03 may 2018 14:24
1578

Zərifə xanım Əliyevanın əməlləri, mərhəməti, xeyirxahlığı hər kəsə nümunədir

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın fəaliyyətinin əsasında insan amilinə dəyər dayanırdı

Yaşadığımız ömür payını zənginləşdirən əsas amil illərin fonunda qoyduğumuz izlərdir. Bu baxımdan illər və izlər bizləri  paralel şəkildə müşayiət edir. İzlər yaşadığımız dövrdə “öz aktuallığını” arxa plana keçirsə də, dünyadan köçdükdən sonra bir növ təqdimatımıza çevrilir.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hər birimizin həyat amalına çevrilən bu fikirini xatırlatmaq istərdik: “Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünəməxsus olan yeri tapmalıdır.” Dahi şəxsiyyət eyni zamanda bildirmişdir ki,  həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır.

Zərifə xanım Əliyeva   əməlləri, mərhəməti, xeyirxahlığı ilə  hər kəsə nümunə, həyatda tutduğu yeri ilə örnək olanlardan biri idi. Zərifə xanım Əliyevanı təqdimatsız təqdim etməyimizin səbəbi yaşadığı 62 illik ömür yolunun hər bir səhifəsinə özünəməxsus şəkildə möhür vurmasıdır. 1923-cü il aprelin 28-də dünyaya gələn, 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşan Zərifə xanım Əliyevanın həyat yoluna qısa nəzər salmadan öncə bu təqdimatı böyük fəxrlə, qürur hissi ilə qeyd edə bilərik ki, yüksək intellekt,  zəngin mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər   onun  portretini yaradır. Qismətinə yazılan bir xoşbəxliyi də qaranlıq gözlərə nur paylayaraq  oftalmologiya elmində  dəst-xətti ilə iz qoymasıdır.  Bu nöqteyi-nəzərdən Azərbaycanın səhiyyəsinə böyük töhfələr vermiş bu insanı xatırlayanda hər kəsin gözü önündə  əziz xatirəsi, milyonlarla insanın qəlbində yaşayan görkəmli elm fədaisinin- Zərifə xanım Əliyevanın işıqlı çöhrəsi canlanır.

Bizlərə yardımçı olan vikipediyanın köməkliyi ilə Zərifə xanım Əliyevanın  həyat və fəaliyyətinə qısa nəzər salaq. 1947-ci ildə  N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti)  bitirmişdir.  Azərbaycan  Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi,  1969-cu ildən isə Ə.Əliyev adına  Azərbaycan Həkimləri Təkmilləşdirmə  İnstitutunda  göz xəstəlikləri  kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri  vəzifələrində çalışmışdır. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparmışdır. Məşhur oftalmoloq M.Krasnov Zərifə xanımın görmə orqanının peşə patologiyasının öyrənilməsinə həsr etdiyi tədqiqatları yüksək qiymətləndirərək qeyd edib ki, Zərifə Əziz qızı yaşasaydı, oftalmologiya elmi sahəsində yeni kamil bir məktəbə rəhbərlik edə bilərdi.  Moskva oftalmoloji məktəbi Zərifə xanımı oftalmologiyanın mirvarisi adlandırırdı. Dünya şöhrətli oftalmoloq, akademik A.Nesterov demişdir: “Zərifə Əliyeva böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm”. Zərifə xanım Əliyevanın zəhmətinə dəyəri ifadə edən bu fikirləri xeyli sayda sadalamaq olar.

Zərifə xanım Əliyevanın  Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri böyükdür. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Bir sözlə, Zərifə xanım Əliyeva elmdə “peşə oftalmologiyası”nın əsasını qoyub.  Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir. Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.

Təbii ki, bütün bu uğurların əsasında  akademik Zərifə xanım  Əliyevanın aldığı həyat dərsi dayanırdı.  O, Azərbaycanın görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin həyat yoldaşı idi. Azərbaycanın səhiyyə sisteminin inkişafında misilsiz xidmətləri olan Əziz Əliyevin  həyat yolu övladları üçün  həyat məktəbi olub.  Zərifə xanım Əliyeva  ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimilik, doğma ocağa, xalqa və Vətənə məhəbbət, bəşəri dəyərlərə bağlılıq kimi xüsusiyyətlər ilə diqqət çəkib. Ümummilli lider Heydər Əliyevin həyat yoldaşı kimi keçdiyi yol, əldə etdiyi təcrübəni geniş təhlil etməyə ehtiyac yoxdur. 

Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın  95 illik yubileyinin qeyd edildiyi günlərdə geri baxdıqda görülən işlərin, xidmətlərin böyüklüyünü daha dərindən dərk edir, qürur duyuruq. Artıq aforizmə çevrilən bu fikri bir daha qeyd etmək istərdik ki, zaman hadisələrə, hər kəsin fəaliyyətinə və xidmətlərinə düzgün dəyər vermək baxımından zəngin mənbədir.

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər  Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın ailəsində böyüyən övladların Azərbaycan dövlətinə, xalqına xidmətlərinin miqyasına diqqət yetirdikdə də  bu ailənin həyat amalının xalqa xidmət olduğu bir daha təsdiqlənir.

Dövlətimizin başçısı İlham Əliyev 1995-ci ildə  müsahibələrinin birində  jurnalistin “Siz Zərifə xanımı necə xatırlayırsınız” sualına cavabında bildirmişdir: “Ən əziz insan kimi. Onun vəfatından sonra mənim həyatım, bütün ailəmizin həyatı dəyişildi. Yəni indi mən o vaxtlardakı kimi gülə bilmirəm, baxmayaraq ki, onun həyatdan getməsindən on ildən çox vaxt ötür. Mənim həyatımda xoşbəxt hadisə olanda düşünürəm: o da bunun üçün sevinərdi. O, vəfat edəndə mənim böyük qızımın bir yaşı vardı. Yəni mənim qızlarım öz nənələrini görməyib, bu onların tərbiyəsində böyük itkidir.” Cənab İlham Əliyev eyni zamanda   Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyi ilə bağlı keçirilən mərasimdə “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o, həm peşəkar həkim, eyni zamanda, çox xeyirxah insan idi və hər bir həkimdə bu iki amil birləşməlidir. Çünki həkim peşəkar olmalıdır, insanlara xidmət göstərməlidir. Eyni zamanda, həkim xeyirxah insan olmalıdır. Zərifə xanımın bu məsələlərlə bağlı da fikirləri, məqalələri var idi. Həkimin etik davranışı ilə bağlı onun çox dəyərli fikirləri olmuşdur. Hesab edirəm ki, bu fikirlər bu gün də hər bir həkim üçün əsas olmalıdır”  fikirləri ilə bir daha onun  neçə xeyirxah insan olduğuna, həmçinin peşəsinə vurğunluğuna işıq salmışdır. Xeyirxahlıq Zərifə xanımın varlığına hakim kəsilmiş ən böyük insani keyfiyyəti idi. Əbəs yerə deyilmir ki,  gözlər qəlbin aynasıdır. O, xəstələrinin gözlərinə nur verməklə onların istəklərini, ürəklərindən keçənləri gözlərindən oxumaq istəyirdi. Onun şəfalı əlləri ilə nurlanan baxışlar isə daim Zərifə xanıma minnətdarlıq hissi ilə dolu olurdu.

Ölkə Prezidenti İlham Əliyev qeyd olunan çıxışında, həmçinin Zərifə xanıma xas  xüsusiyyətlərdən birinə-sadəliyinə də aydınlıq gətirmişdir: “Bir daha demək istəyirəm ki, heç vaxt heç bir sözü, addımı ilə göstərmirdi ki, onun cəmiyyətdə hansısa xüsusi statusu vardır və bu da təbiidir, əslində belə də olmalıdır. Ancaq biz bilirik ki, bir çox hallarda belə deyil və müəyyən statusa malik olan insanlar, yaxud da ki, onların yaxınları özləri üçün xüsusi imtiyazlar tələb edirlər. Zərifə xanımın bu sahədəki hərəkətləri, davranışı da nümunə olmalıdır. Zərifə xanım çox yüksək mədəniyyətə malik olan, çox istedadlı, bilikli insan idi. Nəinki öz peşəsində, eyni zamanda, hərtərəfli istedadlı bir insan idi və bəziləri üçün o, necə deyərlər, son ümid yeri, ümid ünvanı idi. Hətta tanımadığı adamlar belə müxtəlif xahişlərlə, müxtəlif şikayətlərlə onun iş yerinə gəlirdilər. O, çalışırdı ki, hər kəsə kömək göstərsin. Tanımadığı adamların xahişlərini gəlib atama çatdırırdı və o məsələlərin böyük əksəriyyəti öz həllini tapırdı. Yəni, daim insanlara xidmət etmək, kömək göstərmək arzuları, amalları ilə yaşayırdı.” Zərifə xanımın ömrü qısa olsa da, o müddətdə  belə xeyirxah əməlləri ilə insanlığın əlçatmaz zirvəsini fəth etmişdi.  O,  cəmiyyətdə, ictimaiyyət və çalışdığı kollektiv arasında ehtiram qazanan əsl ziyalılardan olub, ardıcıllarını da özünə layiq sağlamlıq keşikçiləri kimi hazırlayıb. Onun oftalmologiyanın müxtəlif sahələrinə həsr etdiyi monoqrafiyaları alimlərin və həkimlərin, həmçinin ali tibb məktəblərində təhsil alan tələbələrin stolüstü kitablarıdır.

Əməlləri ilə tarix yazan Zərifə xanım Əliyeva  qayğıkeş ana kimi övladlarını Vətənə məhəbbət ruhunda böyütmüş, bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirərək Azərbaycanı zirvələrə yüksəldən Prezident İlham Əliyev kimi siyasətçini xalqımıza bəxş etmişdir. Elə yazını cənab İlham Əliyevin bu fikirləri ilə tamamlayırıq:  “Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir. Onu tanıyanlar və tanımayanlar, haqqında kitablarda, məqalələrdə oxuyanlar da hesab edirəm ki, onun nurlu obrazını daim öz ürəyində saxlayır. Zərifə xanım böyük həkim, böyük alim, böyük insan idi. Onun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır”

Yeganə Əliyeva, “İki sahil”