Azərbaycan cəmiyyəti Avropa təsisatlarının özünə qarşı ədalətsiz mövqeyini heç vaxt qəbul etməyəcək
“Bu 15 il ərzində Azərbaycanda demokratik inkişaf çox sürətlə getmişdir, Azərbaycanda bütün azadlıqlar təmin edilmişdir. Hesab edirəm ki, bu 15 il demokratik inkişaf baxımından çox uğurlu illər olmuşdur. Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları - söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir və seçkilər, onun nəticələri bunu bir daha təsdiqləyir.”
Dövlətimizin başçısı İlham Əliyevin andiçmə mərasimində söylədiyi fikirlər ölkəmizə qarşı mütəmadi olaraq qarayaxma kampaniyası həyata keçirən dairələrə cavabdır. Cənab İlham Əliyevin bu fikirləri eyni zamanda ulu öndər Heydər Əliyevin “Demokratiya strateji kursumuzun mahiyyətini təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz” tezisinin davamı kimi dəyərləndirilir.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaqla demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini dünyaya nümayiş etdirdi. Sirr deyil ki Azərbaycanın demokratiya yolu heç də hamar olmayıb. Ölkəmizin uğurlarını, müstəqil siyasətini həzm etməyən daxili və xarici bədxahlarımız hər vəchlə quruma üzvlüyünə mane olmağa çalışırdılar. Ulu öndər Heydər Əliyevin qətiyyəti bütün bu maneələri dəf etdi, Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaqla siyasətində müstəqil olduğunu, heç bir qüvvənin diktəsi ilə oturub durmadığını dünyaya nümayiş etdirdi.
Demokratiyanın sabitliyin və qanunun aliliyinin təmin olduğu mühitdə inkişaf etdiyini nəzərə alsaq, ölkəmizdə 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik, cəmiyyətin idarə olunmasında əsas rol oynayan qanunlarımızda təkmilləşmə, hər kəsin qanun qarşısında eyni məsuliyyəti daşıması, insan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi sahəsində görülən işlər və əldə olunan uğurlar göz önündədir. Azərbaycan beynəlxalq aləmdə sabitlik diyarı kimi tanınmaqla yanaşı, eyni zamanda, insan amilini həyata keçirdiyi siyasətin önündə saxladığı üçün təqdir olunur. Sabitliyin təminatında, ölkədə mövcud ab-havanın yüksək səviyyədə olmasında isə əsas faktor xalq-iqtidar birliyi, həmrəyliyidir. Azərbaycanın regionda sabitləşdirici faktor kimi tanınması və nüfuz qazanmasında bu amilin rolu inkaredilməzdir. Ölkə Prezidenti İlham Əliyev sabitliyi bütün inkişafın əsası kimi dəyərləndirərək bildirir: “Bu, aksiomadır. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır.” Ölkə Prezidenti uğurlarımızın əsasında sabitliyin dayandığını önə çəkməklə yanaşı “sabitlik necə təmin edilməlidir” sualını da cavablandırır: “Ancaq düzgün siyasətlə. O siyasət ki, onun mərkəzində xalq dayanır, ölkə vətəndaşı dayanır. Biz məhz bu siyasəti aparırıq. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır. Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir, bu gün var və gündən-günə güclənir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və o ölkədir ki, xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir. Çünki bizim siyasətimiz ictimaiyyət tərəfindən dəstəklənir və ictimaiyyət də görür ki, bizim siyasətimiz real, konkret nəticələrə gətirib çıxarır.”
Demokratik inkişafı təmin edən digər əsas amil isə qeyd etdiyimiz kimi, qanunun aliliyinin təmin edilməsidir. Milli Konstitusiyamızın qəbulundan ötən 23 ilə yaxın dövrdə sənədə 3 dəfə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendumun keçirilməsi, Seçki Məcəlləsinin, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun təkmilləşdirilməsi istiqamətində atılan addımlar, “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu, mətbuat azdalığının təminatına, eyni zamanda jurnalist məsuliyyətinin və peşəkarlığının artırılmasına yönələn davamlı tədbirlər bir daha bu reallığı təsdiqləyir ki, dövlətimizin həyata keçirdiyi demokratik islahatlar cənab İlham Əliyevin qeyd etdiyi kimi, hansısa təşkilata, dövlətə xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür.
Tamhüquqlu üzv kimi qəbul olunduğu vaxtdan 17 il ötən Azərbaycan-Avropa Şurası əməkdaşlığının dünəninə və bu gününə diqqət yetirdikdə hər zaman bu məqam diqqət çəkir ki, ikili siyasət qaçılmazdır. Ölkəmizdə demokratik təsisatların inkişafı istiqamətində atılan addımlar ədalət prinsipini özləri üçün meyar seçən dövlətlər və təşkilatlar tərəfindən yüksək, siyasi maraqları öndə saxlayan dövlətlər və təşkilatlar tərəfindən isə qərəzli şəkildə dəyərləndirilir və hətta bir qədər də irəli gedərək Azərbaycan demokratik inkişaf baxımından geridə qalan ölkə kimi təqdim olunur. Təəccüblüsü budur ki, Ermənistan “azad ölkə” kimi təqdim olunur. Bu ölkədə keçirilən seçkilər ərəfəsində və sonra cərəyan edən proseslərə, təkcə hazırkı duruma diqqət yetirsək, demokratik inkişafın “nümunə” olduğunu görə bilərik. Ədalət meyarının olmadığı bir dünyada sözsüz ki, ədalətli yanaşmadan danışmaq mümkünsüzdür. Dövlətimizin başçısı bildirir: “2001-ci ildən başlayaraq bu günə qədər Azərbaycana qarşı bəzi hallarda aparılan ədalətsiz mübarizə bizdə çox böyük hiddət doğurur. Çünki hər şey ədalətli olmalıdır. Ədalət ən böyük meyardır. Əlbəttə ki, Azərbaycan cəmiyyətində problemlər var. Biz bu problemləri bilirik. Ancaq hər ölkəyə vahid meyarlarla yanaşılmalıdır. Azərbaycanın yerləşdiyi bölgədə, qonşuluqda yerləşən ölkələrdə problemlər bizim problemlərdən az deyil. Bəzi hallarda o məsələlərə göz yumulur, yaxud da ki, yanlış məlumat təqdim olunur. Azərbaycanda isə xırda məsələ ilə bağlı böyük hay-küy salınır. Sanki kimsə istəyir ki, Azərbaycanın reputasiyasına zərbə vursun.” Ölkə Prezidentinin qatıldığı beynəlxalq tədbirlərdə ikili siyasətdən qayanaqlanan suallar da diqqətdən kənarda qalmır. Cənab İlham Əliyevin Prezident kimi ABŞ-a səfəri zamanı Azərbaycanın hansısa dövlət qarşısında öhdəliyi ilə bağlı suala cavabında dövlətimizin başçısı bildirmişdi ki, Azərbaycanın heç bir ölkə qarşısında öhdəliyi yoxdur. Bütün dövlətlərə qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr qurur və inkişaf etdirir.
Bu il Davos İqtisadi Forumunun 48-ci iclası çərçivəsində keçirilən görüşdə də aparıcı dünya üçün sağalmaz xəstəlik olan ikili siyasətdən irəli gələn suallara müraciət etsə də, hansı cavabı alacağından xəbərsiz deyildi. Azərbaycanın mətbuat azadlığı ilə bağlı tənqid olunması ilə bağlı ünvanlanan sualı dövlətimizin başçısı belə cavablandırmışdır ki, bu tənqidin əsası yoxdur. Məsələnin mahiyyətinə baxdıqda məlum olur ki, Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığı təmin edilir. Mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır. Cənab İlham Əliyevin Azərbaycan reallıqlarına qısa baxış kimi dəyərləndirilən bu açıqlamasının ardınca aparıcının “O zaman necə olur ki, Azərbaycan mətbuat azadlığına görə dünyada 162-ci yerdədir” sualının yer alması təbii ki. hər zaman vurğulandığı kimi, bu addımların konkret dairələr tərəfindən idarə olunmasına, göstərişlər verilməsinə bir daha aydınlıq gətirmişdir. Cənab İlham Əliyev “Bunun siyasi səbəbləri var. Bunun reallıqla heç bir əlaqəsi yoxdur” söyləməklə bir daha günümüzün əsas problemi olan ədalətin maraqların arxasında əriməsini təsdiqləmişdir. Hər zaman qeyd olunduğu kimi, məqsədlər, çirkin niyyətlər naminə bu və ya digər dövlətin daxili işinə müdaxilə heç zaman müsbət qarşılana bilməz, ən əsası demokratiyanın tələblərinə ziddir. Digər tərəfdən, Azərbaycan daim uğurlarının davamlılığına, müstəqil siyasətinə qısqanclıq hissindən qanaqlanan belə qarayaxmalarla üz-üzədir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, bunlar Qərbdə müəyyən siyasi mərkəzlərin fəaliyyətinin məhsuludur. Avropa Şurası Parlament Assambleyasının son “korrupsiya hesabatı” da bu kimi məqamlara bir daha işıq saldı. Belə hesabatlar Azərbaycan cəmiyyətində müxtəlif sualların yaranmasına rəvac verir. Qərbə inteqrasiya Azərbaycana nə verib: davamlı təzyiqlər, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası, AŞPA kimi ikili standartlar, qarayaxma və ləkələmə nümunəsinin tüğyan etdiyi bir təşkilat Azərbaycanın nəyinə lazımdır? Azərbaycan AŞPA-ya üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir və s.
Dünyanın bugünkü reallıqlarından bəhs edərkən, hüquq probleminin yaşandığı xüsusi qeyd edilir. Beynəlxalq hüquq normaları, ədalət prinsipi maraqlara uyğun dəyişirsə, bu halda Azərbaycan reallıqlarına qara eynəkdən baxanların hansı qüvvələr olduğunu bilmək çətin deyil. Azərbaycan müstəqil dövlətdir. Atdığı hər addımında müstəqil siyasət yeritdiyini, heç bir kənar qüvvənin diktəsi ilə oturub durmadağını təsdiqləyir. Azərbaycanın Avropa Şurasından çıxarılması kimi fikirlər səsləndiriləndə də dövlətimizin bu məsələyə münasibəti bir daha müstəqil siyasətimizə işıq saldı. Dövlətimizin başçısı İlham Əliyev böyük qətiyyətlə bildirdi ki, Azərbaycan bununla heç nə itirməyəcək. Bu günə qədər görülən işlər, atılan addımlar qurumun baş katibinə xoş gəlmək üçün deyil, Azərbaycanın bu günü üçündür.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının baş katibi Torbyorn Yaqland daim ölkəmizə qarşı qərəzli mövqeyi, qərəzli açıqlamaları ilə diqqət çəkir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Avropa Şurasının baş katibinin fəaliyyəti nəticəsində bu qurum ilə Azərbaycan arasında süni böhran yaradılmışdır. Bu böhranın təşəbbüskarı biz deyilik. Biz, sadəcə olaraq, bizə qarşı aparılan riyakar və ədalətsiz siyasətlə bağlı adekvat addımlarımızı atırıq. Bizə olan hücumları heç vaxt cavabsız qoymamışıq.
Azərbaycan daim aparılan qərəzli təbliğatı real həqiqətlərlə, bugünümüzün reallıqları ilə cavablandırmağa səy göstərib. İqtisadi və siyasi islahatların vəhdətliyi fonunda ölkəmiz biri-birindən önəmli uğurlara imza atır. Ölkəmizin dünya əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində də alternativi olmayan siyasəti, inkişaf modeli dayanır. Dövlətimizin başçısı çıxışlarında bu məqamı da xüsusi edir ki, h hər bir dövlət yalnız öz daxilindəki proseslərə lazımi diqqət yetirsə, digər dövlətin daxili işinə müdaxiləyə yol verməsə, təbii ki, qarşıdurmalar, gərginliklər yaşanmaz. Azərbaycana qarşı aparılan qərəzli təbliğatın bir cavabı var- Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Bu siyasət milli maraqlarımıza söykənir. Ölkəmiz özü üçün çətinlik doğura biləcək heç bir riskli macəraya qoşulmur. Ölkə Prezidentinin qeyd etdiyi kimi, bizim üçün daxili risklər mövcud deyil: “Bizdə sabit siyasi və iqtisadi vəziyyət var. Üzləşə biləcəyimiz bütün potensial risklər xaricdən qaynaqlana bilər. Azərbaycanı müəyyən ölkələr əleyhinə kampaniyalara sürükləmək cəhdləri olub. Biz hər zaman bitərəf qalmışıq. Biz heç kəsə qarşı oyun aparmırıq və heç bir riskli və milli maraqlarımıza uyğun olmayan kampaniyanın tərkib hissəsi deyilik. Yəni, hücumların səbəblərindən biri bəzilərinin Azərbaycanı kiçik dövlət üçün artıq dərəcədə müstəqil hesab etməsidir. Bəzi QHT-lərin belə reytinqləri ölkəmizi gözdən salmaq, nüfuzumuza xələl gətirmək və Azərbaycanı qeyri-demokratik dövlət kimi təqdim etmək məqsədi daşıyır. Bu isə qətiyyən belə deyil.”
Yeganə Əliyeva, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır