05 mart 2023 16:10
314

Qoşulmama Hərəkatının üzvləri Azərbaycanın təşəbbüslərini yüksək qiymətləndiriblər

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Qoşulmama Hərəkatı dünyanın təhlükəsiz gələcəyi üçün çağırışlar edir. Bu günlər dünyanın diqqəti növbəti dəfə Azərbaycana yönəlib. Martın 2-də keçirilən,70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının,5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq və Liviyanın prezidentlərinin, üç ölkənin-Kuba,Qabon,Tanzaniyanın vitse-prezidentlərinin,Əlcəzair və Keniyanın Baş nazirlərinin, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, eyni zamanda,nazirlərin,nazir müavinlərinin, səfirlərin qatıldıqları Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü bir daha ölkəmizin beynəlxalq aləmdə artan roluna və nüfuzuna işıq saldı. Əvvəlcədən tədbirin iştirakçılarının say tərkibinə diqqət yetirmək kifayət idi ki, müzakirə məsələlərin aktuallığı barədə aydın təsəvvür yaransın.

Qoşulmama hərəkatı Bandunq prinsiplərinə uyğun olaraq dünyada sülhün və təhlükəsizliyin təmin olunması baxımından ərazi əldə edilməsi üçün güc tətbiq olunmasının yolverilməzliyi, eləcə də beynəlxalq hüququn ciddi pozuntular nəticəsində yaranmış vəziyyətlərin tanınmama öhdəliyi ilə bağlı Azərbaycanın mövqeyi məlumdur. Bu mövqe ölkənin digər amillər arasında, silahlı təcavüz, etnik təmizləmə və qanunsuz xarici hərbi işğala məruz qalma təcrübəsindən qaynaqlanır. Azərbaycan Prezidenti Bakı Zirvə Görüşündəki nitqində xüsusi vurğuladı: “Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Bundan sonra təsisata yenidən sədr seçilən Azərbaycan üçün yeni və məsuliyyətli dövr başlayır. Çünki Qoşulmama Hərəkatına sədrlik etmək çox böyük siyasi iradə, məsuliyyət, diplomatik bacarıq tələb edən missiyadır.

Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin məqsədi üzv dövlətlərlə birlikdə Hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və dayanıqlı inkişafa öz töhfəsini artırmaq olacaq. Azərbaycanın 2019-2022-ci illərdə Hərəkata sədrlik etməsi dövlətimizin qlobal proseslərdəki rolunu və nüfuzunu daha da artırdı, beynəlxalq müstəvidə mövqelərimizi möhkəmləndirəcək. Bu missiya həm də ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək, qeyri-neft sektorunun və ixrac potensialımızın yüksəlişinə geniş imkanlar açacaq. COVİD-19-a qarşı qlobal səyləri birləşdirmək məqsədi ilə Azərbaycanın rəhbərlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısında BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təşəbbüsü reallaşandan sonra bu pandemiya kimi dəhşətli bəlaya qarşı beynəlxalq rəhbərlik yarandı, Hərəkatın koronavirusla mübarizədə liderlik fəaliyyəti uğurla reallaşdı. Həmin dövrdə ciddi, nəzərəçarpan bir sıra imkanlı ölkələrin “Peyvənd millətçiliyi” tənqidlə qarşılandı. Bu,COVİD-19 ilə mübarizədə ciddi maneə kimi qiymətləndirildi. Nəticədə Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini gerçəkləşdirmək məqsədilə 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilən iki qətnamənin təşəbbüskarı kimi tanındı.

Sevinc Həsənova,
YAP Xətai rayon təşkilatının "Y.Səfərov 29 ünvanı" üzrə ərazi partiya təşkilatının üzvü