Respublikamızın Qarabağ bölgəsində yaşayan ermənilər bizim vətəndaşlarımız olaraq cəmiyyətimizə inteqrasiya etməlidirlər
2018-ci ildə “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilmiş VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında Prezident İlham Əliyev Azərbaycanın bu nailiyyətini bir daha vurğulayaraq demişdir: “Əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayıblar və bu siyasət bu gün də davam etdirilir. Azərbaycanda bu istiqamətdə dövlət siyasəti çox səmərəlidir və gözəl nəticələrə gətirib çıxarır. Bizim tarixi keçmişimiz, mədəniyyətimiz onu göstərir ki, müxtəlif dinlərin nümayəndələri Azərbaycanda həmişə çox rahat yaşayıblar, bir ailə kimi yaşayıblar. Bizim tarixi, dini abidələrimiz həm qədim tariximizi nümayiş etdirir, eyni zamanda, göstərir ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələri üçün doğma diyar, doğma məkan olmuşdur”.
Azərbaycan Respublikası Konstitusiyasında təsbit edildiyi kimi, etnik, dini, sosial mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq bərabərliyi, dini etiqad azadlığı, onların tarixin sınaqlarından çıxmış birliyi, sarsılmaz ittifaqı və qardaşlıq münasibətləri nəzərdə tutulur. Multikulturalizmi beynəlxalq platformaya çevirmək istəyən Azərbaycan bu gün dünyada etnik, dini ayrı-seçkiliyə və dözümsüzlüyə, ksenofobiyaya, etnomədəni narsisizmə qarşı mübarizədə dünya ictimaiyyətini səfərbər etmək naminə mühüm təşəbbüslər irəli sürür.
Azərbaycan daim bəyan edir ki, ölkəmizdəki digər xalqların nümayəndələri kimi, Qarabağdakı etnik ermənilər də bizim vətəndaşlarımızdır. Onlar da Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalı, ölkə qanunları ilə yaşamalıdırlar. Azərbaycanın erməni etnik qrupundan olan vətəndaşları da Konstitusiyamızın bütün maddələrindən yararlana bilərlər.
Ölkə başçısı daim vurğulayır ki, sülhdən sonrakı dönəmdə Azərbaycanın mövqeyində hər hansısa dəyişiklik yoxdur. Azərbaycan tərəfinin mövqeyi həm tarixi ədalətə, həm beynəlxalq hüquqa, həm də dünyada mövcud olan müsbət təcrübəyə əsaslanır: “Orada yaşayan ermənilərlə əlaqədar bizim mövqeyimizdə dəyişiklik yoxdur. Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə Bakı şəhərində minlərlə erməni yaşayır və onlar bizim vətəndaşımızdır. Bizim ölkəmizdə bir çox millətlər yaşayır və bu bizim ölkəmizin gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Onların canını biz o kriminal xunta rejimindən xilas edəndən sonra onlar daha yaxşı yaşayacaq, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı artacaq, çünki orada indi səfalət hökm sürür. Biz ora sərmayə də qoyacağıq, biz orada sosial proqramları da icra edərik, iş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız olacaq. Bütün bunlar orada yaşayan ermənilər və ora qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq”.
Danılmaz faktdır ki, təxminən 30 ildən artıq müddətdə Azərbaycanın mərkəzi hakimiyyəti ilə əlaqələri kəsilən Qarabağdakı erməni vətəndaşlardan müxtəlif məqsədlər üçün istifadə etməyə səy göstərilib. Bununla belə rəsmi Bakı öz vətəndaşlarından heç vaxt imtina etməyib. Bu günlərdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilən Milli Məclisin deputatı Ramin Məmmədovun martın 1-də Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşməsi bunun əyani təsdiqidir. Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.
Yeri gəlmişkən, görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib. Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Əsas məsələ odur ki, bundan sonra da Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək.
Dövlətimizin başçısı qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfəri ilə yeni reallıqda regionun gələcəyinin qurulmasında ölkəmizin məqsədlərini, eləcə də Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə təmasların davam etdiriləcəyini dəfələrlə geniş şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Prezident İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışında bir daha bildirdi ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır: “Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar azlıq təşkil edirlər. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycandakı bütün azlıqlar bərabər hüquq və imtiyazlara, o cümlədən mədəni, linqvistik və digər hüquqlara malikdirlər, onların təhlükəsizliyi də təmin edilib”.
Bir məsələni xüsusi qeyd edək ki, Azərbaycan Ruben Vardanyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazini tərk etdikdən sonra orada yaşayan və öz vətəndaşlarımız olan erməni sakinlərlə praktiki təmaslara başlanılacağını bildirmişdi. Bu görüş də daxili gündəliyin tərkib hissəsi olan həmin təmasın təzahürüdür. Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə növbəti müzakirələr Bakıda, Gəncədə və yaxud Ağdamda da baş tuta bilər.
Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmasları irəliyə doğru addım kimi qiymətləndiriblər. Məsələn, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə nümayəndəsi Toivo Klaar Xocalıda Azərbaycan hökumətinin nümayəndələri ilə Qarabağ erməniləri arasında baş tutan görüşü ümidverici adlandırıb. T. Klaar bu barədə “Twitter” paylaşımında qeyd edib: “Bu gün Xocalıdan Bakının nümayəndələri ilə Qarabağ erməniləri arasında təmaslarla bağlı ümidverici xəbərlər gəlir. Müzakirələrin həm hazırkı narahatlıqlara, həm də daha geniş məsələlərə fokuslanılması çox yaxşıdır”.
Bütün bunların fonunda birmənalı demək olar ki, hazırda Azərbaycan sülhün tərəfdarı olduğunu bir daha nümayiş etdirməklə regionda əməkdaşlıq və təhlükəsizliyin təmin olunması istiqamətində addımlar atdığını, Qarabağdakı erməniəsilli vətəndaşlarına sahib çıxdığını, bu yöndə təşəbbüsləri davam etdirəcəyini öz müstəqil siyasəti və əməli işi ilə bir daha təsdiq edir.
Zahid Rza, “İki sahil”