27 aprel 2018 23:03
1403

Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı daha da genişləndiriləcək

Cənab İlham Əliyevin növbəti dəfə Prezident seçilməsindən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə etməsi iki ölkə arasında münasibətlərin statusuna bir daha aydınlıq gətirir və qarşıdakı 7 ildə iqtisadi, siyasi və digər sahələrdə əlaqələrin gedişatını müəyyən edir.

Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərini daha da möhkəmləndirməsi dövlətimizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Elə qarşı tərəfin də bu sahədə mövqeyi ölkəmizlə üst-üstə düşür. Səfərin yekununa dair  mətbuata bəyanatla çıxışında Prezident Rəcəb Tayyib Ərdoğanın “...Prezident İlham Əliyevlə birlikdə çiyin-çiyinə hər sahədə - siyasi, hərbi, iqtisadi, ticari, mədəni sahələrdə birgə fəaliyyət göstərməyə və gələcəyi qurmağa davam edəcəyik. Bu məsələdə mövqeyimiz qətidir”-deyə bildirməsi də bunu bir daha sübut edir.

Ölkəmiz bütün beynəlxalq təşkilatlarda Türkiyəni daim dəstəkləyir. Azərbaycan bu gün başda “FETÖ” olmaqla, terror təşkilatları ilə mübarizədə Türkiyəyə ən çox dəstək verən ölkədir.

Öz növbəsində qardaş ölkə də Azərbaycana dəstəyini əsirgəmir. Qardaş ölkəyə səfəri zamanı “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində Türkiyə qədər bizə dəstək verən ikinci ölkə olmamışdır. Türkiyə hər zaman bizimlə bərabərdir, bütün beynəlxalq təşkilatlarda  Azərbaycanın haqlı mövqeyini müdafiə edir” deyən Prezident İlham Əliyev  bu dəstəyin və həmrəyliyin ölkəmizə əlavə güc verdiyini bildirib. Ölkə başçısı xatırladıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ədalətli həllini tapmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir.

Bu məsələdə Azərbaycana verdiyi dəstəyi bundan sonra da qətiyyətlə davam etdirəcəklərini diqqətə çatdıran R.T.Ərdoğan  Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində təcili həllinin ən böyük arzusu olduğunu vurğulayıb.  

Eyni zamanda, iki ölkə arasında olan iqtisadi əlaqələr ən yüksək səviyyədədir. Artıq Azərbaycan qardaş ölkənin ən böyük investoruna çevrilir. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına təqribən 14 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox sərmayə qoyub. Nəticədə Azərbaycan sərmayəsi hesabına Türkiyənin üçüncü, Ege bölgəsinin ən böyük limanı olan “Petlim” limanı inşa edilib. Digər tərəfdən, hazırda İzmirin Əliağa rayonunda inşası davam edən “Star” neft emalı zavodunun tikintisi də yaxın vaxtlarda başa çatacaq.

Bununla yanaşı, Azərbaycan və Türkiyə regionun ən böyük layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, “Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçılarıdır ki, bunlar nəqliyyat və enerji layihələri olmaqla yanaşı, hər iki ölkənin dünya və Avropa üçün əhəmiyyətini artırmaqla bir növ siyasi layihələr olmaqla regionda  təhlükəsizliyi, sabitliyi möhkəmləndirməyə xidmət edir. Söhbət ondan gedir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti hər iki ölkənin ərazisindən keçməklə Avropanı Asiya ilə birləşdirir. “Cənub Qaz Dəhlizi”nin mühüm tərkib hissəsi olan TANAP layihəsi isə təkcə Türkiyə ilə Azərbaycan arasında təbii qaz mübadiləsini nəzərdə tutmur, eyni zamanda, bütün Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.

Prezident İlham Əliyevin səfəri çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən  5 sənəd imzalanıb ki, onlardan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişi üzrə müzakirələrə dair Anlaşma Memorandumu” xüsusi diqqəti çəkir. Bu sənəd Azərbaycanla Türkiyə arasında güzəştli ticarət anlaşmasının imzalanmasında növbəti addımdır. Hansı ki, yaxın gələcəkdə bu anlaşmanın imzalanması iki ölkə arasında ticarət dövriyyəsi daha da artıracaq. Qeyd edək ki, qardaş ölkə bu ilin ilk rübünün gömrük statistikasına görə, ticarət dövriyyəsində 2-ci, o cümlədən ixracda 3-cü, idxalda isə 2-ci yerdə olub.

Bununla belə, hər iki ölkə iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır və  burada əsas hədəflərdən biri də müdafiə sənayesi sahəsində birlikdə atılacaq addımlardır. Bunu hər iki ölkə başçısının mətbuata bəyanatı da bir daha nümayiş etdirir. Bir sözlə, Azərbaycan və Türkiyə hərbi və müdafiə sənayesi sahələrindəki əməkdaşlığı da gücləndirməkdə qərarlıdırlar. 

Ümumilikdə götürdükdə, Azərbaycan və Türkiyə strateji münasibətləri daha da genişləndirmək üçün bütün imkanlarından istifadə etməyi qarşıya məqsəd qoyublar və dövlət başçıları səviyyəsində bunu bütün dünyaya bəyan edirlər. Bunun üçün hər iki ölkənin kifayət qədər əsası da var. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Çünki etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar iki ölkəni biri-birinə sıx bağlayır.

Ceyhun Piriyev, “İki sahil”