07 mart 2023 22:59
484

Sistemli islahatların davamı

Bu gün ölkəmizdə aparılan genişmiqyaslı islahatlar bütün sahələri əhatə edir. Belə ki, iqtisadi, sosial, siyasi və digər sahələrdə aparılan islahatlar Azərbaycanın dinamik inkişafını təmin edir. Eyni zamanda, 2020-ci ildə yeni tərkibdə formalaşmış parlament də qanunvericilik sahəsində islahatların aparılmasına böyük töhfələr verməkdədir.

Bildiyiniz kimi, 2020-ci ilin martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev parlamentin gələcək fəaliyyəti ilə bağlı çox mühüm mesajlar verdi. Eyni zamanda Milli Məclisdə islahatlar, parlamentdə baş verən dəyişiklərlə bağlı təhlillər apardı. Qeyd edim ki, cənab İlham Əliyevin ətraflı və dolğun çıxışı Azərbaycan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Dövlət başçısının parlamentdə dərin məzmunlu çıxışında qaldırdığı məsələlər sırasında xüsusilə çoxpartiyalılığın Azərbaycan siyasi sisteminin inkişafında yeri və rolu ilə bağlı məqamı vurğulaması təqdirəlayiqdir. Dövlət başçısı Bildirdi ki, islahatlar nəticəsində Prezident Administrasiyasında, Nazirlər Kabinetində, yerli mərkəzi icra hakimiyyəti orqanlarında struktur və kadr dəyişiklikləri həyata keçirilmişdir.

Qeyd edim ki, ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və komitələrində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədini daşıyır. Cənab Prezident İlham Əliyevin çıxışında qaldırdığı məsələlər sırasında xüsusilə çoxpartiyalılığın Azərbaycan siyasi sisteminin inkişafında yeri və rolu ilə bağlı məqamı vurğulaması təqdirəlayiqdir. Dövlət başçısı 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra onun təşəbbüsü ilə ölkədə dərinləşən islahatlar kursuna start verildiyini və bu islahatlar kursunun bütün sferaları əhatə etdiyini diqqətə çatdırdı. 

Cənab Prezident İlham Əliyev gənclər siyasəti ilə bağlı fikilərini bildirərkən ölkəmizdə əhalinin mütləq əksəriyyətinin gənclər, demoqrafik mənzərənin çox müsbət olduğunu qeyd etdi. Çıxışında gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, könüllülər hərəkatı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində  qanunvericilikdə bir sıra addımlar atıldığını vurğulayaraq, ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amilin mövcud olmadığını, lakin anti-Azərbaycan qüvvələrin ölkəmizin xaricində bu amilləri yaratmaq istədiklərini diqqətə çatdırdı. Qeyd etdi ki, həmin qüvvələrin özünü müxalifət adlandıran, tamamilə rüsvayçı halda guya fəaliyyətini davam etdirən qrup­laşmadan artıq əlləri üzülüb və onlara heç inam da qalmayıb. Eyni zamanda, gənclərin mənəvi və fiziki hazırlığı üçün əlavə tədbirlərin həyata keçirilməli olduğunu, Milli Məclisin və onun müvafiq komitələrinin bu işlə məş­ğul olub konkret təkliflər irəli sürəcəklərinə ümid bəslədiyini bildirdi.

Milli Məclisin əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsidir. Dövlət başçısı beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına da toxunaraq, beynəlxalq təmsilçilik məsələlərindən də ətraflı bəhs etdi.

Parlamentin sosial sahə ilə bağlı məsələlərdə daha fəal olmasının vacibliyindən danışarkən Prezident İlham Əliyev bu sahənin, həmişəki kimi, prioritetliyini diqqətə çatdırdı, ötən illərdə önəmli addımlar atıldığını və bunun davam etdiriləcəyini bildirdi.

Sonda qeyd etmək istəyirəm ki, bu gün uğurla fəaliyyət göstərən altıncı çağırış Milli Məclis bundan sonra da dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasına öz töhfəsini verəcək. Parlament xüsusilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar kursuna uyğun işini quracaq və normativ-hüquqi bazanın formalaşdırılması istiqamətində mühüm addımlar atacaqdır.

Mönsüm Alışov,
pedaqoji elmlər doktoru, professor