...Qoşulmama Hərəkatı beynəlxalq miqyasda əhəmiyyətli platforma rolunu oynamağa davam edəcək
Heç bir hərbi ittifaqa qoşulmamaq siyasətini seçmiş dövlətimiz 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Azərbaycan 2019-cu ilin oktyabr ayında Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə Bakıda ev sahibliyi etmiş və Bakı Sammiti ilə Hərəkata sədrlik 2019-2022-ci illər üzrə Azərbaycana keçmişdir. Daha sonra isə Qoşulmama Hərəkatına üzv dövlətlərin təşəbbüsü ilə sədrlik müddətimiz 1 il də uzadılmışdır. Hərəkatın əsasının 1961-ci ildə qoyulmasına baxmayaraq məhz ölkəmizin sədrliyindən sonra bu təsisat sürətli şəkildə inkişaf etməyə başlamışdır.
Əslində Qoşulmama Hərəkatına sədrliyin ölkəmizə keçməsi dünyada COVID-19 pandemiyasının yayıldığı bir vaxta təsadüf etmişdi və ilk baxışdan elə görünə bilərdi ki, həm Azərbaycanın sədrliyi, həm də Hərəkatın fəaliyyəti olduqca sönük keçəcək. Lakin cənab Prezident İlham Əliyevin şəxsi nüfuzu, yüksək idarəetmə qabiliyyəti və problemləri böyük məharətlə həll etmə bacarığı COVID-19 pandemiyasının yayıldığı bir vaxtda nəinki ölkəmizin Hərəkatda sədrliyini zəiflətməmiş, Azərbaycan dünyada pandemiya ilə mübarizədə fəal rol oynayan ölkə kimi Qoşulmama Hərəkatının da pandemiya ilə mübarizədə fəaliyyətini canlandırmışdır. Pandemiya ilə mübarizədə cənab Prezidentin sərgilədiyi siyasət onun yüksək şəxsi keyfiyyətləri ilə fərqlənən lider kimi həm də ümumbəşəri dəyərlərin daşıyıcısı olduğunu bütün dünyaya göstərmişdir. Pandemiya ilə mübarizənin ilk günlərindən Cənab Prezident bu işdə həmrəyliyin vacib olmasını qeyd etmiş, peyvəndlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə qarşı çıxmışdır. Bu çağırışların bütün dünyaya çatdırılması məqsədi ilə məhz Qoşulmama Hərəkatının sədri qismində cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il dekabrın 3-4-də BMT Baş Assambleyasında COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiya keçirilmişdir.
Cənab Prezidentin təşəbbüsü ilə ölkəmizin sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı üçün də bir sıra tarixi qərarlar qəbul edilmişdir. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Şəbəkəsi təsis edilmiş, Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılması təklif edilmiş və bu təklif üzv dövlətlər tərəfindən dəstəklənmişdir. 30 iyun-01 iyul tarixlərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ilk iclası da məhz ölkəmizdə keçirilmişdir. 2022-ci ilin iyulunda əldə edilmiş Şuşa Razılaşmasına əsasən isə Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılmış və Təşkilatın daimi katibliyinin Bakıda yerləşəcəyi qərarlaşdırılmışdır.
Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün keçirilməsi həm Hərəkatın pandemiya ilə mübarizədə rolu, həm də ölkəmizin sədrliyi baxımdan növbəti mühüm hadisə oldu. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi Zirvə görüşündə çıxışı bütün dünyada geniş əks-səda doğurdu. Cənab Prezident pandemiya ilə mübarizədə Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı tərəfindən görülən işləri vurğulamaqla yanaşı, həm də formalaşmaqda olan yeni dünya düzəni, dünyada hökm sürəh ikili standartlar, arzuolunmaz tendesiyalar haqqında öz mövqeyini qəti olaraq bildirmişdir.
Qoşulmama Hərəkatının ən mühüm prinsipləri dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək və digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinməkdir. Belə mötəbər məqsədlərə xidmət edən və BMT-dən sonra dünyada ikinci ən böyük beynəlxalq təsisat olan təşkilat beynəlxalq arenada daha mühüm rol oynamalıdır. Xüsusən də, Prezident İlham Əliyevin vurğuladığı kimi BMT Təhlükəsizlik Şurasının səmərəsiz fəaliyyətini nəzərə alsaq, Qoşulmama Hərəkatının dünya düzəninin yenidən formalaşmasında fəal iştirakının labüd olduğunu görərik. Azərbaycan BMT Təhlükəsizlik Şurasının səmərəsiz fəaliyyətinə birbaşa məruz qalan ölkələrdən biridir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi 30 ilə yaxın bir müddətdə icrasız qalmışdır. Sonda 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa edərək Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etmişdir.
Cənab Prezidentin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırışları da olduqca cəsarətli və haqlı çağırışlardır. Prezident İlham Əliyev qətiyyətli şəkildə Fransanın insanlıq əleyhinə törətdiyi müstəmləkə cinayətlərini bütün dünyaya bəyan etdi. Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olduğunu nəzərə alsaq bu çağırışların nə dərəcə haqlı və yerində olduğu aydın olar. Müstəmləkə siyasəti yürüdən bir ölkənin başqa dövlətlərin taleyində həlledici rol oynaması həqiqətən də yolverilməzdir.
Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alan cənab Prezident İlham Əliyevin Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif etməsi də Zirvə görüşünün ən mühüm hadisələrdindən biri oldu. İkinci Qarabağ Müharibəsinin bitməsindən iki ildən çox müddət keçməsinə baxmayaraq ölkəmiz hələ də Ermənistanın minalama siyasətindən əziyyət çəkir. Üzləşdiyimiz bu çətinliyin Qoşulmama Hərəkatı səviyyəsində qabardılması cənab Prezidentin Azərbaycan xalqının milli maraqlarını hər zaman üstün tutması və bu maraqları böyük siyasi məharətlə beynəlxalq əməkdaşlıqla uzlaşdırmasının sübutudur.
Zirvə görüşü bir daha sübut etdi ki, Azərbaycanın sədrliyi dövründə nüfuzu daha da artan Qoşulmama Hərəkatı beynəlxalq miqyasda əhəmiyyətli platforma rolunu oynamağa davam edəcək.
Ziyafət Əsgərov,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri