27 aprel 2018 22:56
1591

17 illik üzvlüyü dövründə AŞPA Azərbaycana nə verib?

AŞPA-nın «hesabatı» təşkilatda  Azərbaycana qarşı  ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir

«Azərbaycanda heç bir məhdudiyyət yoxdur. Sərbəst toplaşma azadlığı, söz azadlığı, bütün digər azadlıqlar Azərbaycanda tam şəkildə təmin edilir və təmin ediləcəkdir. Demokratiyaya bizim bağlılığımız hansısa təşkilata xoş gəlmək üçün deyil, biz bunu şüurlu surətdə edirik ki, ölkəmiz hərtərəfli şəkildə inkişaf etsin. Çünki iqtisadi islahatlar siyasi islahatlarla paralel aparılmalıdır.» Dövlətimizin başçısı  İlham Əliyev  bildirir ki, Azərbaycanın mövcud potensialının daha da gücləndirilməsi, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, əhalinin sosial rifahının yüksəldilməsi, xarici siyasət prioritetlərinə uyğun olaraq beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi, ölkə daxilində korrupsiyaya, rüşvətxorluğa və digər mənfi hallara qarşı sistemli mübarizənin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digər sahələr üzrə tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək. Bir sözlə, insan amilinə verilən dəyər dövlət siyasətinin əsasını təşkil etdiyindən hərtərəfli inkişaf prioritet məsələ kimi öndədir. İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, davamlı inkişafa geniş yol açan şəffaflığın yüksək səviyyədə təminatı istiqamətində atılan addımlar göz önündədir. «Azərbaycan  Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»ndan irəli gələn vəzifələrin uğurlu icrası qarşıya qoyulan   məqsədlərə lazımi səviyyədə nail olmağa dəstəkdir.

Dövlətimizin başçısı İlham Əliyev beynəlxalq qurumların təmsilçiləri ilə görüşlərində  Azərbaycanın bütün istiqamətlərdə uğurlu inkişafından geniş bəhs edərək, «Azərbaycanda  azadlıqların təmin olunması və demokratiyanın inkişafı məsələsinə gəldikdə, mən hər zaman həmkarlarımız və dostlarımıza məsələnin mahiyyətinə nəzər salmağı  tövsiyə edirəm» bəyan etməklə  bir daha ölkəmizə qarşı  reallığı inkar etmək kampaniyasının həyata keçirildiyinə  diqqət yönəldir: «Azərbaycan medianın kəskin hücumuna məruz qalmaqdadır. Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda  hökmranlıq etmək arzusunda  olan müəyyən dairələr ölkəmizi gözdən  salmağa çalışırlar. Onu totalitar, avtoritar, hüquqların tapdalandığı və azadlıqların pozulduğu bir ölkə kimi göstərməyə cəhd edirlər. Bu, bir tendesiyadır.» Ölkəmizdə   həyata keçirilən demokratik islahatları daim diqqətdə saxlayan  Avropa Şurasının  qəbul etdiyi  «Azərbaycanda demokratik təsisatların inkişafına dair» qətnamədə  Azərbaycanın demokratik inkişafı təqdir olunsa da,  qurum təmsilçiləri ikili yanaşmadan irəli gələn «irad»larını  söyləməkdə davam edir, hətta bir qədər də irəli gedərək Azərbaycana sanksiyaların tətbiq edilməsi, quruma üzvlükdən məhrum etmək kimi məsələlərin gündəmə gətirilməsinə səy göstərirlər.  Azərbaycanla işğalçı Ermənistanı eyni vaxtda sıralarına üzv qəbul edən Avropa Şurasından gözləntilərimizi açıqlayan cənab İlham Əliyev bildirir ki, ilk olaraq qurumun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yardım edəcəyini gözləyirdik.  Avropa Şurası demokratik islahatlara münasibətdə də ikili mövqeyini qabarıq şəkildə büruzə verir: «Seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin, demək olar ki,  rəsmi siyasət səviyyəsində  qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi  cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı.»

