Dünyanın bir çox ölkələrinə, xüsusilə Azərbaycana və Türkiyəyə düşmən mövqeyində olan, terroru, millətçiliyi, şantajı dövlət siyasətinə çevirən İranın vəziyyəti gündən-günə ağırlaşır. Uzun müddətli tətillər, qarşıdurmalar, dünya dövlətləri ilə münasibətlərin kəskinləşməsi, tətbiq olunan ciddi sanksiyalar bu dövlətin iqtisadiyyatına, insanların yaşayışına ciddi zərbə vurmaqla molla rejimini çökdürməkdədir.
Müharibə şəraitində olan Rusiyaya müxtəlif növ silahlar, pilotsuz uçuş aparatları, kamıkadze dronlar satdığına, ölkədə insan ölümlərinə, sui - qəsdlərə rəvac verdiyinə, nüvə fəaliyyətinə görə İran Qərbin ciddi sanksiyalarına məruz qalmışdır. Bu təbiidir. Çünki İran həqiqətən də bu gün dünyada terror dövləti olduğunu bir daha əməli fəaliyyəti, həyata keçirdiyi anti - bəşəri siyasəti ilə sübut etməkdədir.
Bu Azərbaycana və Türkiyəyə qarşı müansibətlərdə aydın görünür. Molla rejimi Ermənistan - Azərbaycan münaqişəsi başlayan ilk gündən təcavüzkarların yanında olduğunu bəyan etmiş, erməni faşistlərini silahlandırmış, onlara hər cür maddi - mənəvi dəstək göstərmişdir. Xalqımız torpaqlarımız işğal altında olduğu 30 ildə, 44 günlük müharibə zamanı bunun şahidi olub və bu gündə İran dövlətinin düşmənçilik əməllərini görməkdədir.
Molla rejimi Azərbaycana güc nümayiş etdirmək məqsədi ilə sərhədlərimizdə hərbi təlimlər keçirdi, dövlətimizə qarşı şantaj kompaniyasını daha da gücləndirdi və bunun heç bir fayda vermədiyini gördükdə səfirliyimizə silahlı hücum təşkil edildi, qətl törədildi, əməkdaşlarımız yaralandı. Ancaq hadisədən bir aydan çox keçməsinə baxmayaraq İran hakimiyyəti bu terror aktına öz ciddi münasibətini bildirməmişdir, hadisənin təşkilatçıları məlum edilib cəzalandırılmamışdır. Əksinə İran tarixi düşmənlərimizə yaxınlaşmaqla, ölkədəki soydaşlarımızın başına müsibətlər gətirməklə, Zəngəzur dəhlizinin açılmasına manilər yaratmaqla, özlərinin anti - Azərbaycan təbliğatını genişləndirməklə düşmənçiliyi qüvvətləndirir, mənfur niyyətlərindən əl çəkmirlər.
Ancaq bu düşmənçilik mövqeyi heç də İranın xeyrinə işləmir. Əksinə bir qonşu dövlət kimi Azərbaycana qarşı düşmənçilik onu daha ağır fəlakətlərə sürükləyir. Çünki İranda 30 milyondan çox soydaşlarımız yaşayır və onlar hər zaman Azərbaycanın yanında olduqlarını bəyan edir, xalqımızın sevinci və ağrıları ilə yaşayırlar. Belə olan halda İran dövləti öz siyasətində düzəliş etməlidir, reallıqları - Azərbaycanın artan gücünü, ordumuzun qüdrətini, xalqımızın birliyini, dünyadakı nüfuzunu və yerimizi görməli, səhvlərindən nəticə çıxarmalıdır. Ancaq qonşu dövlətlərlə münasibətlərin yaxşılaşdırılması İranı düşdüyü vəziyyətdən xilas edə bilər.
Tahir Rzayev,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri