08 mart 2023 00:12
460

Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur

Dövlət başçısı İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında ölkəmizin hərtərəfli inkişafına yönələn hədəflərə çatmaq üçün bütün sahələrdə hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı çağırışları bu gün real həyatda öz əksini tapır

Hər bir dövrün öz çağırışları, baxışları və onların fonunda gələcəklə  bağlı proqnozları  mövcuddur. Azərbaycan atdığı addımları ilə daim islahatlar prosesinə açıq olduğunu nümayiş etdirir, təkmilləşmənin, yeniləşmənin bütün sahələrdə öz əksini tapmasına səy göstərir. Dövlət başçısı İlham Əliyevin  çıxışlarında da bu fikir xüsusi yer alır ki, islahatlar labüddür.

Azərbaycanın inkişafın hansı mərhələsində olduğu göz önündədir. İslahatlar  prosesinin hakimiyyətin hər üç qolunu-icra, qanunvericilik və məhkəmə-hüquq sistemini əhatə etməsi  ölkənin hərtərəfli inkişafını daha da  sürətləndirir, yeni-yeni hədəflərin müəyyənləşdirilməsini bir tələbə çevirir. 

Məlum olduğu kimi, irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə ölkəmizin hərtərəfli inkişafına davamlı töhfələr verən Yeni Azərbaycan Partiyası geniş vüsət alan islahatlar prosesinin qanunverici orqanda da öz əksini tapması üçün V Milli Məslisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüs 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkilərinin keçirilməsinə yol açdı.  Həmin ilin mart ayında  altıncı çağırış Milli Məclisin ilk iclası bütün sahələrdə əldə olunan uğurların təqdimatında əhəmiyyətli rol oynamaqla yanaşı, qanunvericilik bazasının təkmilləşdirilməsinin zəruriliyinə də işıq saldı. «İslahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, kadr islahatları aparılır. Prezident Administrasiyası, Nazirlər Kabineti yeni tərkibdə formalaşmışdır. Hazırda Nazirlər Kabineti daha operativ və çevik fəaliyyət göstərir. Nazirliklərdə, yerli icra orqanlarında  islahatlar aparılır və aparılacaq: «Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır. Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın.»

Cənab İlham Əliyev  bu inamı ifadə etdi ki,  yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcək.  Deputatların qarşısında ilk növbədə  qanunvericilik sahəsində böyük vəzifələr durur: «Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır. İcra strukturlarına mənim tərəfimdən göstəriş verilmişdir ki, qəbul edilmiş qanunların icrası nə yerdədir. Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil… Hesab edirəm ki, Milli Məclis, deputatlar da bu işlərlə məşğul olmalıdırlar.» Dövlətimizin başçısı qanunvericilik bazasını qarşımızda duran hədəflərlə uzlaşdırmağın vacibliyini şərtləndirən amilləri diqqətə çatdıraraq bildirmişdir ki, həyat yerində durmur, yeni çağırışlar, yeni problemlər üzə çıxır.  Yeni qəbul ediləcək qanunların əsas mahiyyəti islahatları dərinləşdirməkdir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün qanunvericilik təşəbbüsləri olmalı, iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir.

Hər bir qanunun arxasında Azərbaycanda dövlət quruculuğunu təmin etmək, iqtisadi, siyasi, sosial islahatları həyata keçirmək məsələləri dayanır.  Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması hərtərəfli inkişafı daha da sürətləndirir. Konstitusiyanın qəbulundan ötən 27  ildən artıq dövr ərzində ali sənədə üç dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə  ümumxalq səsverməsinin keçirilməsi də deyilənlərin bariz nümunəsidir. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun təmin edilməsi, çoxpartiyalılığa, müxtəlif siyasi cərəyanların ideyalarının azad ifadə olunmasına əsaslanan siyasi sistemin yaradılması, vətəndaş hüquqlarının qorunmasına yönələn təsisatların formalaşması, eyni zamanda, müasir bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın qurulması prosesi uğurla həyata keçirilir. Ötən bu illər ərzində Milli Məclisdə qəbul olunan yüzlərlə qanun və qərarlar ölkəmizin ayrı-ayrı sahələrinin inkişafına xidmət etməklə, ümumilikdə hədəflərin gerçəkləşməsində stimulverici amil rolunu oynayır. Bu əminlik ifadə edilmişdir ki,  altıncı çağırış Milli Məclis də uğurla fəaliyyət göstərəcək və beləliklə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcək.

Artıq ilk iclasın keçirilməsindən  üç il vaxt keçir. Nəzərə alaq ki, 2020-ci ildə Azərbaycan hərbi-siyasi yolla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edərək yeni reallıqlar yaratdı. Bu reallıqlar qarşıya daha böyük hədəflər, vəzifələr qoydu.

Ölkəmizdə siyasi partiyaların yaradılması, fəaliyyəti üçün bütün zəruri addımlar atılır. Hər sahədə təcrübəsi nümunə olan Azərbaycanın siyasi dialoq mühitinin formalaşdırılması istiqamətində də təqdim etdiyi model beynəlxalq səviyyədə təqdir olunur. Bu model belə bir ümumi mənzərəni ortaya qoyur ki, ölkəmizdə dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, bu şöbənin  müdiri Ədalət Vəliyevin mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirərək günümüzün aktual məsələləri ətrafında geniş fikir mübadiləsi aparması da  siyasi dialoq mühitinin daha sağlam zəmində formalaşmasına öz müsbət təsirini göstərir.

Qeyd etdiyimiz kimi, ölkəmizin bu gün bütün sahələrdə yeniləşməsinə, təkmilləşməsinə yol açan 44 günlük İkinci Qarabağ müharibəsi vətəndaş birliyinin, həmrəyliyimizin təqdimatı oldu. 50-dən artıq siyasi partiya dövlət başçısı İlham Əliyevin siyasətinə dəstəklərini, onun ətrafında sıx birləşərək gələcəyə böyük inamla baxdıqlarını qəbul etdikləri Bəyanatda ifadə etdilər. O da məlumdur ki, 2021-ci ildə  tarixi Zəfərimizin reallıqları fonunda Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulması da bu kimi məqamların təqdimatında əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyev qurultaydakı çıxışında bu məqama diqqəti yönəldərək bildirmişdi: «Bu da çox önəmli, əlamətdar hadisədir. Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir… Bu partiyaların üzvlərini biz qəbul edirik, onlara bizim ailəyə “Xoş gəlmisiniz!” deyirik və birgə fəaliyyətlə bağlı əlbəttə ki, əlavə addımlar da atılacaqdır.»

Ümumilikdə son zamanlar siyasi partiyalar arasında birliyin, həmrəyliyin yaradılması fonunda onların fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində atılan addımlar diqqətçəkəndir. Əksər siyasi partiyaların ofislərinin yenidən bərpası, qurultaylarının keçirilməsi üçün zəruri yerlərin müəyyənləşdirilməsi, bir neçə partiyanın qeydiyyatının təmin olunması bu diqqət və qayğının tərkib hissələridir. Bu addımlar sırasında Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciəti xüsusi vurğulanır. Həmin müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapmışdı. Reallıqlarımız fonunda qəbul olunan "Siyasi partiyalar haqqında" yeni Qanun siyasi dialoq mühitinin təkmilləşdirilməsinə öz müsbət təsirini göstərəcək.

Dövlət başçısı İlham Əliyev hər zaman bu reallığı diqqətə çatdırır ki, dünyada elə ölkələr var ki, iqtisadi inkişafı yüksəkdir, amma demokratik inkişafdan danışmaq qeyri-mümkündür. Elə ölkələr də var ki, əksinə, demokratik inkişafı ilə seçilir, iqtisadi inkişafı aşağı səviyyədədir. Lakin Azərbaycanda iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması hərtərəfli inkişafı təmin etməklə yanaşı, Azərbaycanın inkişaf modelinin digər ölkələrə nümunə göstərilməsində stimulverici amilə çevrilib. Azərbaycanın demokratiya təcrübəsindən, ölkəmizin bu istiqamətdə atdığı addımlardan bəhs edərkən Prezident İlham Əliyev bildirir ki, bu məsələ daim fəaliyyətimizin gündəliyindədir. Siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son dövrlərdə bu istiqamətdə çox işlər görülüb. Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir.

Ötən  il tarixi Zəfərimizin reallıqları fonunda yeni «Media haqqında» Qanun qəbul edildi. Yeni Qanun 9 fəsildən, 78 maddədən ibarətdir. Bu sənədin qəbulunu zəruri edən səbəblərin geniş təhlilinə ehtiyac yoxdur. Nəzərə alsaq ki, media hər bir ölkənin inkişaf səviyyəsini, yeniliyə, təkmilləşməyə nə qədər açıq olduğunu göstərir, bu halda 1999-cu ildə həmin dövrün reallıqları fonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Qanunda hər dövrün yeniliklərinin öz əksini tapması üçün əlavə və dəyişikliklərdən çox, yeni sənədin qəbuluna böyük ehtiyacın olduğu özünü aydın şəkildə təsdiqlədi. Bu baxımdan ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbulundan ötən 23 ildə sənədə 79 dəfə dəyişiklik edilmişdir. Artıq yeni dövr yeni qanunun qəbulunu zərurətə çevirdi. Qalib Azərbaycanın reallıqlarının təbliğatçısı olan mətbuatımızın yeniləşməsi, təkmilləşməsi bir tələb kimi qarşıya qoyuldu.

Eyni fikirləri «Siyasi partiyalar haqqında» yeni Qanunun qəbulu ilə bağlı da qeyd edə bilərik. Belə ki, sənədin qəbul olunduğu 1992-ci ildən bu günədək 27 dəfə əlavə və dəyişiklik edilib. İllər keçdikcə ölkənin həyatında yeniliklər baş verir, yeni tələblər qarşıya qoyulur. Hazırkı dövrdə tarixi Zəfərimizin reallıqlarını nəzərə alsaq siyasi islahatların dərinləşdirilməsi inkaredilməzdir. Parlamentdə təmsil olunan 11 siyasi partiya Milli Məclisin rəhbərliyinə müraciət edərək yeni qanun layihəsinin hazırlanmasını təklif etdilər. Ötən il yeni qanun layihəsi hazırlandı və iyul ayında dövlət qeydiyyatına alınmış siyasi partiyalara yeni qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün müraciət edildi. 50-yə yaxın siyasi partiya 250-dən çox təkliflərini rəsmi qaydada təqdim etdilər.

Göründüyü kimi, ölkə həyatında baş verən yeniliklər cəmiyyətin idarə olunmasında əhəmiyyətli rol oynayan qanunlarımızın da təkmilləşdirilməsini, yaxud yeni sənədlərin qəbulunu bir zərurət kimi ortaya qoyur. Son illərin uğurları, eyni zamanda,  dövlət başçısı İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında irəli sürdüyü hədəflərin real həyatda öz əksini tapmasının təsdiqidir.

Yeganə Əliyeva, «İki sahil»