Şovinist fars-molla rejiminin Azərbaycan Respublikasına qarşı təxribatları, riyakar siyasəti səngimək bilmir. Təxminən 30 il müddətində Azərbaycanın torpaqları işğal altında olan dövrdə yalnız növbətçi bəyanatlarla kifayətlənən İranın riyakar rəsmiləri indi Ermənistanın ərazi bütövlüyünün “qırmızı xətt” olması ilə bağlı ardıcıl bəyanatlar verir. Hətta İran İnqilab Keşikçiləri Korpusunun Quru Qoşunları Ərdəbil və Şərqi Azərbaycan vilayətlərinin şimalında, Araz çayı yaxınlığındakı ərazilərdə təlimlər keçirdi. Molla rejimi Azərbaycana qarşı hədələr səsləndirdi, bütün mümkün vasitələrlə Ermənistanı müdafiə etdi. Bütün bunlardan sonra qətiyyətlə demək lazımdır ki, müsəlmanların qanını axıdan bir dövlətə dəstək verən İranın İslami dəyərlərin müdafiəsi haqqında danışmağa heç bir haqqı yoxdur.
Bu gün tam qətiyyətlə demək olar ki, İran öz ənənəsinə, riyakarlığına sadiq qalaraq hələ də ermənipərəst və anti-Azərbaycan siyasətini davam etdirir. Təsadüfi deyil ki, ötən il oktyabrın 20-də qardaş Türkiyənin Prezidenti R.T.Ərdoğanın Azərbaycana səfəri zamanı İranın xarici işlər naziri Əmir Abdullahian da İrəvana səfər etdi. Bununla da İran bütün dövrlərdə Ermənistanın yanında olduğunu, onun maraqlarını müdafiə etdiyini öz əməli ilə bir daha təsdiq etdi. Azərbaycanın torpaqları işğal altında olduğu dövrdə İran Ermənistanla bütün istiqamətlərdə-siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrini inkşaf etdirib, iki ölkə arasında birgə layihələr həyata keçirilib.
Təxminən otuz illik işğal dövründə İran riyakarcasına həmin ərazilərdə Azərbaycan xalqına məxsus milli mədəni irsin dağıdılmasına, məscidlərin uçurulması və təhqir olunmasına göz yumub, İrəvanda, Şuşada məscidləri bərpa etməklə Ermənistanın “humanist” simasını qoruyub saxlamağa çalışıb. Həmin müddətdə İran şirkətləri Azərbaycanın işğal edilmiş ərazilərində qarət və talançılıq prosesində yaxından iştirak ediblər.
Ən acınacaqlısı isə odur ki, qırx dörd günlük Vətən müharibəsi dövründə İran rəhbərliyi ən sonuncular sırasında, artıq müharibənin taleyinin həll edildiyinı və Azərbaycanın şəksiz qələbə qazandığına əmin olduqdan sonra ölkəmizə dəstək ifadə edən bəyanat verib. Amma müharibənin gedişində Ermənistana silah göndərilməsindən tutmuş Azərbaycanın təhdid olunmasına kimi ölkəmizə qarşı hər cür vasitələrdən istifadə edib.
Molla-fars rejiminin Azərbaycana qarşı düşmən davranışı artıq tam çılpaqlığı ilə ortadadır. Belə ki, 2022-ci ilin sentyabrında İrandan Xankəndiyə PUA-lar və raketlər “hədiyyə” edilib. Bundan əvvəl də İranın Xankəndiyə yanacaq daşıyan onlarla sistern göndərdiyi üzə çıxmışdı. Bütün bunlar göstərir ki, molla rejimi10 noyabr 2020-ci il Bəyanatından dərhal sonra Ermənistanı, həm də Qarabağdakı separatçıları silahlandırmaq üçün ən çirkin vasitələrə əl atıb.
Bundan başqa, 2022-ci ilin oktyabr-noyabr aylarında iki dəstədən ibarət 27 iranlı mütəxəssis Xankəndiyə gələrək, separatçı-terrorçulara təlim keçib. Bu günlərdə Tehran rejiminin daha bir alçaqlığı ortaya çıxıb. Belə ki, İranın sosial rifah naziri Seyid Sultan Murtuzavi Ermənistana səfər edib. O, erməni həmkarı Narek Mkrtçyanla görüş zamanı deyib ki, İran 2020-ci ildə Qarabağda müharibə zamanı yaralanaraq əlil olmuş erməni hərbçilərinə “reabilitasya xidməti göstərməyə və bu sahədə qabaqcıl təcrübəsini bölüşməyə hazırdır”.
“Qüdsə gedən yol Bakıdan keçir” adı altında ölkəmizə qarşı təhdid xarakterli videoçarxlarla diqqət çəkən Tehran rejimi 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə təşkil etdiyi terror hücumu ilə əsl simasını bir daha ortaya qoydu. Ölkəmizin başçısı Azərbaycan səfirliyinə qarşı terror aktı ilə bağlı dərhal və şəffaf istintaqın aparılmasını tələb etdiyini bildirdi: “Bu, Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktı idi. Terrorçu 30-40 dəqiqə ərzində tərksilah edilməmişdir və polis maşınları, təhlükəsizlik xidmətinin işçiləri gəlib-gedirdilər, amma onlar ona iki dəfə səfirliyin binasına daxil olmağa, səfirliyin mühafizə işçilərindən birini qətlə yetirməyə, ikisini isə yaralamağa imkan verdilər. Terrorçunu əliyalın tərksilah etmiş mühafizə işçilərindən birinin cəsarəti ola bilsin ki, onlarla azərbaycanlının həyatını xilas etdi. Çünki diplomatlarımzın ailələri, o cümlədən uşaqları o binada yaşayırdılar”.
Bundan sonra Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov açıq şəkildə bəyan etdi ki, səfirliyimizin təhlükəsizliyinin təmin olunması ilə bağlı İran tərəfinə etimadımız yoxdur.
Fars-molla rejimi bu gün də anti-Azərbaycan və anti-türk fəaliyyətini davam etdirir. Mətbuatdan əldə edilən məlumatlara görə, martın 3-də Tehranda “Hay data todey” (“Erməninin bugünkü tarixi”) adı altında keçirilən konfransda “Daşnaksütyun” partiyasının 132 illiyinə həsr olunan tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu barədə “Daşnaksütyun”un farsca yayım orqanı olan “Hoor” və “Alik” media quruluşları xəbər verib. O da bəlli olub ki, tədbirə çoxlu sayda fars-İran millətçiləri, tanınmış anti-Azərbaycan, anti-türk simalar qatılıblar və çıxış ediblər. Ümumiyyətlə, bu günlərdə Tehranda çox yoğun və çox kəsin anti-Azərbaycan və antitürk fəaliyyət davam edir.
Terrorçu dövlət kimi tanınan İranın Azərbaycanda din pərdəsi altında radikal qruplaşmaların yaradılmasında və qızışdırılmasında maraqlı olması, bu ölkənin rəsmi şəxslərinin zaman-zaman Azərbaycanın suverenliyini və mövcudluğunu şübhə altına alan bəyanatları molla rejiminin əsl simasını ortaya qoyur. Necə deyərlər, farsist molla rejiminin əsl simasını üzə çıxararaq maskasını yırtır. Ancaq fars-molla rejimi yaddan çıxarmamalıdır ki, bütün bunların bumeranq effekti olacaq.
Zahid Rza, “İki sahil”