Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Azərbaycan xalqının ümummilli lideri, siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin inkişafına həsr etmiş dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri əvəzedilməzdir. Təsadüfi deyil ki, ulu öndərimizin fəaliyyəti öz əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasındadır.
Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycançılığın, milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Böyük siyasətçi Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik əldə edəcək respublikamızın gələcəyinə hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix isə böyük öndərin bu statusunu bütün mərhələlərdə qorumuşdur. Hələ o dövrlərdən milli inkişafın yolunu xalqın təhsil almasında, maariflənməsində görmüş, respublikada elmin inkişafı üçün bütün çətin işləri görmüşdür. Heydər Əliyev yaxşı bilirdi ki, cəmiyyətin tərəqqisinə, elmin, mədəniyyətin inkişafına təsir göstərən ən qüdrətli vasitələrdən birincisi təhsildir. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü məhz onda idi ki, o, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətdə yüksək bilikli, intellektual və elitar təbəqənin formalaşmasına çalışmışdır. Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni, mütərəqqi nailiyyətlərindən faydalanmış, cəmiyyətin, xalqın inkişaf zəminini elmdə, maariflənmədə görmüşdür.
Hələ, 1974-cü ildə “Azərbaycan qadını” jurnalının 50 illik yubiley təntənəsində ulu öndər Heydər Əliyev demişdi: “Biz çalışmalıyıq ki, ali məktəblərdə və texnikumlarda daha çox qadın təhsil alsın, elmi fəaliyyətlə məşğul olsun. Xüsusən, kənddə qadınlar və uşaqlar arasında bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi problemlərinə biz diqqətimizi xeyli artırmalıyıq”. Heydər Əliyev Azərbaycanla, onun tarixi və bu günü ilə bağlı biliklərin tədrisinə böyük önəm verir və bunu vətənpərvərlik tərbiyəsinin ən mühüm amili hesab edirdi. Bununla əlaqədar Heydər Əliyev belə demişdir: “... Müstəqil Azərbaycanın hər bir gənci məktəbdə milli təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə o, həqiqi vətəndaş ola bilməz. Əgər bunu bilməsə o, millətini qiymətləndirə bilməz. Əgər bunu bilməsə o, millətinə olan münasibəti ilə istənilən səviyyədə fəxr edə bilməz”.
Tarixi təcrübə təsdiqləyir ki, müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin prosesdir. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Heydər Əliyev ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində tədbirlər həyata keçirilmişdir. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” - deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmişdir.
Böyük siyasətçi insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına da stimul vermişdi. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin tərkib hissələrindən olmuşdur. Ulu öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur. Azərbaycan qadınları cəmiyyətin dinamik inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdə öz fəallığı ilə seçilirlər. Böyük şəxsiyyət Heydər Əliyev 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” fərman da imzalamışdır. Bu sənəd hər mənada qadınların fəallığına, cəmiyyətdə öz yerlərini tutmalarına kömək olmuşdur.
Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət geniş hədəflərə hesablanmış müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. Bu siyasət 2003-cü ilin oktyabrından Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı - cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Cənab İlham Əliyev respublikamızı uğurlu innovativ inkişaf yoluna çıxarmaqla, Cənubi Qafqaz bölgəsində həyata keçirilən qlobal enerji-kommunikasiya layihələrinin başlıca təminatçısına çevrilmişdir. Xalqa layiqli xidmət andını əməli işi ilə doğrultmuş dövlət başçısı Azərbaycanın iqtisadi inkişaf prioritetlərini dəqiq müəyyənləşdirmiş, hər bir vətəndaşın maraq və mənafeyinin yüksək səviyyədə təminatına yönəlmiş demokratiya kursunu inamla davam etdirmişdir.
Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış ümummilli lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil. Ulu öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır. Bu gün xalqımız ümummilli liderin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.

Rövşanə Abbasova,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşı,
YAP Xətai rayon təşkilatının “Xudu Məmmədov 3” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü