Azərbaycan-Özbəkistan xətti ilə yeni Avrasiya arxitekturası: Azərbaycan və Özbəkistan bu yeni arxitekturanı birlikdə formalaşdıran əsas siyasi və iqtisadi aktorlardır
Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovla müsahibə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23–24 avqust 2026-cı il tarixlərində Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərində yeni siyasi, iqtisadi və geostrateji mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər, Ali Dövlətlərarası Şuranın III iclası, Əbədi dostluq haqqında Müqavilənin imzalanması, yeni investisiya və sənaye layihələrinin işə salınması, nəqliyyat, enerji, təhsil və humanitar sahələrdə əldə olunan razılaşmalar iki ölkə arasında müttəfiqliyin artıq konkret iqtisadi və institusional məzmun qazandığını göstərir. Bu proseslərin regional və qlobal əhəmiyyəti barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovla söhbət edirik.
– Sadiq müəllim, Prezident İlham Əliyevin Özbəkistana hazırkı dövlət səfərinin siyasi əhəmiyyətini necə qiymətləndirirsiniz? Bu səfəri Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələnin başlanğıcı hesab etmək olarmı?
– Şübhəsiz. Hesab edirəm ki, bu səfər Azərbaycan–Özbəkistan münasibətlərinin təkcə növbəti yüksəliş mərhələsi deyil, artıq formalaşmış strateji müttəfiqliyin uzunmüddətli siyasi arxitekturasının möhkəmləndirilməsidir. Azərbaycan və Özbəkistanı ortaq tarix, dil, mədəniyyət, mənəvi dəyərlər və Türk dünyasına mənsubiyyət birləşdirir. Lakin hazırda bu tarixi-mənəvi yaxınlıq müasir dövlətçilik maraqları, iqtisadi inteqrasiya, qarşılıqlı investisiya və regional təhlükəsizlik gündəliyi ilə tamamlanır.

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində qeyd etdiyi kimi, son beş ildə dövlət başçıları səviyyəsində 15 qarşılıqlı səfərin baş tutması münasibətlərdəki siyasi dinamikanın miqyasını göstərir. Hazırkı səfərin ən mühüm siyasi nəticələrindən biri isə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasıdır. Bu sənəd artıq mövcud strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə əlavə olaraq Azərbaycanla Özbəkistanın uzunmüddətli siyasi iradəsini təsbit edən yeni hüquqi-siyasi çərçivə yaradır. Başqa sözlə, Azərbaycan–Özbəkistan münasibətləri “dost ölkələr” modelindən “ortaq gələcək quran müttəfiq dövlətlər” modelinə keçir.
– Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində iqtisadi əlaqələrə xüsusi yer ayrılması təsadüfi deyil. Mövcud rəqəmlər bizə nə deyir?
– Rəqəmlər göstərir ki, siyasi yaxınlaşmanın çox konkret iqtisadi nəticələri var. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatıb. 2026-cı ilin yanvar–may aylarında isə ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara yüksəlib. Bu göstəricilərin ən mühüm tərəfi ondan ibarətdir ki, söhbət yalnız mal mübadiləsindən getmir. İndi münasibətlər birgə kapital, birgə istehsal, sənaye kooperasiyası və uzunmüddətli sərmayələr üzərində qurulur. Ümumi kapitalı 500 milyon dollar olan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti bu yeni iqtisadi modelin institusional sütunlarından biridir. Eyni zamanda, Azərbaycanda Özbəkistan investisiyalı 130-dan artıq kommersiya təşkilatının fəaliyyət göstərməsi biznes səviyyəsində də qarşılıqlı etimadın yarandığını göstərir. Mən bunu Azərbaycan–Özbəkistan iqtisadi münasibətlərinin keyfiyyət dəyişikliyi adlandırardım.
– Səfər zamanı 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi də səsləndirildi. Sizcə, bu, real hədəfdirmi?
– Tamamilə realdır. Hətta mövcud dinamika saxlanılarsa, bu, aralıq mərhələ də sayıla bilər. Ali Dövlətlərarası Şuranın III iclasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması üçün konkret proqramın qəbul edilməsi məsələsi vurğulandı. Energetika, kimya, dağ-mədən, tekstil, kənd təsərrüfatı, şəhərsalma, turizm və digər sahələrdə əməkdaşlıq layihələri genişlənir. Prezident İlham Əliyev mətbuata bəyanatında artıq bir milyard dollarlıq ticarət dövriyyəsinə uzaq perspektiv kimi deyil, yaxın illərdə əldə edilə biləcək nəticə kimi yanaşdığımızı bildirdi. Burada vacib məqam odur ki, ticarətin artımı paralel olaraq investisiya, nəqliyyat və istehsal zəncirlərinin genişlənməsi ilə müşayiət olunur. Bu isə iqtisadi münasibətləri daha dayanıqlı edir.
– Səfər çərçivəsində bir sıra yeni layihələrin açılış və təməlqoyma mərasimləri də keçirildi. Hansı istiqamətləri xüsusi qeyd edərdiniz?
– Bu layihələrin spektrinin özü münasibətlərin nə qədər çoxşaxəli olduğunu nümayiş etdirir. Avqustun 23-də prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi bir sıra layihələrin açılış və təməlqoyma mərasimində iştirak etdilər. “Davr Bank”, gips zavodu və Landau adına iki STEAM məktəbinin açılışı oldu. Eyni zamanda, SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsinin, “Sea Breeze Uzbekistan” yaşayış və istirahət kompleksinin, “Baku City” yaşayış kompleksinin, gümüş tərkibli filizin emalı fabrikinin və meyvə bağları layihəsinin təməli qoyuldu. Bu, artıq sadə ixrac-idxal münasibəti deyil. Azərbaycan kapitalının Özbəkistanda bankçılıqdan enerji bazarına, tikintidən təhsilə, turizmdən kənd təsərrüfatına qədər müxtəlif sektorlara daxil olduğunu görürük. Eyni zamanda, Özbəkistan kapitalının Azərbaycan və xüsusilə Qarabağ bölgəsində iştirakının genişlənməsi iqtisadi əlaqələrin qarşılıqlı xarakter daşıdığını nümayiş etdirir.
– SOCAR-ın Özbəkistan bazarına daxil olması və neft-qaz sahəsində planlaşdırılan əməkdaşlıq Azərbaycan üçün hansı strateji əhəmiyyət daşıyır?
– Bu məsələ xüsusi əhəmiyyətlidir. Azərbaycan artıq yalnız xam neft və qaz ixrac edən ölkə modeli ilə məhdudlaşmır. SOCAR beynəlxalq bazarlarda hasilat, emal, pərakəndə satış, neft-kimya və xidmətlər üzrə inteqrasiya olunmuş enerji şirkəti kimi fəaliyyət göstərir. Prezident İlham Əliyev Daşkənddəki bəyanatında SOCAR-ın Özbəkistanın pərakəndə yanacaq bazarına daxil olduğunu, neft-qaz kəşfiyyatı istiqamətində isə tərəflərin artıq son mərhələyə yaxınlaşdığını və gələn il istismar quyularının qazılmasına başlanmasının gözlənildiyini qeyd etdi. Bu, Azərbaycan enerji şirkətlərinin Mərkəzi Asiya bazarında mövqeyinin möhkəmlənməsi deməkdir. Digər tərəfdən, Azərbaycan ilə Özbəkistanın enerji əməkdaşlığı yalnız karbohidrogenlərlə məhdudlaşmır. Bərpaolunan enerji və yaşıl elektrik enerjisinin Xəzər vasitəsilə Qərb istiqamətinə ötürülməsi perspektivi də formalaşır. Bu isə Azərbaycanı gələcəkdə Mərkəzi Asiya ilə Avropa arasında yaşıl enerji körpüsünə çevirə bilər.

– Nəqliyyat və logistika baxımından Azərbaycan–Özbəkistan əməkdaşlığının Avrasiya üçün əhəmiyyəti nədən ibarətdir?
– Bu əməkdaşlığın ən strateji istiqamətlərindən biri məhz nəqliyyatdır. 2025-ci ildə iki ölkə arasında tranzit daşımaların həcmi 6,7 faiz artaraq təxminən 1,4 milyon tona, 2026-cı ilin ilk altı ayında isə daha 12,2 faiz artaraq 675 min tona çatıb. Burada məsələ yalnız Azərbaycan və Özbəkistan arasında yük daşınmasından ibarət deyil. Söhbət Çin və Mərkəzi Asiyadan başlayan, Xəzərdən, Azərbaycandan, Cənubi Qafqazdan keçərək Avropaya uzanan böyük Avrasiya logistika sistemindən gedir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun Orta Dəhlizlə əlaqələndirilməsi bu baxımdan strateji əhəmiyyət daşıyır. Eyni zamanda yeni regional kommunikasiyaların, o cümlədən TRIPP xəttinin perspektivdə bu sistemə inteqrasiyası Avrasiya üzrə alternativ və dayanıqlı nəqliyyat şəbəkəsi yarada bilər. Səfər zamanı Özbəkistan tərəfi Trans-Xəzər dəhlizinin potensialının birgə inkişaf etdirilməsi və hətta Xəzərdə birgə donanmanın yaradılması üzrə işlərin fəallaşdırılması məsələsini də gündəmə gətirdi. Bütün bunlar Azərbaycanın yalnız tranzit ölkə deyil, logistika proseslərini əlaqələndirən regional mərkəzə çevrildiyini göstərir.
– Prezident İlham Əliyevin “Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və geoiqtisadi regiondur” fikri xüsusi diqqət çəkdi. Siz bu yanaşmanı necə şərh edərdiniz?
– Bu, çox mühüm geosiyasi tezisdir. Uzun müddət Cənubi Qafqaz və Mərkəzi Asiya siyasi və iqtisadi ədəbiyyatda ayrı-ayrı regionlar kimi təqdim olunurdu. Halbuki tarix, mədəniyyət, enerji, ticarət və nəqliyyat coğrafiyası bu məkanları bir-birinə sıx bağlayır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu şəkildə qoşulması bu mənada tarixi hadisədir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, əvvəlki “C5” formatı faktiki olaraq daha geniş coğrafiyanı əhatə edən formata çevrilir. Azərbaycan burada təbii körpü rolunu oynayır. Biz həm Cənubi Qafqaza, həm Xəzərə, həm Türkiyə və Avropaya çıxışı olan dövlətik. Özbəkistan isə Mərkəzi Asiyanın demoqrafik, sənaye və iqtisadi baxımdan ən böyük mərkəzlərindən biridir. Bu iki potensialın birləşdirilməsi yeni Avrasiya geoiqtisadi arxitekturasının formalaşmasına xidmət edir.
– Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəsinin tarixi təməllərindən danışarkən Ulu Öndər Heydər Əliyev amilini necə qiymətləndirirsiniz?
– Bu münasibətlərin çox ciddi tarixi və mənəvi yaddaşı var. Ümummilli Lider Heydər Əliyev hələ sovet dövründə Özbəkistana, özbək xalqına və onun dövlət xadimlərinə münasibətdə həmişə prinsipial mövqe nümayiş etdirib. Xüsusilə Şərəf Rəşidovun və Özbəkistan rəhbərliyinin mərkəzdən gələn haqsız siyasi təzyiqlərlə üzləşdiyi dövrlərdə Heydər Əliyevin mövqeyi özbək xalqının tarixi yaddaşında xüsusi yer tutur. Bu gün həmin qarşılıqlı ehtiramın dövlət səviyyəsində davam etdiyini görürük. Daşkənddə Heydər Əliyevin xatirəsinə xüsusi ehtiram göstərilir. Hazırkı səfər çərçivəsində isə Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycan–Özbəkistan dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif etdi. Şavkat Mirziyoyev isə Prezident İlham Əliyevə Özbəkistanın ali dərəcəli “Dostluq” ordenini təqdim etdi. Bu qarşılıqlı təltiflər münasibətlərin həm dövlətlərarası, həm də şəxsi siyasi etimad səviyyəsini simvolizə edir.
– Qarabağın və Şərqi Zəngəzurun bərpasında Özbəkistanın iştirakını necə qiymətləndirirsiniz?
– Özbəkistan işğaldan azad edilmiş Azərbaycan torpaqlarının bərpasına əməli dəstək verən ilk qardaş dövlətlərdən biridir. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin inşa edilməsi son dərəcə mühüm mənəvi hadisədir. Prezident İlham Əliyev də Daşkənddəki bəyanatında Özbəkistanın Qarabağa investisiyaların cəlb olunmasındakı xüsusi rolunu qeyd etdi, Füzulidə məktəbin və Xankəndidə tikiş fabrikinə yatırılan sərmayənin bu əməkdaşlığın konkret nümunələri olduğunu vurğuladı. Burada əsas məsələ investisiyanın məbləğindən də böyükdür. Özbəkistan Azərbaycan xalqının ən həssas və tarixi mərhələsində – Qarabağın dirçəldilməsi prosesində yanımızdadır. Bu, qardaşlığın ən real ifadələrindən biridir.
– Səfər zamanı təhsil və mədəniyyət sahəsində də mühüm hadisələr baş verdi. Bunların siyasi münasibətlərə təsirini necə görürsünüz?
– Dövlətlərarası münasibətlərin davamlılığı yalnız hökumətlər və iqtisadi qurumlarla təmin olunmur. Xalqların bir-birini tanıması və yeni nəsillərin ortaq dəyərlər əsasında yetişməsi daha fundamental məsələdir. Daşkənddə prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının açılışında iştirak etdilər. Eyni zamanda, Yeni Daşkənddə “Azərbaycan” parkının təməli qoyuldu. Park Azərbaycanın tarixini, mədəniyyətini və ənənələrini əks etdirən böyük ictimai məkan kimi nəzərdə tutulur. Bakıda “Özbəkistan”, Yeni Daşkənddə isə “Azərbaycan” parklarının yaradılması qarşılıqlı mədəni ehtiramın simvoludur. Bundan başqa, birgə “Nizami Gəncəvi və Əlişir Nəvai arasında ədəbi körpü” filminin çəkilməsi təşəbbüsü, universitet rektorlarının forumları, gənclər və idman proqramları humanitar əlaqələrin gələcəyə hesablandığını göstərir.
– 2027-ci ildə FIFA U-20 dünya çempionatının Azərbaycan və Özbəkistanda keçirilməsi də əməkdaşlığın yeni istiqaməti sayıla bilərmi?
– Əlbəttə. İdman diplomatiyası xalqlar arasında münasibətlərin genişlənməsində çox mühüm vasitədir. 2027-ci ildə Azərbaycan və Özbəkistanın FIFA U-20 dünya çempionatına birlikdə ev sahibliyi etməsi artıq münasibətlərin yalnız diplomatik və iqtisadi ölçüdə deyil, beynəlxalq miqyaslı birgə təşkilatçılıq səviyyəsində inkişaf etdiyini göstərir. Ali Dövlətlərarası Şuranın iclasında bu çərçivədə “İki ölkə – bir çempionat” proqramının hazırlanması, onun çərçivəsində idman, mədəniyyət və gənclərlə bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutuldu. Bu cür layihələr Azərbaycan–Özbəkistan münasibətlərini yeni nəsillər üçün də gündəlik həyatın bir hissəsinə çevirir.
– Prezident İlham Əliyevin səfərinin ikinci gününün Buxarada davam etməsinin ayrıca rəmzi mənası varmı?
– Məncə, çox böyük rəmzi mənası var. Avqustun 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddən Buxaraya gəldilər. Onları şəxsən Prezident Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşıladılar. Azərbaycan və Özbəkistan prezidentləri, birinci xanımlar və ailə üzvləri Buxaranın tarixi-mədəni abidələri ilə, o cümlədən İsmayıl Samani türbəsi və “Poyi-Kalon” kompleksi ilə tanış oldular. Buxara bütün Türk və İslam sivilizasiyasının böyük mədəniyyət mərkəzlərindən biridir. Dövlət səfərinin siyasi danışıqlardan sonra belə bir tarixi-mədəni məkanda davam etməsi münasibətlərin yalnız rəsmi protokolla məhdudlaşmadığını, onların dərin sivilizasiya və mənəvi təməllərə əsaslandığını göstərir.

– Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri kimi cavabınızı bilmək istərdik: Azərbaycan və Özbəkistanın yaşıl enerji sahəsində əməkdaşlığı hansı perspektivlər vəd edir?
– Mərkəzi Asiyanın bərpaolunan enerji potensialı son dərəcə böyükdür. Azərbaycan isə Xəzər dənizinin külək enerjisi potensialına, artıq formalaşmış enerji ixrac infrastrukturlarına və Avropa ilə strateji enerji tərəfdaşlığına malikdir. Bu imkanların birləşdirilməsi gələcəkdə tamamilə yeni enerji xəritəsi yarada bilər. Azərbaycan, Özbəkistan və digər Mərkəzi Asiya dövlətləri arasında formalaşan yaşıl enerji əməkdaşlığının strateji məqsədlərindən biri istehsal ediləcək elektrik enerjisinin Xəzərdən Azərbaycan ərazisinə, buradan isə Qərbə ötürülməsidir. Beləliklə, Azərbaycan ənənəvi neft və qaz ixracatçısı olmaqla yanaşı, eyni zamanda Mərkəzi Asiyanın yaşıl enerjisini Avropa bazarlarına çatdıran əsas enerji qovşaqlarından birinə çevrilə bilər. Mən bunu Azərbaycanın XXI əsrin yeni enerji arxitekturasında oynaya biləcəyi ən mühüm rollardan biri hesab edirəm.
– Bütün bu proseslər Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya baxımından hansı nəticələri doğura bilər?
– Azərbaycan–Özbəkistan müttəfiqliyi, əslində, Türk dünyasındakı ümumi inteqrasiya modelinin ən uğurlu nümunələrindən biridir. İnteqrasiya yalnız bəyanatlardan ibarət olmamalıdır. Ortaq logistika şəbəkəsi, ortaq investisiya layihələri, enerji bağlantıları, sənaye kooperasiyası, qarşılıqlı kapital, tələbə və müəllim mübadiləsi, media, QHT, mədəniyyət və turizm əlaqələri olmalıdır. Azərbaycanla Özbəkistan arasında biz bütün bunların praktiki şəkildə həyata keçirildiyini görürük. Bu baxımdan ikitərəfli münasibətlər bütövlükdə Türk Dövlətləri Təşkilatının iqtisadi və siyasi inteqrasiyasına da mühüm impuls verir. Azərbaycan və Özbəkistanın yaratdığı əməkdaşlıq modeli digər Türk dövlətləri arasında da daha böyük ortaq layihələrin reallaşdırılması üçün nümunə ola bilər.
– Son olaraq, Prezident İlham Əliyevin çox uğurlu keçən bu dövlət səfərinin yekun siyasi mənzərəsini necə xarakterizə edərdiniz?
– Mən bu səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin yeni geosiyasi mərhələyə keçidinin təsdiqi hesab edirəm. Əgər əvvəllər Azərbaycanla Özbəkistan arasındakı münasibətlərdən danışarkən ilk növbədə tarixi qardaşlıq, mədəni yaxınlıq və siyasi dostluq qeyd edilirdisə, bu gün həmin anlayışlara yeni və çox ciddi komponentlər əlavə olunub: müttəfiqlik, ortaq kapital, birgə istehsal, enerji inteqrasiyası, nəqliyyat bağlantıları, regional koordinasiya və ortaq strateji gələcək. Əbədi dostluq haqqında Müqavilənin imzalanması bu münasibətlərə uzunmüddətli siyasi çərçivə verdi. Ali Dövlətlərarası Şuranın III iclası konkret icra mexanizmlərini müəyyənləşdirdi. Yeni iqtisadi layihələr isə siyasi iradənin real sərmayəyə və istehsala çevrildiyini göstərdi. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, Azərbaycan və Mərkəzi Asiya artıq böyük potensiala və daha böyük inkişaf perspektivinə malik vahid geosiyasi və geoiqtisadi məkan kimi formalaşır. Bu baxımdan Azərbaycan–Özbəkistan xətti sadəcə iki qardaş ölkənin münasibətlərindən ibarət deyil. Bu xətt Mərkəzi Asiya ilə Cənubi Qafqazı, Xəzərin Şərqi ilə Qərbini, Asiya istehsal mərkəzləri ilə Avropa bazarlarını birləşdirən yeni Avrasiya arxitekturasının aparıcı elementlərindən birinə çevrilir. Azərbaycan və Özbəkistan bu yeni arxitekturanı sadəcə müşahidə edən dövlətlər deyil - onu birlikdə formalaşdıran əsas siyasi və iqtisadi aktorlardandır.
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri