06 mart 2023 11:13
530

Qoşulmama Hərəkatının beynəlxalq nüfuzu artır

Özündə 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət etməklə yanaşı, dünya ölkələrinin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini əks etdirən ən böyük siyasi təsisatdır. Azərbaycan bu hərəkata 2011-ci ildə üzv olmuş, qısa zaman çərçivəsində beynəlxalq hüququ normaları və prinsiplərini ardıcıl, qətiyyətlə müdafiə edərək hərəkata üzv ölkələr arasında böyük nüfuz qazanmağa nail olmuşdur. Tarixin səhifələrini bir qədər əvvələ çəksək, Qoşulmama Hərəkatının XVII zirvə görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsinin qəbul olunması və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə olunması ölkəmizin siyasətinə verilən dəstək kimi dəyərləndirilməlidir. Azərbaycan bu müddətdə öz xarici siyasətinin təməl prinsiplərinə uyğun olaraq bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət və başqa dövlətlərin daxili işlərinə qarışmamaq siyasəti üzərində quraraq Bandunq prinsiplərinə tam əməl etmişdir. Azərbaycan bu müddət ərzində beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərini artırmış, digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylərini əsirgəməmişdir.        

 Azərbaycan Qoşulmama  Hərəkatına Sədrlik müddətində bir sıra təşəbbüslərlə çıxış etmiş, sədrlik müddətinin yekdil qərarla uzadılmasına uyğun  zaman çərçivəsində  mədəniyyətlərarası dialoqun platforması kimi 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürməklə bir daha öz humanist mövqeyini əks etdirmişdir. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması xüsusilə pandemiya dövründə öz səmərəsini vermiş,  Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün məhz həmin məlumat bazasına istinad edərək fəaliyyət göstərmişdir. Sədrlik müddətində Azərbaycan Prezidenti İlham Əliyev bir sıra mühüm təşəbbüslər irəli sürmüşdür və  bu təşəbbüslər sayəsində BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması mühüm hadisə kimi diqqəti cəlb edir. 80-dən çox dövlət və hökumət başçısının iştirak etdiyi bu  təklif BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazanmışdır. Xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirilmiş və tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış etmişdir. Xüsusi sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulanmış, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilmişdir. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin də təşəbbüskarıdır. Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş dünya qarşısında nümayiş etdirmişdir.

Covid-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş Qoşulmama Hərəkatının martın 2-də baş tutan növbəti Bakı Zirvə Görüşü də öz fəaliyyətini uğurla müşayət etdi. Burada bir çox qlobal problemlər diqqətə çatdırıldı və Azərbaycanın qoşulmama hərəkatındakı sədrliyi təqdir edildi.

Qoşulmama hərəkatının ən çox diqqəti cəlb edən tərəfi ilk dəfə olaraq qlobal problemlərin artması fonunda Qoşulmama Hərəkatının yeri və rolunun qiymətləndirilməsi oldu. Dünya liderləri yekdil olaraq Azərbaycanın mövqeyini dəyərləndirdilər və 5 ölkədən gələn liderin və onlarla əlaqədar nazirlərin, fəalların iştirakının Bakı Zirvə Görüşünə öz müsbət təsirini göstərdiyi və BMT-də Azərbaycanın uğurlu iştirakı və həlledici rolu qeyd edildi. Azərbaycanın bu hərəkatda iştirakının 100 il axtarışda olan bir hərəkatı yeniləşdirdiyi artıq dünyanın gözləri önündədir və Sammit iştirakçıları bu Hərəkata görə Azərbaycana, onun dövlət başçısına öz minnətdarlıqlarını ifadə etdilər.

Bakı Sammiti göstərdi ki, Azərbaycan Qoşulmama Hərəkatında iştirakı  ilə yeni güc mərkəzi yaratdıb və bu mərkəz məhz öz başlanğıcını Azərbaycandan götürür. Çıxışlarda o da qeyd edildi ki, Hərəkat yeni dünya düzəninin formalaşdırılmasında fəal iştirak etməlidir və Azərbaycanın bu istiqamətdə fəal işi hamıya nümunədir. Azərbaycan lideri İlham Əliyev ilk dəfə olaraq Sammitdəki çıxışında dünyanı qlobal problemlərə sürükləyən lider təqsirkarları öz adı ilə çağırdı. Əlbəttə ki, bu təqsirkar liderlərin ən birincisi Fransanın prezidenti Makron hesab edilir. Sammitdə Qoşulmama Hərəkatının sədri kimi çıxış edən İlham Əliyev Fransanı neokolonial siyasətin klassik daşıyıcısı kimi öz məsuliyyətini etiraf etməyə və üzr istəməyə çağırdı. Bu istiqamətdə işğalçı  Ermənistanı müdafiə edən Fransanın Afrika mütəmləkəçiliyi, Əlcəzair xalqına qarşı törətdiyi soyqırım xatırlandı və dünyanın bu dəhşətləri unutmadığı qeyd edildi. Bu gün də Hərəkatın Afrikadan olan üzvləri öz çıxışlarında Fransa kolonializmi ilə savaşdıqlarını təəssüf hissi ilə bildirərək müstəmləkəçiliyə qarşı mübarizəni davam etdirəcəklərini bəyan etdilər. Çünki Qoşulmama Hərəkatı müstəmləkəçiliyə qarşı prinsipial siyasətin ortaya qoyulmasını vacib hesab edir. Bu istiqamətdə əsas ideoloji xətt BMT-nin  fəaliyyətində Qoşulmama Hərəkatının daha aktiv rol almasına, daha ədalətli dünya yaratmağa yönləndirilməlidir.

      Qoşulmama Hərəkatının sədri BMT sistemində aparılan islahatların artıq deqradasiyaya uğradığını diqqətə çatdıraraq BMT-nin keçmişi xatırlatdığını, orada müasir çağırışlara uyğun dəyişiliklərin nəzərə çarpmadığına diqqəti cəlb edərək Qoşulmama Hərəkatının  BMT-də yer almalı olduğunu bir daha vurğuladı. Hərəkatın sədri dünyaya bəyan etdi ki, Azərbaycanın BMT-yə qəbulunun 31 ili tamam olur. Bu illər ərzində Ermənistanın Azərbaycan ərazisinin işğalı ilə bağlı qətnamələr yerinə yetirilməmiş qaldı, 822, 853, 874,    884 qətnamələrə əhəmiyyət verilmədi. Nəhayət, Azərbaycan BMT qətnamələrini öz gücü ilə bir-bir yerinə yetirdi. 2021-ci ildə “Biz tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdik”. Dünya bunu görməli və Azərbaycanın qlobal səviyyədə artan rolu etiraf olunmalıdır.

Qoşulmama Hərəkatının Bakı Sammiti bir daha göstərdi ki, bu gün Qoşulmama Hərəkatı xüsusi inkişaf dövrünü yaşayır. Bu inkişaf yalnız bu təşkilata qoşulan dövlətlərin sayı və coğrafiyası ilə deyil,  qlobal düşüncəsi, qlobal təfəkkürü ilə şərtlənir. Hərəkat bütün dünyaya bir mesaj verdi: Türkiyə və Suriyaya dəstək mesajı. Azərbaycan Prezidenti qeyd etdi ki, Türkiyə və Suriyada baş verən zəlzələ  10 minlərlə insanın həyatına son qoydu və bu  fəlakətdən heç kim sığortalanmayıb. Sammit iştirakçılarının 1 dəqiqəlik sükutla ölənlərin xatirəsini yad etməsi həmrəyliyin təsdiqi idi.

Sammit bir daha Qoşulmama Hərəkatının Doktrinasında qeyd olunan prinsipləri dünya liderlərinin- iştirakçıların diqqətinə çatdırdı. Sammit iştirakçılarının dilində səslənən antikolonial mübarizə, suverenlik və xalqların  müstəqilliyi, siyasi və iqtisadi bərabərhüquqluluq, bərabərlik, həmrəylik və hərbi bloka qoşulmamaq ifadələri Qoşulmama Hərəkatının ali məqsədidir və zaman-zaman öz sözünü deyəcəkdir. Çünki bu prinsiplər əslində hər bir beynəlxalq təşkilatın, beynəlxalq təsisatın prinsiplərində öz əksini tapmalıdır.

Hazırda Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycana tam etimadının nəticəsidir ki, yekdil rəyə əsasən, ölkəmizin təşkilata sədrliyi daha bir il, yəni 2023-cü ilin sonuna kimi uzadılıb və Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir və Qoşulmama hərəkatının Zirvə görüşünün mədəniyyətlərarası dialoqun platforması kimi növbəti dəfə də qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməklə bölgədə aparıcı rolunu genişləndirəcəkdir.

Arzu Azadəliyeva,
YAP Xətai rayon təşkilatının "Cavanşir 11" ünvanı üzrə ərazi partiya təşkilatının sədri