Bu gün AFFA-nın növbəti Konfransı keçirilib.
“İki sahil” xəbər verir ki, 35 səs hüquqlu nümayəndənin 32-si toplantıda iştirak edib və Konfrans yetərsaya uyğun olaraq səlahiyyətli hesab olunub.
AFFA-nın prezidenti Rövnəq Abdullayev Konfrans iştirakçılarını salamlayıb: “Hörmətli Konfrans iştirakçıları, hörmətli qonaqlar!
AFFA-nın Növbəti Konfransında hər birinizi salamlayıram.
Hesabat dövründə ölkə futbolunun inkişafı məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsi davam etdirilib. Ötən il, eyni zamanda, AFFA-nın təsis olunmasının 30 illik yubileyi ilə əlamətdar idi. Sevindirici haldır ki, möhtərəm cənab Prezident yubiley ilində futbol ictimaiyyətinin nümayəndələrini fəxri adla və “Tərəqqi” medalı ilə təltif etdi. Futbolumuzu hər zaman diqqət mərkəzində saxlayan və dəstəkləyən cənab Prezidentə futbol ailəsi adından bir daha təşəkkürümüzü bildiririk. Gənclər və İdman Nazirliyi tərəfindən də təltif olunan əməkdaşlarımız oldu. Onları da bir daha təbrik edir, Gənclər və İdman Nazirliyinə təşəkkür edirik.
Hesabat ilində “Qarabağ” klubunun avrokuboklarda uğurlu çıxışı bizə böyük sevinc hissləri yaşatdı. Milli komandamızın da ardıcıl 5 oyunda qələbə qazanması xüsusi vurğulanacaq məqamlardandır.