Azərbaycan BMT-dən sonra dünyada ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatı ailəsinin sıralarına 2011-ci ildə qoşulub. Hərəkatın bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur.
Prezident İlham Əliyevin ifadə etdiyi kimi bu beynəlxalq quruma üzv olduğu gündən yüksək fəaliyyəti ilə seçilən Azərbaycanla üzv ölkələr arasında mühüm siyasi, iqtisadi əməkdaşlıq platforması yaranıb. Qeyd edək ki, Qoşulmama Hərəkatının 2011-ci ildən Zəfər gününə qədər keçirilən bütün mühüm toplantılarında Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub.
2019-cu ilin 25-26 oktyabr tarixlərində keçirilmiş Bakı Sammiti Qoşulmama Hərəkatı ilə Azərbaycan arasındakı əlaqələrin daha da möhkəmlənməsində xüsusi rol oynayıb. Sammit zamanı dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş və beynəlxalq və regional sülh və təhlükəsizliyə hədə kimi qalmasından təəssüflərini ifadə ediblər və tərəflərə münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həll edilməsi üçün danışıqları davam etdirməyə çağırış olunub.
2020-ci ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilib. Sessiyanın təşkili bir daha təsdiqlədi ki, Azərbaycan koronavirusla mübarizədə nəinki regionda, eləcə də dünyada öncül ölkələrdəndir. Azərbaycan koronavirusa qarşı mübarizə istiqamətində indiyədək 80-dən çox ölkəyə humanitar yardım edib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə edib. Qeyd edək ki, bu məbləğin yarısı məhz Qoşulmama Hərəkatına üzv ölkələr üçün nəzərdə tutulmuşdu.
2023-cü il mart ayının 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Tədbirdə iştirak edən cənab Prezident İlham Əliyev öz çıxışında bildirdi ki,Azərbaycan həmçinin Hərəkatın institusional inkişafına güclü dəstək verir. Ölkəmiz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib. 2022-ci ilin iyulunda isə Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Qəraraalınıbki, təşkilatındaimikatibliyiBakıdayerləşəcək.
Həmçinin dövlətimizin başçısı dünyada getdikcə daha çox tətbiq olunan ikili standartlar siyasəti barədə danışaraq bildirdi ki, son illər suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da onların icrasında selektiv yanaşma və ikili standartlar tətbiq edilir. Bu kimi halların qarşısının alınması üçün birgə səylər göstərilməli, o cümlədən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin formalaşmasında fəal iştirak etməlidir.
Qoşulmama Hərəkatı Vətən müharibəsi günlərində də Azərbaycanın yanında yer aldı. Bu beynəlxalq qurum birmənalı şəkildə Azərbaycanın haqq mübarizəsinə dəstək verdi. Hərəkatın üzvü olan ölkələr ayrı-ayrılıqda cənab Prezident İlham Əliyevə məktub ünvanlayaraq Azərbaycanın haqq mübarizəsində yanımızda olduqlarını qeyd etdilər.
Prezident İlham Əliyev Azərbaycanın tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin gedişində Qoşulmama Hərəkatına üzv dövlətlərin ölkəmizə verdikləri siyasi-mənəvi dəstəyin mühüm əhəmiyyət kəsb etdiyini bir daha vurğuladı. Məlum olduğu kimi, 2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul etmişdi. Həmçinin Vətən müharibəsinin davam etdiyi dövrdə, 2020-ci ilin oktyabrında Qoşulmama Hərəkatına üzv ölkələrin nazirləri səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olunub. Bu sənədlərdə Təşkilata üzv ölkələr Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə etmişdilər. Bu, həm də Qoşulmama Hərəkatının bir daha beynəlxalq münasibətlər sistemində ciddi faktor olduğunu təsdiqləyir.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı