06 mart 2023 09:49
369

"Konyaspor"un baş məşqçisi istefa verə bilər

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Türkiyənin "Konyaspor" klubunun baş məşqçisi Aleksandar Stanoyeviç istefa verə bilər.

“İki sahil” xəbər verir ki, 50 yaşlı mütəxəssis bu barədə "Giresunspor"la qolsuz heç-heçə etdikləri Superliqanın XXIV tur oyunundan sonra mətbuat konfransında açıqlama verib.

Serbiyalı məşqçi komandanın maraqları üçün lazım olan hər şeyi etməyə hazır olduğunu bildirib.

Stanoyeviç istefa ilə bağlı sualı da cavablandırıb: "Belə bir istək varsa, məsləhətləşib danışa bilərik. Klubun xeyri üçün lazım olanı etməyə hazıram. Əlbəttə ki, bunu da düşünə bilərəm".

Qeyd edək ki, Konya təmsilçisi çempionatda ardıcıl 5 oyundur qələbə qazana bilmir. Bunların 4-də məğlubiyyətlə üzləşən komanda hazırda 28 xalla 9-cu pillədə qərarlaşıb.