03 mart 2023 11:15
1352

Kamran Bayramov: Ölkəmizin qlobal təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir

Azərbaycan  təşəbbüsləri reallığa çevirən ölkə kimi tanınır. Ölkəmizin ona göstərilən etimadı doğrultması Qoşulmama Hərəkatına sədrliyinin  120 üzv  ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılması ilə nəticələndi. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər, həm, mahiyyət, həm də, müzakirə olunan mövzuların aktuallığı  baxımından dünyanın diqqətini çəkir.  Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən, Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin, beynəlxalq təşkilatların rəhbərləri - Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar.
Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təklifi ilə Türkiyə və Suriyada baş vermiş zəlzələlərin qurbanlarının xatirəsi  bir dəqiqəlik sükutla yad olunub. 

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib. 

K.Bayramov qeyd edib ki, dünyada sülhün və təhlükəsizliyin qorunması, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı kimi beynəlxalq prinsipləri xarici siyasətində əsas tutan Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti mühüm rola malikdir. Qoşulmama Hərəkatının prinsipləri ilə Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri üst-üstə düşür. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki nitqində bildirib: «Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən, məhz,  Qoşulmama Hərəkatı oldu».

 Prezident İlham Əliyev bildirib ki, Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük ümumdünya təsisatı  kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradıldığını vurğulayan dövlətimizin başçısı deyib: «Məqsədimiz institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır».

Deputat diqqətə çatdırıb ki, yer kürəsinin 50-dən artıq dövlətinin ərazisini işğal etmiş, həmin dövlətlərin sərvətlərini talan etmiş, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın törətdiyi vəhşiliklər beynəlxalq ictimaiyyət tərəfindən bu gün də qınanılır. Fransanın müxtəlif regionlarda, o cümlədən, Cənubi Qafqazdakı ambisiyaları çoxlarına məlumdur. Fransanın bu mövqeyi Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xidmət etmir, regionda sülh quruculuğu səylərinə zərər verir. Mütamadi olaraq, Fransa Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirərək ölkəmiz əleyhinə absurd iddialar  səsləndirir. 30 il ərzində torpaqları işğal edilən ölkə hərbi təcavüzdə ittiham edilir. Bununla da, Fransa keçmiş münaqişənin həllində heç vaxt maraqlı olmadığını, özünün əsl ermənipərəst mövqeyini açıq şəkildə və həyasızcasına nümayiş etdirir. Cənab İlham Əliyev sözügedən Zirvə görüşündə bu mühüm məqama da xüsusi diqqət yönəldərək bildirdi ki, Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz, Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq: «Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz həmçinin, Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də, soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq».