07 mart 2023 11:18
1018

Ədalət və beynəlxalq hüququn müdafiəsi naminə qətiyyətli çıxış

Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik dövrü dünyada pandemiya ilə eyni dövrə təsadüf etdiyi üçün müasir qlobal çağırışlar nəzərə alınmış və Hərəkatın fəaliyyət istiqaməti bu əsasda qurulmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsləri əsasında Qoşulmama Hərəkatı koronavirusla mübarizədə liderliyi ilə seçilməyi bacaran beynəlxalq təsisat olmuşdur.

Ölkəmizin sədrliyi müddətində Qoşulmama Hərəkatının institusional inkişafı üçün də mühüm təşəbbüslər irəli sürülmüş və təsisatda bir sıra yeniliklərə imza atılmışdır. Belə ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatının yaradılması Azərbaycanın təşəbbüsü ilə reallaşmışdır. Bir sözlə, Azərbaycan sədr qismində Hərəkatın fəaliyyətini müasir çağırışlar əsasında qurmaqla bərabər təsisatın  institusional inkişafına da güclü dəstək vermişdir. Ümumiyyətlə, bu hərtərəfli fəaliyyəti həyata keçirməkdə Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın əsas  məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun martın 2-də Bakıda keçirilən Zirvə görüşündə də Prezident cənab İlham Əliyev bildirdi ki,

Azərbaycanın 2019-cu ildən etibarən beynəlxalq təsisatda uğurlu sədrlik fəaliyyətinin əsas məqsədi məhz ədalətin və beynəlxalq hüququn müdafiə edilməsidir.

Prezident cənab İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışı ilə müasir dünyanın üzləşdiyi qolbal problemlərə diqqət çəkməklə bu problemlərin həlli yollarını da göstərdi. Neokolonializm meyillərinə və ikili standartlar siyasətinə son qoyulmalı olduğunu bildirən Prezident cənab İlham Əliyev qətiyyətli şəkildə bəyan etdi ki, Fransa müstəmləkəçilik siyasətindən əl çəkməli, BMT Təhlükəsizlik Şurası isə müasir qlobal çağırışlara münasibətdə adekvat olmalıdır.  Odur ki, BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalı və burada bir daimi yer Qoşulmama Hərəkatına, bir daimi yer isə Afrikaya verilməlidir. Belə olan halda coğrafi baxımdan da ədalət təmin olunmuş olar.

Azərbaycan uzun illər Ermənistanın işğalı ilə yanaşı beynəlxalq miqyasda ədalətsizlik və ikili standartlar siyasəti ilə üzləşmiş bir ölkədir. Məhz Azərbaycan üzləşdiyi bu xoşagəlməz hallara dövlət olaraq qüdrətləndikdən sonra öz gücü hesabına son qoyub. Elə BMT tarixində də Azərbaycan bir ilkə imza atıb. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın bir müddətdə məhəl qoyulmayan dörd qətnaməsinin icrasını  ölkəmiz özü təmin edib.

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Prezident cənab İlham Əliyev öz çıxışı ilə bir daha Azərbaycan həqəqtlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq ölkəmizin uzun illər üzləşdiyi işğalın fəsadlarından bəhs etdi. Ölkə başçısı xatırlatdı ki, işğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılmış, bütün mədəni və dini abidələr talan və qarət edilmişdir. Azərbaycanın işğaldan azad olunmuş əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir. Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır.

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatının əməkdaşı