət Planının təsdiq olunmasından ötən dövr ərzində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan dövlətinin siyasətində insan amilinə yüksək dəyər verilməsi təqdir olunan hal kimi önə çəkilir.
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” 2006-cı ildən uğurla həyata keçirilən insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olaraq yeni istiqamətləri müəyyən etmişdir.
Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli “Azərbaycan Respublikasında İnsan hüquqları gününün təsis edilməsi haqqında” Sərəncamı bu sahəyə diqqətin bariz nümunəsidir. Referendumlar zamanı Konstitusiyamızın maddələrinə edilən əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edir. Vətəndaşların sərbəst toplaşmasını, seçki proseslərində sərbəst iştiraklarını təmin edən qanunvericilik bazası mövcuddur. Bu gün Azərbaycanın iqtisadi inkişaf modelinin, demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi, sabitlik diyarı kimi tanınması sözsüz ki, uğurlu və düşünülmüş siyasətin nəticəsidir.
1995-ci ildən imzalanan əfv fərmanları və Amnistiya aktları da dövlətin insan hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət göstərdiyini təsdiqləyir. Respublikada “Multikulturalizm İli”nin, “İslam Həmrəyliyi İli”nin keçirilməsi sivilizasiyalararası dialoq mərkəzi kimi Şərqlə Qərbi birləşdirən Azərbaycanın bəşəri dəyərlərə sadiqliyi və hörmətidir.
Göründüyü kimi, son 15 il ərzində Azərbaycanda demokratik təsisatlar sürətlə inkişaf etmiş, ölkədə bütün azadlıqlar təmin edilmişdir. Cənab İlham Əliyevin “Hesab edirəm ki, bu 15 il demokratik inkişaf baxımından çox uğurlu illər olmuşdur. Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları - söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir və seçkilər, onun nəticələri bunu bir daha təsdiqləyir” sözləri ölkə demokratiyasının inkişaf istiqamətlərini əks etdirir.
Çox təəssüf ki, Azərbaycan ictimaiyyətinin narazılığına səbəb olan ABŞ Dövlət Departamentinin ötən ilə aid hesabatında insan hüquqlarının qorunması istiqamətində aparılan belə dəyərli islahatlar qərəzli şəkildə diqqətdən kənarda saxlanılıb. Əksinə bir qrup ölkə müxalifətinin əsassız böhtanları sənəddə həqiqət kimi göstərilir.
Lakin hesabatın subyektiv xarakteri, informasiya mənbələrinin açıqlanmaması, bəzi faktların təhrif edilməsi, ən əsası isə bu və ya digər məsələlərə dair Azərbaycanın rəsmi orqanlarının mövqeyinin öyrənilməməsi ümumilikdə sənədin obyektivliyini şübhə altına almağa tam əsas yaradır.
KİV-in müstəqilliyinin təminatı dövlət siyasətinin prioritet məsələlərindəndir. KİV-in fəaliyyətini tənzimləyən qanunlar beynəlxalq standartlara tam uyğunlaşdırılıb. Ən əsası odur ki, Azərbaycan mətbuatına dövlət nəzarəti- senzura tam aradan qaldırılıb. “İnformasiya əldə etmək haqqında” qanun mətbuatla müxtəlif orqanlar arasında əlaqələri gücləndirir. Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə siyasi mövqeyindən asılı olmayaraq müəyyən texniki şərtlərə uyğun gələn bütün qəzetlərin fəaliyyəti üçün eyni şərait yaradılır, maliyyə yardımı göstərilir. “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Siyasi partiyalar haqqında” qanunlara müvafiq olaraq icazəli mitinq və aksiyaların keçirilməsi üçün yerlər ayrılır. Ölkəmizdə fəaliyyət göstərən 3 mindən çox QHT-nin fəaliyyəti üçün də münbit şərait yaradılıb. Azərbaycanın dövlətçiliyinə uyğun, milli maraqlara cavab verən bütün təşəbbüslər dövlət tərəfindən dəstəklənir. Siyasi kampaniyalarda QHT-lərin iştirakı Azərbaycanda demokratiyanın təzahürüdür.
ABŞ Dövlət Departamentinin 2017-ci ildə dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatında Azərbaycanda davamlı inkişafda olan demokratik islahatlara Birləşmiş Ştatların sadiq qaldığı “ənənələrə” müvafiq qiymət verilməsi ikili standartların növbəti təzahürüdür. Mətbuata müsahibəsində Dövlət Departamentinin adıçəkilən hesabatına münasibət bildirən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun vurğuladığı kimi, sənəddə istinad olunan, ümumi xarakter daşıyan mənbə müəlliflərinin müəmmalı - “ekspertlər”, “QHT təmsilçiləri”, “fəallar” kimi təqdim olunmasından da aydın olur ki, deyilənlər qərəzli xarakter daşıyır. Sadəcə Azərbaycanın maraqlarına zərbə vurmaq məqsədi güdülür. Əvvəlki siyasi kampaniyalarda olduğu kimi, 11 aprel prezident seçkilərində də bütün namizədlərə platformalarını açıqlamaq üçün bərabər şərait yaradılmış, televiziya kanallarında, mətbuatda təbliğat kampaniyaları obyektiv şəraitdə davam etdirilmişdir. Səsverməni izləyən xarici müşahidəçilərin keçirdikləri mətbuat konfranslarında qeyd olunduğu kimi, proseslər azad, şəffaf və obyektiv şəraitdə, seçici mütəşəkkilliyi ilə başa çatdırılmışdır. Azərbaycanla bağlı “siyasi məhbus”, “təzyiqlər”, “həbslər” kimi ifadələrin səslənməsi həqiqətə uyğun deyil.
Qəribədir ki, Azərbaycanda “insan haqlarının qorunmasını” təhlil edən “ekspertlər” ABŞ-ın, bəzi Avropa ölkələrinin maliyyə dəstəyi ilə Suriyada terror hadisələri törədən radikal qruplar haqqında danışmırlar. Kimyəvi silahların işlədilməsi ilə yüzlərlə insanın kütləvi qırğını təbii qəbul olunur. Şərq ölkələrində illərdən bəri davam edən “ərəb baharı”ndan əziyyət çəkən, yurdlarını tərk edərək başqa ölkələrə üz tutan miqrantlara göstərilən ədalətsiz, qeyri-insani münasibətlərdən söz açılmır. Avropada sığınacaq tapmış müsəlmanların uşaqlarını zorla əllərindən alıb xristianlaşdıran “qanunlardan”, insanlığa sığmayan “hüquqlardan”, dağıdılan məscidlərdən bəhs olunmur. Ermənistanda baş verən kütləvi aksiyalarda etirazçıların həbsi barədə açıqlama verilmir. Ona görə əminliklə söyləmək olar ki, Dövlət Departamentinin əsası olmayan “hesabatı” Azərbaycan demokratiyasına qara pərdə arxasından baxmaq mərəzindən başqa bir şey deyildir.
Xuraman İsmayılqızı, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır