İran xüsusi xidmət orqanları ermənilərə aid terror təşkilatları ilə sıx əlaqədədirlər
1984-cü ildən başlayaraq İran İslam Respublikasının adı beynəlxalq hesabatlarda terrorizmi dəstəkləyən dövlətlər sırasına daxil edilib. İran bu gün də eyni imiclə tanınır. ABŞ Dövlət Departamenti tərəfindən 2019-ci ildə tərtib edilən “Terrorla bağlı Ölkələr Hesabatı”nda (Country Reports on Terrorism) bütöv bir fəsil İrana həsr edilib. Dövlət Departamentinin hesabatı uzun müddətli tədqiqatların nəticəsi olaraq ortaya çıxıb. İranın dövlət strukturlarının qanlı terror aktlarında iştirakı faktlarla sübuta yetirilib. Beynəlxalq hesabatlarda qeyd edilir ki, 1979-cu ildə “İslamçıların” hakimiyyətə gəlişindən sonra, İranın dövlət strukturlarının yönləndirməsi ilə dünyanın 20-dən çox ölkəsində sui-qəsdlər və ya terror aktları təşkil edilib. Bu aktlar Avropa, Şimali və Cənubi Amerika, Afrika və Asiya daxil olmaqla, dünyanın 5 qitəsində həyata keçirilib. Bu baxımdan İran rejiminin terrora dəstək verməsi qlobal problem kimi təsnif edilir. Yəni, beynəlxalq hesabatlarda İranın adı birbaşa terroru maliyyələşdirən dövlət kimi keçir. Terroru isə əsasən - İran İslan İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) həyata keçirdiyi qeyd edilir. SEPAH İranın rəsmi silahlı qüvvələrindən biridir. Əsas missiyası daxili sabitliyin təmin edilməsi, inqilabın nəticələrinin qorunması olsa da fəaliyyəti ilə rəsmi missiyası az uyğunlaşır. Xarici ölkələrdə törədilən terror aktlarının əksəriyyətinin altından bu qurumun adı çıxır. SEPAH 1979-cu ildən dövlət siyasətinin tərkib hissəsi kimi bütün dünyada terror fəaliyyətlərini istiqamətləndirir, təşkil edir və həyata keçirir.
Bu baxımdan İranla Ermənistanın niyə bu qədər yaxın, “dost”, “qardaş” olduqları aydın görünür. Hər iki dövlət birmənalı olaraq terroru dəstəkləyir, hər ikisi din pərdəsi ilə maskalanaraq iyrənc niyyətlərini həyata keçirirlər. Bir neçə ay öncə İranın xüsusi xidmət orqanları ilə ermənilərin ASALA terror təşkilatı ilə arasında əlaqələrə dair yeni faktlar üzə çıxdı. Bu barədə terror qrupunun keçmiş üzvü Martiros Jamkoçyan Ermənistan KİV-inə etiraf edib. O bildirib ki, ASALA-nın rəhbərlərindən biri olan beynəlxalq terrorçu Monte Melkonyan Azərbaycan torpaqlarının işğalı zamanı İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb. 1993-cü il avqustun 31-də işğal edilən Qubadlının zəbt olunmasından əvvəl farslar Monteyə zəng ediblər. İranın xüsusi xidmət orqanlarının nümayəndələri Melkonyanla görüşmək üçün Gorusa gəliblər. Keçmiş terrorçu deyib ki, farslar əməliyyatın hazırlığından xəbərdar idilər: “Həmin vaxt İran tərəfinin marağı müharibənin nəyin bahasına olursa olsun, Arazın o tayına keçməməsi idi. Ona görə də onlar bizimlə hesablaşıb, əməkdaşlıq edirdilər”. Göründüyü kimi, İranın Birinci Qarabağ müharibəsi zamanı amansız qətillər törədən beynəlxalq terrorçu Monte Melkonyanla əməkdaşlığı artıq rejim haqqında hər şeyi deyir.
Martın 3-də Tehranda fəaliyyətə başlayan “Hay data todey” (“Erməninin bugünkü tarixi”) adı altında konfrans çərçivəsində “Daşnaksütyun” partiyasının 132 illiyinə həsr olunan tədbirlərin keçirilməsi nəzərdə tutulub. Nə İran, nə də Ermənistan tərəfi bu informasiyanı geniş tirajlamasa da faktiki olaraq, reklamı arxa plana keçirib “işlərini görüblər”. Bu barədə məlumat yalnız “Daşnaksütyun”un farsca yayım orqanı olan “Hoor” və “Alik” media quruluşlarında öz əksini tapıb. Ümumiyyətlə, İran adlanan bir rejimin Daşnaksütyunun 132 illiyinin qeyd edilməsinə şərait yaratması hansı anlama gəlir? Daşnaklara niyə bu qədər meydan verirlər? Ekspertlər hesab edirlər ki, bu gün İranda “Daşnaksütun”a rejim səviyyəsində müsbət münasibət var və bu səbəbdən də onlar terror qurumunun ildönümünü qeyd edirlər. Bundan bir gün öncə Tehranda İran və Güney Qafqaz geosiyasəti və İran-Ermənistan ilşkiləri adlı bir forum keçirilib. Bu forum da yenə “Hoor” media orqanının öncüllüyü ilə baş tutub. Bu, “Daşnaksütyun”nun media qoludur. Bu medianın təşkil etdiyi tədbirdə çoxlu sayda fars, İran millətçiləri, milliyyətçi qurumlar, tanınmış anti-Azərbaycan, antitürk simalar iştirak ediblər.
Göründüyü kimi, bu gün İran bütün “qırmızı xətlər”i keçərək, Azərbaycana qarşı düşmənçilik siyasətini genişləndirir. Hətta bu düşmənçiliyi səfirliyə hücum səviyyəsinə qədər apardı. Beynəlxalq Konvensiyaya görə, səfirliyin təhlükəsizliyinn təmin edilməsi həmin ölkənin borcudur. Amma molla rejimi beynəlxaq sənədlərlə üzərinə götürdüyü öhdəlikləri yenə də yerinə yetirmədi. İran dövlətinin ölkəmizə yönələn siyasi-diplomatik dözümsüzlük xarakterli davranışları məqam düşdükcə özünü büruzə verməkdədir. Bu kimi davranış təkcə İran mətbu orqanlarında yer alan məqalələr, ayrı-ayrı şəxslərin mülahizə və bəyanatları ilə hüdudlanmır. Təəsüflər olsun ki, belə davranış həm də rəsmi dövlət orqanları əməkdaşlarının dilindən səslənir. Bu kimi hallar bölgədə sülh və əmin-amanlıq üçün real təhdid səviyyəsinə yüksəlib. İranın son aylar ərzində Zəngəzur dəhlizinin reallaşmasına mane olmaq cəhdləri, onun Qafqazda və ümumən bölgədə sülh prosesinə mane olmaq arzusunda olması və bölgənin daim qanlı müharibələrinin meydanı olaraq qalmasında maraqlı olduğunu göstərən məqamlardandır.
Sevinc Azadi, “İki sahil”