26 aprel 2018 21:45
1962

Türkiyə-Azərbaycan əlaqələri dünya miqyasında gedən proseslərə uğurla təsir göstərir

Dövlətimizin başçısı İLham Əliyevin qardaş ölkəyə  rəsmi səfəri birliyimizi, həmrəyliyimizi şərtləndirən amillərə bir daha işıq saldı

«Biz hər zaman bir-birimizin  yanında olmuşuq. Bu gün də belədir, sabah da belə olacaq» söyləyən dövlətimizin başçısı İlham Əliyev bu fikirləri ilə Azərbaycapn-Türkiyə münasibətlərinin dərin köklərə malik olduğunu təsdiqləyir. Cənab İlham Əliyevin bu fikirlərinin davamı olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirir: «Biz Türkiyədə hər zaman «Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir» deyərək hərəkət edirik və dar gündə də, yaxşı gündə də  qardaşlarımızın yanındayıq. Azərbaycanda da bu vəziyyət eynidir.» Türkiyə-Azərbaycan münasibətlərinin bugünkü inkişaf səviyyəsinə gəlib çatmasında böyük öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin xidmətləri inkaredilməzdir. Məhz möhkəm təmələ, birliyimizə, dostluq, qardaşlıq əlaqədərinə söykənərək ümummilli lider Heydər Əliyev Türkiyə və Azərbaycanı bir millət, iki  dövlət kimi təqdim edirdi. Son 15 ildə Ulu Öndərin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən  cənab İlham Əliyev dünyada varlığımız kimi dəyərləndirilən diaspor quruculuğundan bəhs edərkən «bir millətin  iki diasporu ola bilməz» bəyan etmişdir. Təbii ki,  reallıqlara əsaslanan bu kimi tezisləri xeyli sayda sadalamaq olar. Münasibətlərin əsas göstəricilərindən biri dövlət başçılarının qarşılıqlı səfərləri, ən əsası  Prezident seçildikdən sonra ilk səfərlərini  Azərbaycana, yaxud Türkiyəyə etmələridir.  Cənab İlham Əliyevin 11 aprel prezident seçkilərində uğurlu qələbəsindən sonra ilk səfərini qardaş ölkəyə reallaşdırması da  bunun təsdiqidir.   

Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında bu əsas məqam da əsas yer tutur ki,  birliyimizdən çox şey asılıdır. Bu, dostluq, qardaşlıq əlaqələrinin möhkəmliyi,   sarsılmazlığı faktlar əsasında diqqətə çatdırılır.  Azərbaycanın müstəqilliyini ilk tanıyan qardaş Türkiyə təmsil olunduğu  bütün beynəlxalq təşkilatlarda ölkəmizi dəstəkləməklə  haqq işimizin müdafiəsi üçün  Azərbaycan qədər əzmkarlıq göstərir. Rəsmi dövlət  nümayəndələrinin, eyni zamanda, güclü diasporun Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində göstərdiyi səy qardaş dəstəyi olmaqla türk dünyasının birliyi və həmrəyli yolunda  atılan ciddi siyasi addımlar hesab olunur. Hər iki dövləti təmsil edən yüksək səviyyəli  nümayəndə heyətinin iştirakı ilə Bakıda və  Ankarada keçirilən  görüşlər  xalqlarımız arasında  dostluq və qardaşlığının əbədi, sarsılmaz  simvolu kimi yüksək dəyərləndirilir.  Son illərdə türk dünyasının birliyi naminə Bakıda keçirilən biri-birindən mühüm və tarixi əhəmiyyətli tədbirlərdə-Dünya azərbaycanlılarının qurultaylarında, türk dövlətləri başçılarının zirvə toplantısında, diaspor təşkilatları rəhbərlərinin forumunda Türkiyənin də ev sahibi kimi iştirak etməsi qardaşlıq rəmzi  olmaqla bütün türk dünyasının güclənməsinə yönəldilmiş böyük dəstək  kimi dəyərləndirilir.

«Həm siyasi, həm də iqtisadi, mədəni, hərbi- bütün sahələrdə bizim aramızda ən yüksək işbirliyi, anlaşma var. Gərək elə edək ki,  maraqlarımız tam şəkildə təmin olunsun, bizi narahat edən problemlər aradan qaldırılsın, ədalət zəfər çalsın, xalqlarımız rahat yaşasın» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, türk dünyası böyük qüvvədir. Bu böyüklük öz möhkəmliyini və yenilməzliyini xalqların birliyi ilə  sübut edir. Türkiyə -Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokolun imzalanması  və eyni zamanda ondan sonrakı mərhələdə baş verən hadisələr bütün dünya xalqlarına bəlli etdi ki, Azərbaycan-Türkiyə dostluğu, eyni kökdən qaynaqlanan xalqların əzmi yenilməzdir. «Ermənistan tərəfindən işğal olunan  Azərbaycan torpaqları  azad olunmayınca sərhədlərin açılması mümkün  deyil» kimi qərarında israrlı olan rəsmi Ankaranın  bu gün də eyni mövqe nümayiş etdirməsi bu qardaşlığın digər xalqlara xas olan əlaqələrindən fərqli olduğunu bir daha bəyan etdi. Dövlətimizin başçısı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə  keçirilən  Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasında qardaş ölkənin rəhbəri «Biz də  Azərbaycanın illərdir qanayan yarası olan  Qarabağ problemini həmişə öz  problemimiz, orada yaşanan faciələri öz faciəmiz hesab edirik. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və  sərhədlərinin toxunulmazlığı çərçivəsində  təcili həlli ən böyük arzumuzdur» söyləməklə bu birliyin sarsılmazlığına, ən əsası hər bir problemi ümumi problem kimi qəbul olunduğuna işıq salır. Türkiyə Prezidenti çıxışında bu məqamı da qeyd etmişdir ki,  ATƏT-in  Minsk qrupu çərçivəsində  aparılan müzakirələr  prosesini dəstəkləyirik. Ancaq  bu prosesin 25 ildir münaqişənin həllində  heç bir nəticə verməməsi və beynəlxalq təşkilatların müvafiq qərarlarının icra olunmaması yolverilməz haldır.  Bu məsələdə Azərbaycana göstərdiyimiz dəstək bundan sonra da  eyni qətiyyətlə davam edəcək.

Ən qüdrətli dövlətlərin iqtisadi inkişafının əsas amili kimi diqqət yetirilən enerji təhlükəsizliyinin təminatında böyük rolu olan Türkiyə və Azərbaycanın gələcəkdə daha böyük layihələrin təşəbbüsçüsü olacaqlarına,   maraq doğuracaqlarına  inamların  tükənməzliyi bu gün də aktuallığını qoruyur. Əsrin möcüzəsi adlandırılan, hər iki dövlətin bilavasitə təşəbbüsü və dəstəyi ilə reallaşan BTC və BTQ neft-qaz kəmərlərindən  sonra inşasına başlanılan Bakı-Tbilisi- Qars dəmir yolu siyasi, iqtisadi və regional əhəmiyyətinə görə enerji layihələrindən heç  də geridə qalmır. Tarixi İpək Yolunun bərpası kimi  böyük önəm verilən, Çindən başlanan bu yol Xəzər regionunun əsas strateji əhəmiyyətli şəhərləri sayılan Bakı və Tbilisidən keçməklə İstanbula  istiqamətlənən,  Londonu,  bütün Avropa  ölkələrini birləşdirən bu dəmir yolunun ötən ilin oktyabrında istifadəyə verilməsi təkcə Azərbaycan və region dövlətləri üçün deyil, qlobal əhəmiyyəti bu gün də geniş şərh olunmaqdadır. Bu ilin iyununda isə enerji sektorunda növbəti uğur kimi dəyərləndirilən TANAP-ın istifadəyə verilməsi bu əməkdaşlığa böyük töhfə olacaq. Bu layihə Türkiyə Prezidenti tərəfindən  enerji sahəsində əməkdaşlığımızın  zirvəsi kimi dəyərləndirilərək, açılış mərasiminin  iyunun 24-də qardaş ölkədə keçiriləcək prezident seəkilərindən öncəyə təsadüf etməsi dünyaya səs salacaq mühüm hadisə kimi qeyd edilmişdir.

Dövlət başçısı İlham Əliyev Türkiyə-Azərbaycan birliyinin ümumilikdə bütün türk dünyasının birliyinə öz müsbət təsirini göstərdiyini vurğulayır. Hər  çıxışında bütün türk dünyasını birliyə, həmrəyliyə çağıran cənab İlham Əliyev  bildirir ki, bir ölkənin problemi digərinin problemi kimi qəbul olunmalıdır. Azərbaycan-Türkiyə birliyinin möhkəmlənməsinin həm ölkələrimiz, xalqlarımız, həm də  dünyada gedən proseslər üçün çox böyük əhəmiyyəti olduğu da xüsusi qeyd edilir.  «Ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı  soyqırımı siyasəti aparmışlar. Keçmiş tarixdə də belə olub,  yaxın tarixdə də belə olubdur və Xocalı soyqırımı  bunun bariz nümunəsidir. Günahsız insanları, uşaqları, yaşlı qadınları qətlə yetirmək  soyqırım deyil, bəs nədir? Ancaq əfsuslar olsun ki,  dünya birliyi bunu ya görmür, ya da görmək istəmir, ermənilərin, erməni lobbisinin və dünya ermənilərinin uydurma faktları əsasında  qərar qəbul edirlər. Biz buna qarşı öz siyasətimizi, öz həqiqətimizi, öz təbliğatımızı, öz gücümüzü qoymalıyıq. Əlbəttə ki, həqiqəti çatdırmaq, təbliğ etmək, bütün dünyaya yaymaq bizim işimizdir-dövlətlərin, diaspor təşkilatlarının, hər bir vətənpərvər  insanın işidir» bildirən cənab İlham  Əliyev «Gücümüz birliyimizdədir» söyləməklə bütün türk dünyasını vahid mövqedən çıxış etməyə, birgə səylər göstərməyə çağırır.

Münasibətlərimizin inkişafında növbəti mərhələ kimi dəyərləndirilən bu  səfər çərçivəsində keçirilən görüşlər, müzakirə olunan məsələlər, imzalanan sənədlər birliyimizə, həmrəyliyimizə bir daha işıq saldı. Bütün sahələri əhatə edən əməkdaşlıq əlaqələrinin miqyasının daha da  genişlənməsi möhkəm təmələ əsaslanır. Təhsil, mədəniyyət, müdafiə sənayesi sahəsində əməkdaşlıq daha da genişlənir.  

Bir məqam da inkaredilməzdir ki, Tür­ki­yə-Azər­bay­can dost­luq və qar­daş­lıq mü­na­si­bət­lə­ri­nin möh­kəm­lən­mə­si, iki öl­kə ara­sın­da iq­ti­sa­di, so­si­al, hu­ma­ni­tar və di­gər sa­hə­lər­də əla­qə­lə­rin ge­niş­lən­mə­si mü­əy­yən dai­rə­lə­ri na­ra­hat etdiyindən  mütəmadi olaraq mü­na­si­bət­lə­rin po­zul­ma­sı­na yö­nələn cəhd­lərlə müşahidə olunur. Lakin birliyimiz bu cəhdləri hər zaman boşa çıxarır, bu reallıq bir daha dünyaya bəyan edilir ki, Azərbaycan-Türkiyə həmrəyliyi regionda sabitliyin, təhlükəsizliyin təminatıdır. Hər iki dövlətin beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməsi, münaqişəli məsələlərin  beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə səy göstərməsi beynəlxalq aləmdə də təqdir olunur. Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiləndə cənab İlham Əliyev bunu Azərbaycan və Türkiyənin müştərək yeri kimi dəyərləndirmişdi. Bu kimi faktları xeyli sayda sadalamaq olar.  Dövlətimizin başçısı İlham Əliyev «Bu gün  Türkiyə-Azərbaycan əlaqələri  ikitərəfli formatdan çıxıb, artıq  regional məna daşıyır və dünya miqyasında  gedən proseslərə də  çox uğurla təsir göstərir» söyləyərək bu əminliyi ifadə edir ki, bütün beynəlxalq təşkilatlarda  öiz daim bir-birimizi dəstəkləyirik və bundan sonra da  davam edəcək.  

Yeganə Əliyeva, «İki sahil»