23 avqust 2026 12:02
223

Azərbaycan–Özbəkistan münasibətləri: strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru

Azərbaycanın xarici siyasəti milli maraqların qorunması, dövlət suverenliyinin möhkəmləndirilməsi və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi prinsipləri əsasında ardıcıl və çoxvektorlu şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən xarici siyasətdə dost və qardaş dövlətlərlə münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətləri tarixi, mədəni və mənəvi yaxınlığın müasir siyasi və iqtisadi maraqlarla uzlaşdığı nümunəvi tərəfdaşlıq modelidir. Bu gün Azərbaycan–Özbəkistan əlaqələri yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə Türk dünyasında və Avrasiya məkanında əməkdaşlığın inkişafının mühüm istiqamətlərindən birini təşkil edir.

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibə verdi.

Müsahibədə səsləndirilən fikirlərdən aydın görünür ki, Azərbaycan və Özbəkistan münasibətlərinin əsasını yalnız dövlətlərarası maraqlar deyil, ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər və xalqlar arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbət təşkil edir. Məhz bu mənəvi-siyasi baza son illərdə münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsinə imkan verən əsas amillərdən biridir.

Azərbaycan və Özbəkistan arasında münasibətlərin bugünkü yüksək səviyyəsi uzunmüddətli və ardıcıl siyasi dialoqun nəticəsidir. Son beş ildə dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və intensiv təmaslar ölkələrimiz arasında siyasi etimadın institusional xarakter almasını təmin edib.

Dövlət başçımızın müsahibəsində qeyd etdiyi kimi, 2024-cü ilin avqustunda Prezidentimizin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri münasibətlərin hüquqi-siyasi bazasını daha da möhkəmləndirib. Bu səfərlər zamanı imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkənin münasibətlərində yeni mərhələnin hüquqi əsaslarını formalaşdırıb.

Azərbaycan və Özbəkistan arasında müttəfiqlik yalnız siyasi bəyanatlarla məhdudlaşmır. Müttəfiqlik müxtəlif sahələrdə konkret layihələr, institusional mexanizmlər və qarşılıqlı iqtisadi maraqlar vasitəsilə real məzmun qazanır.

2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini nümayiş etdirən mühüm mexanizmlərdən biridir. Şuranın yaradılması ölkələrimiz arasında əməkdaşlığın ayrı-ayrı sahələr üzrə deyil, kompleks və uzunmüddətli yanaşma əsasında koordinasiya edilməsinə imkan verir.

Daşkənddə və Bakıda keçirilmiş iclaslar siyasi dialoqun davamlılığını və tərəflərin münasibətləri yeni təşəbbüslərlə zənginləşdirmək iradəsini nümayiş etdirir. Bu baxımdan Şura qəbul edilən siyasi qərarların iqtisadi, humanitar və institusional layihələrə transformasiyasını təmin edən strateji mexanizmdir.

Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm xüsusiyyətlərindən biri siyasi yaxınlığın iqtisadi əməkdaşlıqla paralel şəkildə inkişaf etməsidir.

2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması iqtisadi münasibətlərdəki dinamikanın göstəricisidir. 2026-cı ilin ilk beş ayında isə ticarət dövriyyəsinin 33 faiz artması qarşılıqlı iqtisadi maraqların genişləndiyini göstərir.

Azərbaycan və Özbəkistan iqtisadiyyatlarının bir-birini tamamlayan imkanları yeni istehsal və investisiya zəncirlərinin formalaşdırılması üçün əlverişli zəmin yaradır. Azərbaycan üçün Özbəkistan Mərkəzi Asiya bazarlarına çıxış baxımından, Özbəkistan üçün isə Azərbaycan Cənubi Qafqaz, Xəzər və Avropa istiqamətində mühüm iqtisadi və logistika platformadır.

500 milyon dollar ümumi kapitalla yaradılmış Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti də məhz bu potensialın reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Şirkətin fəaliyyəti qarşılıqlı investisiyaların artırılmasına və birgə layihələrin maliyyələşdirilməsinə xidmət edir.

İki ölkənin iqtisadi tərəfdaşlığının mühüm istiqamətlərindən biri sənaye kooperasiyasıdır. Füzulidə “Chevrolet” avtomobillərinin və “Isuzu” avtobuslarının istehsalı üzrə həyata keçirilən layihələr əməkdaşlığın artıq konkret istehsal nəticələri yaratdığını göstərir.

Eyni zamanda, Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi investisiya layihələri də qarşılıqlı iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir. “PASHA Holding” tərəfindən Daşkənddə “The Ritz-Carlton” brendi altında hotel və yaşayış kompleksinin, eləcə də Daşkənd vilayətində “Sea Breeze Uzbekistan” layihəsinin həyata keçirilməsi Azərbaycan kapitalının Mərkəzi Asiya bazarında fəallaşmasının göstəriciləridir.

Energetika sahəsində əməkdaşlıq isə münasibətlərin daha strateji xarakter daşıyan istiqamətlərindən biridir. SOCAR və Özbəkistanın müvafiq enerji qurumları arasında yaradılan birgə müəssisələr neft-qaz sektorunda texnoloji və istehsal əməkdaşlığını gücləndirir.

Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi hər iki ölkəyə Şərq–Qərb nəqliyyat bağlantılarında strateji rol oynamaq imkanı verir. Bu baxımdan Orta Dəhlizin inkişafı iki ölkənin iqtisadi maraqlarını birləşdirən əsas platformalardan biridir.

Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və digər regional nəqliyyat təşəbbüsləri ilə inteqrasiyası Mərkəzi Asiyanı Qafqaz və Avropa bazarlarına daha sıx bağlaya bilər. Bu proses Azərbaycan və Özbəkistanı yalnız ikitərəfli tərəfdaş deyil, Avrasiyanın dəyişən nəqliyyat xəritəsinin formalaşmasında maraqlı strateji aktorlar kimi ön plana çıxarır.

2025-ci ildə iki ölkə arasında tranzit daşımalarının 1,4 milyon tona çatması və 2026-cı ilin ilk yarısında artımın davam etməsi bu potensialın artıq praktik müstəvidə reallaşdığını göstərir.

Dövlətlərimizin münasibətlərinin ən mühüm dayaqlarından biri də mədəni-humanitar yaxınlıqdır.

Xalqlarımız ortaq türk tarixinə, zəngin mədəni irsə və dərin mənəvi bağlara malikdir. Bu baxımdan mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi layihələr və qarşılıqlı təhsil proqramları yalnız mədəni mübadilə vasitəsi deyil, həm də strateji humanitar diplomatiyanın mühüm alətləridir.

2023 və 2025-ci illərdə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin, 2024-cü ildə isə Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi qarşılıqlı mədəni diplomatiyanın ardıcıllığını göstərir. Xivədə keçirilən “Şuşa Günləri” isə Azərbaycanın mədəni irsinin Özbəkistanda təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Özbəkistan Milli Pedaqoji Universitetinin Nizami Gəncəvinin adını daşıması iki xalqın mənəvi və ədəbi bağlarının simvolik ifadələrindən biridir. Bakıda yaradılması nəzərdə tutulan “Özbəkistan” parkı da bu qardaşlığın şəhər məkanında təcəssüm edən rəmzlərindən biri olacaq.

Təhsil sahəsində əməkdaşlıq gələcək nəsillər arasında əlaqələrin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 2025–2026-cı tədris ilində Azərbaycan və Özbəkistan vətəndaşlarının qarşılıqlı olaraq digər ölkədə təhsil alması bu istiqamətdə əməkdaşlığın real nəticələrini nümayiş etdirir.

Füzulidə Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına məktəb isə təhsil layihəsindən daha böyük məna daşıyır. Bu məktəb işğaldan azad edilmiş ərazilərin bərpasına Özbəkistanın verdiyi mənəvi və praktiki dəstəyin simvoluna çevrilib.

QHT-lər arasında əməkdaşlığın genişlənməsi və ilk dəfə birgə qrant müsabiqəsinin elan edilməsi isə diplomatik münasibətlərin cəmiyyətlərarası səviyyəyə keçdiyini göstərir. Bu, dövlətlərarası münasibətlərin sosial bazasının genişlənməsi baxımından mühüm amildir.

Turist səfərlərinin artması Azərbaycan–Özbəkistan münasibətlərinin xalqlar səviyyəsində də dərinləşdiyini göstərən mühüm göstəricidir. 2024-cü ildə Azərbaycana 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin ilk səkkiz ayında isə 44 min Özbəkistan vətəndaşının səfər etməsi turizm əlaqələrinin yüksələn dinamikasını nümayiş etdirir.

Bununla yanaşı, şəhərlər arasında qardaşlaşma təşəbbüsləri münasibətlərin regional səviyyədə möhkəmlənməsinə imkan yaradır. Bakı–Daşkənd, Şuşa–Xivə, Lənkəran–Buxara, Şəki–Kokənd, Füzuli–Gülüstan və digər şəhərlər arasında qurulan tərəfdaşlıq əlaqələri xalqların birbaşa təmaslarını genişləndirən mühüm diplomatik

Azərbaycan və Özbəkistanın münasibətləri ikitərəfli çərçivə ilə məhdudlaşmır. Hər iki ölkənin Türk Dövlətləri Təşkilatında fəal mövqeyi türk dünyasında inteqrasiya proseslərinə mühüm təsir göstərir.

TDT çərçivəsində siyasi, iqtisadi, nəqliyyat, enerji, təhsil və mədəni əməkdaşlığın genişləndirilməsi türk dövlətlərinin beynəlxalq sistemdə daha koordinasiyalı mövqe nümayiş etdirməsinə imkan yaradır.

Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv qəbul edilməsi də bu baxımdan mühüm hadisədir. Azərbaycan və Özbəkistanın ortaq türk irsinin qorunması və təbliği istiqamətində əməkdaşlığı Türk dünyasının mədəni inteqrasiyasının gücləndirilməsinə xidmət edir.

Müsahibənin ən mühüm geosiyasi məqamlarından biri Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması ilə bağlıdır.

Azərbaycanın bu formata daxil olması regionun siyasi və iqtisadi xəritəsində yeni reallıq yaradır. Əvvəllər “C5” formatında fəaliyyət göstərən Mərkəzi Asiya dövlətlərinin əməkdaşlıq platformasının Azərbaycanın iştirakı ilə faktiki olaraq “C6” formatına çevrilməsi ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərinin strateji səviyyəyə yüksəldiyini göstərir.

Bu proses Azərbaycanı Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələndirici geosiyasi aktora çevirən amillərdən biridir. Azərbaycanın nəqliyyat, enerji və logistika imkanları, Özbəkistan və digər Mərkəzi Asiya dövlətlərinin isə geniş iqtisadi və resurs potensialı regionlararası əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Bu baxımdan Azərbaycan–Özbəkistan tərəfdaşlığı daha geniş bir geosiyasi mənzərənin – Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın inteqrasiyasının – mühüm elementinə çevrilir.

Azərbaycan və Özbəkistanın BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT və Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalarda qarşılıqlı əməkdaşlığı ikitərəfli münasibətlərin çoxtərəfli diplomatiyaya da transformasiya etdiyini göstərir.

İki ölkənin beynəlxalq məsələlərdə bir-birini dəstəkləməsi onların siyasi etimadının yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmadığını, beynəlxalq platformalarda da qarşılıqlı maraqların uzlaşdırıldığını nümayiş etdirir. Bu amil Azərbaycan və Özbəkistanın beynəlxalq münasibətlər sistemində bir-birinin mövqelərini gücləndirən tərəfdaşlar kimi çıxış etməsinə imkan verir.

Azərbaycan və Özbəkistan bu gün yalnız iki qardaş dövlət kimi deyil, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əməkdaşlığın genişlənməsində mühüm rol oynayan strateji tərəfdaşlar kimi çıxış edirlər. Bir tərəfdən Orta Dəhliz və enerji marşrutları, digər tərəfdən Türk Dövlətləri Təşkilatı və C6 formatı iki ölkənin regional əhəmiyyətini daha da artırır.

Əslində, Azərbaycan–Özbəkistan müttəfiqliyi müasir beynəlxalq münasibətlər sistemində tarixi və mədəni yaxınlığın siyasi iradə, iqtisadi maraqlar və strateji baxışla birləşdiyi uğurlu tərəfdaşlıq modelidir. Qarşıdakı mərhələdə əsas hədəf əldə olunmuş siyasi etimadı daha böyük iqtisadi layihələrə, regional nəqliyyat və enerji təşəbbüslərinə, elmi-mədəni əməkdaşlığa və xalqlar arasında daha sıx əlaqələrə çevirməkdir.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini