07 mart 2023 12:30
142

Ulu Öndər və milli dövlətçilik təfəkkürü

Ümummilli Lider Heydər Əliyev özünün bütün siyasi fəaliyyətində xalqımızın müstəqillik arzusunu dərindən duymuş və müdafiə etmiş, bu taleyüklü milli problemin məzmun və mahiyyətinə dərindən nüfuz etmiş, bu amalı özünün fəaliyyət kredosuna çevirmişdir. O, istər dərin məzmunlu çıxışlarında, istərsə də xalqla keçirdiyi görüşlərdə səsləndirdiyi ideyalarla Azərbaycan dövlətçilik konsepsiyasının nəzəri-praktiki əsaslarını yaratmışdır.

Ulu Öndər özünün zəngin dövlətçilik təcrübəsindən istifadə edərək, yenicə müstəqilliyini əldə etmiş respublikamızın dövlət kimi formalaşmasında, onun milli maraqlarının, hədəflərinin müəyyənləşdirilməsində, eləcə də ictimai-siyasi sabitliyin əldə olunmasında mühüm işlər görmüşdür. Dövlətçilik konsepsiyasını işləyərkən Ulu Öndər konkret və real cəmiyyətin iqtisadi, siyasi, sosial və mənəvi-əxlaqi sahələrinin bütün kompleks problem və qayğıları ilə real Azərbaycan gerçəkliyindən çıxış edirdi.

Ulu Öndər millətin mənəvi və əxlaqi dayağı kimi, onun sosial yaddaşının mühafizəçisi və mənbəyi olan tarixin ən yüksək rolunu vətənpərvərliyin, vətən amalının formalaşmasında görürdü. Ümummilli Lider həmişə deyirdi ki, biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik. Bununla bağlı Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunub saxlanması, inkişaf etdirilməsi haqqında 13 avqust 2001-ci il tarixli bəyanatı müstəsna əhəmiyyət kəsb edir. Bu bəyanat hər şeydən əvvəl azərbaycançılıq ideologiyasına sadiq qalan xalqı öz tarixi köklərinə, əcdadlarının yaratdığı milli-mənəvi dəyərlərə daha sıx bağlı olmağa çağırır.

Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Ulu öndərimizin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdır. Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik əldə edəcək respublikamızın gələcəyinə hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix isə böyük öndərin bu statusunu bütün mərhələlərdə qorumuşdur.

Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış Ümummilli Lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil. Ulu Öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır. Bu gün xalqımız ümummilli liderin siyasi varisi - yüksək intellektli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.

Pərvanə Ələkbərova, 
YAP Xətai rayon təşkilatının "Araz Novruzov 31" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü