05 mart 2023 19:24
451

Qoşulmama Hərəkatına sədrlik Azərbaycana olan inamın və etibarın göstəricisidir

Mart ayının 2-də Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Cənab Prezident İlham Əliyev Zirvə görüşünün bütün iştirakçıları ilə birgə bir neçə həftə əvvəl Türkiyə və Suriyada baş vermiş, on minlərlə adamın məhvinə səbəb müasir dövrün ən faciəli zəlzələsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla andı.  

İclasa sədrlik edən  cənab Prezident İlham Əliyev tədbiri giriş sözü ilə açdı. Ölkə Başçısı üç il əvvəl bu zalda Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyə 2019-cu ildə Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə başladığını və müddətin yekdil qərarla daha bir il uzadıldığını yada saldı. 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısında məlumat bazasının hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındığı,  Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün bu məlumat bazasına istinad etdiyini nəzərə çatdırdı. Ölkə Başçısı Zirvə toplantısında BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılmasını təklifini irəli sürdüyünü və  bu təklifin BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandığını bildirdi.

Cənab Prezident diqqətə çatdırdı ki, pandemiya ilə mübarizədə bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün Qoşulmama Hərəkatı 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı olmuş, bu səbəbdən də, pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirmişdir. Azərbaycanın əksəriyyəti Qoşulmama Hərəkatına üzvləri 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdiyini diqqətə çatdırdı.

Ölkə başçısı Azərbaycanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdiyini və ilk iclasın 2022-ci ilin iyun ayında Bakıda keçirildiyini bildirdi. “Bundan başqa, 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında müstəmləkə siyasətini də kəskin tənqidlə yanaşdı. Ölkə Başçısı Fransanın Avropadan kənarda idarə etdiyi ərazi siyasətini “fransız müstəmləkə imperiyasının iyrənc qalıqları” kimi qiymətləndirdi. “Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri