Qalib ölkənin məğrur vətəndaşının Vətənin ekologiyasına və sərvətlərinin taleyinə biganə qalmaması, kəskin etiraz səsini ucaltması, tamamilə təbii və qürurvericidir
Ermənistanın “yaşıl soyqırım” siyasəti ilə bağlı narahatlıq doğuran əsas məqamlardan biri də bu gün də eyni cinayətlərin təkrarlanmasıdır. Azərbaycanın müvafiq orqanlarının faydalı qazıntı yataqlarına, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarına yerində baxışına, risklərin qiymətləndirilməsinə qarşı süni maneə törədilməsi vətəndaş cəmiyyəti fəallarının haqlı narazılığına səbəb olub və onlar Laçın-Xankəndi yolunda dinc aksiyaya qalxıblar. Nəticədə Azərbaycanın təbii sərvətlərinin talan edilməsinin qarşısı alınmaqla yanaşı, separatçıların da bu yoldan istifadəsi əngəllənib.
Ekoaksiyanın təşkil olunduğu ərazidə hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.Aksiyaların keçirildiyi məkandan çoxlu sayda foto və videomateriallar təqdim olunur. Fevralın 27-də xarici media nümayəndələri Laçın-Xankəndi yolunda keçirilən aksiyanı işıqlandırmaq üçün hadisə yerinə səfər ediblər. Kanada, İspaniya, Türkiyə, ABŞ, Böyük Britaniyadan olan media nümayəndələri aksiya iştirakçılarından müsahibələr alıblar. Jurnalistlər, həmçinin aksiyanın gedişi, keçirilmə səbəbləri barədə məlumat əldə ediblər. Onlar Laçın-Xankəndi yolunda sərbəst hərəkətin təmin edilməsinin şahidi olub, aksiya ərazisindən çəkilişlər ediblər. Xarici media nümayəndələri bildiriblər ki, bu yolda etirazçılar təbii sərvətlərin qanunsuz istismarına, ərazilərin minalanmasına son qoyulmasını tələb edirlər. Bu, çox yaxşı təşəbbüsdür. Burada heç bir problem yoxdur, hər şey dinc şəkildədir. Xarici jurnalistlər çalışdıqları nəşrlərdə aksiyalar fonunda Laçın yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Rusiya sülhməramlı kontingentinin yük və minik avtomobillərinin hərəkətinə hər hansı bir maneənin yaradılmadığına aid reportajlar yayımlayıblar. Həmin avtomobillərdə Xankəndidən və digər yaşayış məntəqələrimizdən olan ermənilər də Ermənistan ərazisinə və əks istiqamətə gedib gəlirlər.
Göründüyü kimi, Ermənistanın bəzi havadarları, o cümlədən “beynəlxalq” statuslu təşkilatlar isə bu aksiyaları “blokada” kimi və ya fərqli müstəvidə təqdim etməyə çalışsalar da, bu, mümkün olmadı. Elə Fransanın timsalında ermənipərəst ölkələr aksiya ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışsalar da, məğlubiyyətə uğradılar. Hətta bu yaxınlarda Ermənistan 3 əsas məsələyə baxılması üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etsə də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Laçın yolundakı aksiya ilə bağlı vəsatətini və aksiyanın Azərbaycan hökuməti tərəfindən təşkil olunması ilə bağlı fərziyyəni rədd edib.
Bütün bunlar onu göstərir ki, məqsədli şəkildə sözügedən aksiyaya qarşı qarayaxma kampaniyaları aparıldı, amma fakt ortadadır. Bu etiraz aksiyası blokada sayıla bilməz. İki aydan artıq zaman kəsiyində Xankəndiyə gətirilən bütün humanitar yüklər ünvanına çatıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Rusiya sülhməramlılarının maşınları yoldan sərbəst istifadə edirlər. Təbii ki, həmin ərazilər Azərbaycanın suveren əraziləridir və oradakı bütün proseslər də ölkəmizin qanunları əsasında tənzimlənməlidir.
Məğlub Ermənistanın siyasi hakimiyyətinin başbilənlərinin, o cümlədən də baş nazir Nikol Paşinyanın saxtakarlığa əl atması, faktları, proseslərin mahiyyətini təhrif etməsi, yalanları ilə daxili auditoriyanı və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdləri, bir növ, ənənə halını alıb. Erməni tərəfi həyasızcasına aksiyaların Azərbaycanın siyasi hakimiyyəti tərəfindən dəstəkləndiyi, yolun blokadaya alındığı və bölgədə yaşayan erməni əhalisinin humanitar böhran yaşadığını iddia edir. Reallıq budur ki, qarşı tərəfin səsləndirdiyi iddiaların heç bir əsası yoxdur.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Laçın yolundan istifadə qanuni və şəffaf olmalı burada sui-istifadə hallarına yol verilməməlidir. Bu səylərin tərkib hissəsi kimi Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd nəzarət-keçid məntəqəsi yaradılması barədə təkliflə çıxış edib. Bu təklif Azərbaycanla Ermənistan arasında postmünaqişə normallaşma prosesi çərçivəsində Laçın yolu üzrə şəffaf mexanizm və etimad quruculuğu tədbiri kimi beynəlxalq tərəfdaşlar tərəfindən də müsbət qarşılanıb. Lakin Ermənistanın bu təklifdən heç bir əsas gətirmədən imtina etməsi işğalçı dövlətin Laçın yolunda şəffaflıqda maraqlı olmadığını və sui-istifadə hallarını davam etdirmək niyyətinin göstəricisidir. Heç şübhəsiz, şərti sərhədində nəzarət-buraxılış məntəqələri yaradılsa, bu, separatizm meyillərinin üzərindən xətt çəkəcək, mövcud istiqamətdəki ümidləri dəfn edəcək. İrəvanı qorxudan da məhz budur. İrəvan sərhəddə nəzarət-keçid məntəqələrinin qurulmasını həm də ona görə istəmir ki, belə bir durum ölkəmizə qarşı mina terrorunu dayandıracaq. Onu da bildirək ki, İrəvan mina terrorunu davam etdirməyi postmüharibə reallıqlarına təsir göstərmək, regionda gərginliyi artırmaq, Azərbaycanı yeni təxribatlarla üz-üzə qoymaq baxımından vacib sayır.
Ermənistanın üçtərəfli Bəyanata istinad edərək Laçın yolunu nəzarətsiz zonaya çevirmək cəhdi əbəsdir. Azərbaycan buna heç bir vəchlə imkan verməyəcək. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında Laçın yolu üzərində nəzarət-buraxılış məntəqələrinin qurulması məsələsinə növbəti dəfə diqqət çəkdi. Azərbaycanın dövlət başçısının bu təşəbbüsü beynəlxalq səviyyədə də dəstəklənir. Ermənistanın isə bu təşəbbüsə münasibəti adekvat deyil. Buradan bir daha aydın olur ki, bu ölkə Laçın yolunda şəffaflığın təmin olunmasına səy göstərmir.
Bəli, Ermənistan danışıqlar prosesində kontruktivlik göstərmir, ölkənin sülhə yaxınlaşmaq niyyəti yoxdur. Paşinyan masa arxasında bir söz deyir, ona təklif edilənlərlə razılaşdığını göstərir, sonra hansısa “mistik qüvvələr” Nikolu mövqeyindən daşındırır. Beləcə, erməni baş nazir özünün qeyri-ciddi siyasətçi obrazındakı mənfi rəng çalarları dərinləşdirir. Reallıq isə budur ki, qarşılıqlı sərhəd məntəqələrinin yaradılmasından imtina bu dərinliyi bir qədər də artıracaq. Hər bir halda perspektiv İrəvan üçün müsbət heç nə vəd etmir. Əksinə, onu növbəti iflasa doğru aparır.
Yaqut Ağaşahqızı, “İki sahil”