Azərbaycan dünya birliyində insanların azad, sərbəst yaşadığı tolerant ölkə kimi tanınır. İlk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv olunması,  amnistiya aktları və əfv fərmanları ilə azadlıqdan məhrum edilmiş  minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması insan amilinə diqqətin nümunəsi kimi  dəstəklənir. Bu kimi sərəncamlar eyni zamanda vətəndaşların qanunlara hörmət etməsinə müsbət təsir göstərir və Ulu Öndərin humanizm siyasətinin ölkəmizdə layiqincə davam etdirildiyini əks etdirir. Bu gün ölkəmiz  demokratik təsisatlarla,  beynəlxalq seçki institutları ilə  əməkdaşlıq edir, sivil qanunların respublikamızda tətbiqi üçün təcrübə mübadiləsi aparılır. Siyasi kampaniyalarda  vətəndaşlara  sərbəst seçim hüququnun verilməsi, şəffaf seçkilərin təşkili, obyektivliyin təminatı demokratik dəyərlərə sadiqlik, Azərbaycan təcrübəsinin təbliği kimi dəyərləndirilir. 2016-cı ildə  keçirilən   Konstitusiyaya əlavə və dəyişiklikləri  nəzərdə tutan referendumda da məqsəd və ən çox diqqət yetirilən sahə insanların azad, firavan, sərbəst yaşaması üçün  təkmil qanunvericilik bazasını  dövrün tələbinə, müasirləşən və dünyaya sürətli inteqrasiya yolu ilə  irəliləyən Azərbaycanın inkişafına uyğunlaşdırmaq, zənginləşdirmək, idarəçilik sistemində təkmilləşməni həyata keçirməklə davamlı inkişafı təmin etmək idi. 

Əvvəldə də qeyd etdiyimiz kimi, iqtisadi və siyasi islahatların paralel şəkildə aparılması  Azərbaycanın hərtərəfli inkişafına geniş yol açır. Son 15 ildə neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafına xidmət edən addımlar davamlılığı ilə diqqət çəkir. Dövlətimizin başçısı İlham Əliyev hər sahədə şəffaflığın yüksək səviyyədə qorunmasını qarşıya mühüm vəzifə kimi qoyur. Antiinhisar tədbirlərinin gücləndirilməsi,  «Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı»nın təsdiqlənməsi və uğurlu icrası,  «Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında», eyni zamanda «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında» fərmanlar, eyni zamanda bu sənədə uyğun olaraq «ASAN xidmət» mərkəzlərinin sayının artırılması  qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa əsas verir. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə böyük uğurların olduğunu önə çəkən dövlətimizin başçısı bildirir ki, beynəlxalq qurumlar da bunu qeyd edir, əhali də bunu yüksək qiymətləndirir. Cəza tədbirləri, inzibati tədbirlər və sistem xarakterli islahatlar aparılır ki, biz bu bəlanı, bu yaranı aradan götürək.

Uğurlarımızın davamlılığında vacib amillərdən biri  kimi  vətəndaş-məmur münasibətlərinin lazımi səviyyədə formalaşdırılması da xüsusi qeyd edılir.  «Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir:  «Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar… Azərbaycanın inkişafı və ictimai-siyasi vəziyyətin müsbət istiqamətdə inkişafı bütün dünyada gedən böhranlardan asılı olmayaraq, bizim böyük sərvətimizdir. Müstəqil Azərbaycan bu gün nadir inkişaf dövrünü yaşayır. Azərbaycanda sürətli inkişaf prosesi gedir, düşünülmüş siyasət, müstəqil siyasət aparılır. Budur bizim uğurlarımızın təməlində dayanan əsas amillər. İqtisadi, siyasi islahatlar aparılır, bütün azadlıqlar təmin edilir, demokratiyanın inkişafı sürətlə gedir və xalqla iqtidar arasındakı birlik uğurlu inkişafımızın əsas amilidir.» İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması ölkəmizin dünyanın yaşadığı iqtisadi və maliyyə böhranından uzaq olmasını şərtləndirdi. Neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunması, iqtisadiyyatın şaxələndirilməsinə xidmət edən biri-birindən əhəmiyyətli addımlar bugünkü inkişafa böyük stimul oldu.

Bu reallıqları düzgün dəyərləndirmək üçün təbii ki, ikili siyasəti bir kənara qoyub, ədalət meyarına önəm vermək gərəkdir.  Nəzərə alaq ki, Avropa Şurasında təmsil olunan ölkələrin heç də hamısı Azərbaycanı dost ölkə kimi qəbul edib, uğurlarına sevinmir. Uğurlarımızın fonunda    AŞPA-nın son - «korrupsiya hesabatı»nın  qeyri-obyektiv və qərəzliliyi bir daha öz təsdiqini tapır. Bu sənəd  ayrı-ayrı deputatların fərziyyə, ehtimal və gümanları üzərində  qurulmuş subyektiv mülahizələr toplusudur. Bu fakt da inkaredilməzdir ki, AŞPA-nın «hesabatı»” Qərbin antiazərbaycan, islamofob və ermənipərəst qrupların qurduğu növbəti oyundur. Bu hesabat, həmçinin qurumun  Azərbaycana qarşı ikili standartlar siyasəti yeritməsinə işarədir və  yeni dalğanın başlandığını göstərir. AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir və müstəqil dövlətlərə təzyiq məqsədi güdür.
 Qeyd edilən hesabata əsasən, xarici neft şirkətlərinin tam leqal bonusları, Avropa ölkələrinə səfər edən nümayəndə heyətlərinə verilən qonaqlıqlar, pulsuz otel, təyyarə və s. bu kimi məsələlər də korrupsiya əlaməti hesab edilməlidirmi?  AŞPA-da Azərbaycana qarşı ardıcıl şəkildə hücumlar bu təşkilatın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirir. Qondarma «siyasi məhbus» oyunu, Kristofer Ştrasserin monitorinqi, bununla bağlı AŞPA-da aparılan müzakirələr, indi isə qərəzli «hesabat» və digər bu kimi məsələlər qurumun mövqeyinə bir daha işıq salır. 

İllərin reallıqları təsdiqləyir ki,  Qərbdəki bəzi dairələr öz eybəcərliklərini  Azərbaycan nümunəsində qabartmağa və onu növbəti dəfə ittiham hədəfinə çevirməyə çalışırlar. Sual olunur - 17 illik üzvlüyü dövründə AŞPA Azərbaycana nə verib? Hətta beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayan Avropa Şurasından nə gözləmək olar? Cərəyan edən proseslərə diqqət yetirsək yalnız və yalnız bu gerçəkliyin şahidi olarıq - Qərbə inteqrasiya Azərbaycana bunları verib: davamlı təzyiqlər, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası. AŞPA kimi ikili standartlar, qarayaxma və ləkələmə nümunəsinin tüğyan etdiyi bir təşkilat Azərbaycanın nəyinə lazımdır? Azərbaycan AŞPA-ya üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir. Azərbaycan cəmiyyəti Avropa təsisatlarının özünə qarşı  ədalətsiz mövqeyini heç vaxt qəbul etməyəcək.

Ölkə Prezidenti İlham Əliyev daim çıxışlarında bildirir ki,   hücumların səbəbləri heç də insan hüquqları, demokratiya, xüsusən də geopolitik məsələlərlə bağlı deyil.  Bu iddialar Azərbaycanı sevməyən, onu gözdən salmağa çalışan maraqlı qüvvələr tərəfindən təşkil olunur. Dünya nə zamanadək ikili siyasətdən yaxa qurtara bilməyib, bu kimi qarayaxmalar davamlı, bu və ya digər dövlətin, təşkilatın mövqeyinə inamsızlıq qaçılmaz olacaq. Dünya dövlətləri  ikili yanaşmaların yaratdığı problemlərdən xəbərdar olaraq, yenə də eyni addımı atmaqda davam edirlərsə, bu artıq hüquq probleminin nəinki mövcudluğunu, son həddə çatdığını ortaya qoyur.

Qeyd etdiyimiz kimi, Azərbaycan  17 ildən artıqdır ki, Avropa Şurasına  tamhüquqlu üzv qəbul olunub. Azərbaycan Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirir. Amma təəssüf ki, bunun qarşılığı olaraq qərəzli hesabatlarla, iradlarla üzləşir. Amma qurumun rəhbərləri bir əsas məqamı unudurlar ki,  Azərbaycan və Ermənistan eyni vaxtda  Avropa Şurasına tamhüquqlu üzv qəbul olunanda götürülən əsas öhdəliklərdən biri tərəflərin məsələnin sülh yolu ilə həllinə nail olması, qurumun problemin həllinə dəstək göstərməsidir. Əgər Avropa Şurası ölkəmizdə insan hüquq və azadlıqlarının  guya kobud şəkildə pozulmasından bəhs edirsə, Azərbaycana bununla bağlı iradlar səsləndirib, təzyiqlər göstərməyə cəhdlər edirsə, nə üçün bir milyondan artıq soydaşımızın pozulmuş hüquqlarının bərpası məsələsinə diqqət göstərmir?   Avropa Şurası  Azərbaycanın ərazi bütövlüyünü tanısa da, Ermənistanın 25 ildən çoxdur davam edən işğalçılıq siyasətinə qarşı qəbul etdiyi qətnamələrin icrasını təmin etmir, ölkəmizə qarşı  ikili standartlar nümayiş etdirilir. Qurumda təmsil olunan ermənipərəst qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyasını həyata keçirirlər. Bu da  təbii ki,  münasibətlərin inkişafına kölgə salır. Ölkə Prezidenti  İlham Əliyev Avropa Şurasının nümayəndə heyəti ilə görüşü zamanı son vaxtlarda təşkilatın  bəzi rəsmilərinin Azərbaycana qarşı yeni hücumlar təşkil etdiyini və Azərbaycanı üzvlükdən məhrum etmək və ölkəmizə qarşı sanksiyalar tətbiq etməklə bağlı  hədələrin səsləndiyini  diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki,  Azərbaycana qarşı məqsədyönlü hücum məyusluq yaradır və cəmiyyətdə «bizim o təşkilatda nə işimiz var» kimi” fikirlər meydana gətirir. Dövlətimizin başçısı  belə fikirlərin üstünlük təşkil etməməsi üçün konstruktiv qaydada çalışmağın vacibliyini diqqətə çatdırmışdır.

Azərbaycanın istər demokratik inkişafın qiymətləndirilməsi, istərsə də Dağlıq Qarabağ probleminin həllində dünyanın ikili siyasəti ilə davamlı şəkildə üz-üzə qalması günümüzün reallıqları sırasındadır. Avropa Şurasından öncə  ABŞ Dövlət Departamenti  2017-ci ildə dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatını açıqladı. Həmin sənəddə də  Azərbaycanla bağlı əks olunmuş iddialar bu qurumun ölkəmizə qarşı  münasibətinin  «ənənə”dən» irəli gəldiyini və müəyyən maraqlara xidmət etdiyini sübut edir. Hesabatda daha çox yer alan  məhbusların ölümü, ağır və həyat üçün təhlükəli şəraitdə saxlanılması, özbaşına həbslər, azadlıqların olmaması, siyasi məhbusların mövcudluğu, jurnalistlərə qarşı fiziki hədələr, şəxsi həyata müdaxilə, ifadə azadlığının məhdudlaşdırılması kimi qondarma iddiaların heç biri ciddi faktla əsaslandırılmayıb. Antiazərbaycan dairələrin leksikonunu xatırladan hesabat ədalətdən və obyektivlikdən uzaqdır. 

Bu kimi qərəzli hesabatlara tutarlı cavab əlbəttə ki,  Azərbaycanın reallıqlarıdır. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillər mövcuddur və onların daha da təkmilləşdirilməsi istiqamətində davamlı addımlar atılır. Demokratikləmə sadəcə bir niyyət, şüar deyil, Azərbaycanın hərtərəfli inkişafının əsasıdır. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması yeni-yeni hədəfləri şərtləndirir. Azərbaycan qarşıdakı illərdə inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini ortaya qoyursa, təbii ki, bu bugünkü uğurlarımızdan, təkmilləmə, yeniləşmə fonunda hər bir hədəfin gerçəkliyə çevrilməsindən irəli gəlir. 

Ötən il Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşündə də cənab İlham Əliyev bu kimi məsələlərə, ən əsası ikili siyasətin yaratdığı problemlərə diqqəti yönəldərək bildirmişdir ki, təşkilatla əməkdaşlığımız qarşılıqlı maraqlar və  hörmətə əsaslanır. «Biz heç nə olmamış kimi davrana bilmərik. Biz buna aydınlıq gətirməliyik. Biz bunu aradan qaldırmaq üçün nə edə biləcəyimizə nəzər salmalıyıq. Əgər bu, belə qalsa və heç nə baş verməsə biz nə barədə danışa bilərik?» söyləyən ölkə Prezidenti İlham Əliyev bildirmişdir ki,  Avropa Parlamenti ilə münasibətlərdə böhran vəziyyətinin əmələ gəlməsinə baxmayaraq, əlaqələrin qarşılıqlı maraq əsasında inkişafında maraqlıyıq. Görüşdə bu fakt da diqqətə  çatdırılmışdır ki,  Avropa Parlamentinin  qətnaməsində Azərbaycanda demokratiya ilə bağlı  qərəzli mövqe nümayiş etdirildiyi halda, qurum Ermənistandakı demokratiyanın bərbad vəziyyəti və boğulması ilə bağlı hər hansı bir reaksiya verməyib.

Məhz dünya üçün sağalmaz xəstəliyə çevrilən ikili siyasətin nəticəsidir ki, bu və ya digər təşkilatın, dövlətin mövqeyinə  inamsızlıq gündən-günə artır, münaqişəli məsələlərin həllinin açarı olan beynəlxalq hüququn norma və prinsipləri  zamana və məkana uyğun olaraq tətbiq edilir. Rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından ədalətin ən böyük meyar olduğunu önə çəkərək, beynəlxalq hüquq normalarının icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsinin vacibliyini bildirir. Yalnız bu halda həqiqətə həqiqət gözü ilə baxmaq, düzgün dəyərləndirmə aparmaq mümkün olar.

 Yeganə Əliyeva, «İki sahil»