04 may 2018 14:35
1487

Növbəti illərdə Azərbaycan daha da qüdrətli ölkəyə çevriləcək

Son 15 ildə Azərbaycan davamlı inkişaf yolu ilə inamla irəliləyib və bunun nəticəsidir ki, bu gün ölkəmiz Cənubi Qafqazın lider dövlətidir. Ölkəmizin qüdrətinin və nüfuzunun nəticəsidir ki, regionda hər hansı bir beynəlxalq layihələrin reallaşması Azərbaycanın iştirakı olmadan mümkün deyil. Bu, ölkənin iqtisadi gücü, potensialı, mədəni  inkişafı, mənəvi yüksəlişi, müasirliyi, təşəbbüslərinin intellektuallığı və innovasiyalılığı, dünya səviyyəsində mövcud tələblərə cavab vermək bacarığı ilə başa gəlir.

Ümumilikdə ölkə iqtisadiyyatının göstəriciləri elə səviyyəyə çatıb ki, artıq qlobal əhəmiyyətli layihələrin icrası Azərbaycan üçün tamamilə məqbuldur. Beynəlxalq tranzit nəqliyyat marşrutları, enerji daşıyıcıları üzrə boru kəmərləri, müxtəlif formatlı regional əməkdaşlıq, beynəlxalq layihələrin gerçəkləşdirilməsi ölkənin yüksək səviyyəli imicini formalaşdırıb, şöhrətini bütün dünyaya yayıb. Qlobal enerji və nəqliyyat-kommunikasiya layihələri uğurla gerçəkləşdirilib, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu artırılıb. Cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi ilk gündən indiyə kimi Azərbaycanın təşəbbüskarı olduğu və bütün dünyada geniş əks-səda doğuran Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, “Cənub Qaz Dəhlizi”, Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji əhəmiyyətli tarixi layihələrin icrası gerçəkləşdirilib. Bundan əlavə, bölgələrimizin siması sözün əsl mənasında dəyişib, paytaxtla regionlar arasında heç bir fərq yoxdur.

Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində çıxışı zamanı ölkəmizin əldə etdiyi nailiyyətlərlə kifayətlənməməyin zəruriliyini bildirib: “Biz gələcəyə baxmalıyıq və baxırıq.  Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var.”

Xalq Prezident seçkilərində cənab İlham Əliyevə ona görə etimad göstərdi ki, iqtisadi islahatlar daha böyük miqyasda həyata keçirilsin. Bu günə kimi ölkədə  yoxsulluğun səviyyəsi 49 faizdən 5,4 faizə, işsizlik 5 faizə düşüb. Son 15 il ərzində ölkə iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə qoyulub. Azərbaycanın iqtisadi uğurları dünyanın aparıcı maliyyə, o cümlədən iqtisadi təsisatlarının hesabatlarında geniş yer alır. Davos Dünya İqtisadi Forumu ölkələrin rəqabətqabiliyyətliliyi baxımından Azərbaycanı 35-ci yerdə qərarlaşdırıb. İnklüziv inkişaf indeksinə görə, Azərbaycan inkişaf edən ölkələr sırasında üçüncü yerdədir.

Bu faktlar beynəlxalq aləmə inteqrasiya üzrə sanballı göstəricilər sayılır və o deməkdir ki, qarşıdakı illərdə ölkəmizin beynəlxalq layihələrdə, enerji təhlükəsizliyi işində rolu xeyli  genişlənəcək.  Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində sözügedən dövrdə sənaye istehsalının 2,6 dəfə, valyuta ehtiyatlarının 24 dəfə artdığını, bu gün isə 44 milyard dollara bərabər olduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısı Azərbaycan iqtisadiyyatının bundan sonra da dinamik inkişaf edəcəyinə əminliyini bildirib: “Gələcək illərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. İqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir, bütün xoşagəlməz hallara son qoyulmalıdır. Bütün iqtisadi qurumlar dünyanın inkişaf etmiş ölkələrində olan müsbət təcrübəni tətbiq etməlidirlər. Belə göstərişlər verilibdir. Əminəm ki, Azərbaycan vətəndaşları, sahibkarlar yaxın gələcəkdə bizim islahatlarımızın müsbət təsirini görəcəklər.”

Həyata keçirilən sosial-iqtisadi tədbirlər, eyni zamanda, 15 il ərzində insan amilinə necə yüksək dəyər verildiyini, vətəndaşların maraq və mənafeyinin uca tutulduğunu, xalq-iqtidar birliyinin gücünü  göstərir.  Son 15 ildə əhalinin gəlirlərinin, maaş və pensiyaların, sosial müavinətlərin artımına görə Azərbaycan əksər ölkələri qabaqlayıb. İqtisadi inkişafın əsas təməl prinsiplərindən olan sahibkarlığın genişlənməsi, əhalinin məşğulluq səviyyəsinin artması, maddi rifah halının yaxşılaşması müstəqilliyin nəticəsi olduğu kimi, hökumətin apardığı sosial mahiyyətli siyasət də müstəqilliyi daha da gücləndirib. Dövlətimizin başçısı çıxışında bir məqamı xüsusi vurğulayıb ki, son 15 il ərzində biz sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik: “Bunu rəqəmlər də təsdiqləyir. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur yaradılır. 3100-dən çox məktəb tikilib və təmir edilib. 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Yəni, sosial siyasət daim diqqət mərkəzindədir. Dəfələrlə bu məsələ ilə bağlı fikrimi bildirmişəm, bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır.”

Orxan Vahidoğlu, “İki sahil”