23 avqust 2026 18:24
365

Əbədi Dostluq Müqaviləsi: Bakı-Daşkənd münasibətlərində Yeni Mərhələ

Azərbaycan və Özbəkistan münasibətlərində 23 avqust 2026-cı il yeni bir mərhələnin başlanğıcı kimi tarixə düşə bilər. Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi ilə başlayan səfərin əsas məqamlarından biri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə keçirilən təkbətək görüş və Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası olub. Dövlət başçılarının iştirakı ilə keçirilən görüşlər iki ölkə arasında münasibətlərin yalnız siyasi dialoq səviyyəsində qalmadığını, iqtisadiyyat, nəqliyyat, enerji, rəqəmsal texnologiyalar, təhsil, mədəniyyət və digər sahələrdə konkret əməkdaşlıq imkanlarının da gündəmdə olduğunu göstərir. 

Siyasi etimaddan iqtisadi imkanlara doğru

Səfərin siyasi və diplomatik baxımdan ən diqqətçəkən nəticəsi “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasıdır. Müqavilədə tərəflər münasibətlərini əbədi dostluq, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında inkişaf etdirmək niyyətlərini təsdiqləyirlər. Eyni zamanda, hər iki dövlət bir-birinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörməti əsas götürür. Bu müddəalar iki ölkənin münasibətlərinin yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmadığını, qarşılıqlı təhlükəsizlik və siyasi dəstəyin də bu münasibətlərin mühüm hissəsinə çevrildiyini göstərir.
Sənəddə diqqət çəkən məqamlardan biri də tərəflərin öz ərazilərinin digər dövlətin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı istifadə olunmasına yol verməmək öhdəliyidir. Bu yanaşma qarşılıqlı etimadın və siyasi həmrəyliyin institusional səviyyədə möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Müqavilənin başqa bir mühüm istiqaməti regional və qlobal təhlükəsizlik məsələləridir. Azərbaycan və Özbəkistan münaqişələrin qarşısının alınması və nizamlanmasında, eləcə də regional və qlobal təhlükəsizlik problemlərinin həllində BMT-nin mərkəzi rolunun gücləndirilməsinə sadiqliklərini ifadə edirlər. Bu, iki ölkənin beynəlxalq məsələlərdə mövqelərinin yaxınlığını və çoxtərəfli platformalarda əməkdaşlıq imkanlarının genişlənəcəyini göstərən müddəalardan biridir.
Sənədin əhatə dairəsi isə siyasi məsələlərlə bitmir. Əksinə, müqavilənin ən mühüm xüsusiyyətlərindən biri iqtisadi və praktiki əməkdaşlığın çoxsaylı istiqamətlərini özündə birləşdirməsidir. Ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişaf etdirilməsi, energetika, nəqliyyat və logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, yaşıl və rəqəmsal iqtisadiyyat, elektron ticarət, informasiya-kommunikasiya və kosmik texnologiyalar üzrə birgə layihələrin həyata keçirilməsi üçün imkanların genişləndirilməsi nəzərdə tutulur.
Bu baxımdan sənəd Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək iqtisadi modelini də müəyyən mənada ortaya qoyur. Əməkdaşlığın yalnız ənənəvi ticarət dövriyyəsi ilə məhdudlaşdırılmaması, yeni texnologiyalar və innovativ sahələrin də münasibətlərin əsas istiqamətlərindən birinə çevrilməsi diqqət çəkir. Xüsusilə rəqəmsal iqtisadiyyat, elektron ticarət və kosmik texnologiyaların sənəddə ayrıca qeyd olunması gələcək əməkdaşlığın daha yüksək texnologiyalı sahələrə doğru genişlənəcəyindən xəbər verir.

Daşkənddən Bakıya, Mərkəzi Asiyadan dünyaya uzanan yol

Nəqliyyat və logistika isə müqavilənin xüsusi əhəmiyyət daşıyan istiqamətlərindən biridir. Tərəflər yüklərin və sərnişinlərin daha əlverişli və qarşılıqlı faydalı daşınmasını təmin etmək, nəqliyyat dəhlizlərinin tranzit potensialını artırmaq üçün qarşılıqlı əlaqəli nəqliyyat sisteminin daha da möhkəmləndirilməsinə şərait yaratmağı öhdələrinə götürürlər.
Bu müddəa Azərbaycan və Özbəkistanın Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında nəqliyyat və logistika əlaqələrinin inkişafında qarşılıqlı marağını daha da ön plana çıxarır. Azərbaycan öz coğrafi mövqeyinə görə Şərq-Qərb və digər beynəlxalq nəqliyyat marşrutlarının mühüm halqalarından biri olduğu halda, Özbəkistan Mərkəzi Asiyanın ən böyük iqtisadi və demoqrafik mərkəzlərindən biri kimi regiondakı nəqliyyat imkanlarının genişlənməsində xüsusi çəkiyə malikdir. Buna görə də iki ölkənin nəqliyyat sahəsində əməkdaşlığının genişlənməsi təkcə ikitərəfli münasibətlər üçün deyil, daha geniş regional əlaqələr baxımından da əhəmiyyətlidir.
Müqavilənin iqtisadi gündəliyində “yaşıl” iqtisadiyyatın da yer alması diqqətəlayiqdir. Dünyada iqtisadi inkişaf modellərinin dəyişdiyi, enerji keçidinin və rəqəmsal transformasiyanın sürətləndiyi bir dövrdə Azərbaycan və Özbəkistanın bu sahələri qarşılıqlı əməkdaşlığın istiqamətləri kimi müəyyənləşdirməsi gələcək layihələr üçün yeni imkanlar yarada bilər.

Siyasi müttəfiqlikdən əməkdaşlığa

Digər tərəfdən, sənəd iki ölkə arasındakı münasibətlərin yalnız dövlət qurumları və biznes strukturları səviyyəsində inkişaf etdirilməsini nəzərdə tutmur. Parlamentlərarası əlaqələrin genişləndirilməsi, xalqlar arasında dostluğun sosial və ictimai əsaslarının möhkəmləndirilməsi də müqavilədə ayrıca yer alır. Bu isə münasibətlərin dövlətlərarası diplomatiyadan cəmiyyətlərarası əlaqələrə qədər genişləndirilməsi baxımından mühüm məqamdır.
Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin ən güclü dayaqlarından biri isə xalqların tarixi, mədəni və dil yaxınlığıdır. Müqavilədə mənəvi, təhsil və mədəni yaxınlığın qorunması, elm, təhsil, tibb, mədəniyyət, mədəni irs, gənclər, turizm və idman sahələrində mübadilə və əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.
Xüsusilə Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisi ilə bağlı müddəa iki ölkənin humanitar əlaqələrinin gələcək istiqaməti baxımından maraqlıdır. Bu addım yalnız dil öyrənilməsi məsələsi deyil. Qarşılıqlı dil biliklərinin genişlənməsi ədəbiyyat, elm, təhsil, media və mədəniyyət sahələrində birbaşa əlaqələrin artmasına da zəmin yarada bilər.
Müqavilədə regionlararası əməkdaşlığa xüsusi diqqət yetirilməsi də münasibətlərin yeni mərhələsinin mühüm elementlərindən biridir. Şəhərlər və regionlar arasında tərəfdaşlıq əlaqələrinin qurulmasının təşviqi əməkdaşlığın mərkəzi hökumətlər səviyyəsindən aşağıya doğru genişlənməsinə imkan verir. Belə münasibətlər konkret layihələrin, qarşılıqlı investisiyaların, biznes əlaqələrinin, təhsil və mədəniyyət mübadilələrinin artmasına şərait yarada bilər.
Turizm də sənəddə ayrıca istiqamət kimi müəyyənləşdirilib. Azərbaycan və Özbəkistanın turizm potensialının irəlilədilməsi və turizm məhsullarının tanınmasının artırılması üçün əməkdaşlığın təşviq edilməsi iki ölkənin həm tarixi-mədəni irsindən, həm də artan qarşılıqlı maraqdan daha geniş istifadə etməyə imkan verə bilər.

Gələcək nəsillərə ötürülən irs: Bakı-Daşkənd tərəfdaşlığı

Beləliklə, 23 avqust iki ölkə münasibətlərinin tarixində sadəcə yeni sənədin imzalandığı tarix deyil. Bu tarix Azərbaycan və Özbəkistan arasında illər ərzində formalaşan siyasi etimadın daha geniş əməkdaşlıq platformasına çevrilməsinin rəsmi ifadəsi kimi yadda qala bilər. “Əbədi dostluq” anlayışının müqavilə səviyyəsində təsbit olunması isə münasibətlərin yalnız bugünkü siyasi gündəmlə deyil, gələcək nəsillər arasında əlaqələrin davamlılığı ilə də əlaqələndirildiyini göstərir.

Nigar Orucova, “İki sahil”