07 mart 2023 13:05
285

Heydər Əliyev və milli dövlətçilik

Məlumdur ki, dünyada nüfuzlu siyasi xadim kimi tanınmış Heydər Əliyev Sovetlər Birliyi kimi nəhəng dövlətin rəhbərlərindən biri olmaqla öz fitri istedadı və şəxsi nüfuzu ilə fərqlənmişdir. Heydər Əliyev ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və bütün türk dünyasının fəxrinə çevrilmişdir. Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin “həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir.    

Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlı olmuşdur. Xalqımız 20 Yanvar faciəsini yaşayarkən ümummilli liderimiz Moskvada Sovetlər Birliyi rəhbərliyini qətiyyət və cəsarətlə ifşa etmiş, imperiya siyasəti əleyhinə çıxaraq, doğma xalqı ilə bir yerdə olduğunu bir daha nümayiş etdirmişdir. Məhz belə mürəkkəb bir vəziyyətdə, 1993-cü ilin yayında ulu öndər xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıtmışdır. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasını “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş Sovetlər Birliyindən miras qalmış rejimlə daban-dabana zidd olan demokratik-hüquqi dövlət yaratmağı bacardı.

Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu bildirən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi. Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək, gələcək inkişafa hesablanmış neçə-neçə layihənin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş  xarici  siyasət  kursu  ölkəmiz üçün  təkcə  siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artmağa, iqtisadiyyatın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayə yatırılmağa başlanıldı.

Vətən müharibəsində əldə olunan böyük zəfər də məhz Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi idi. Onun müəyyənləşdirdiyi modern ordu quruculuğu konsepsiyası Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi intellekti, yüksək hərbi strateqliyi ilə zəfəri reallaşdırdı. İkiəsrlik münaqişəyə, 30 illik savaşa, 1 milyon məcburi köçkünün yurd həsrətinə son qoyuldu.

Unutmamalıyıq ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın xilaskarı olan ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu bundan sonra da uzun illər boyu milli dövlətçiliyimizin inkişafına xidmət edəcəkdir.

Tariyel Şixbalayev,
YAP Xətai rayon təşkilatının “Xudu Məmmədov 3” ünvanı üzrə ərazi partiya təşkilatının sədri,
Vətən müharibəsi qazisi