Dövlət başçısı İlham Əliyevin qardaş ölkəyə işgüzar səfəri münasibətlərimizin dünəninin, bu gününün və sabahının bir daha təqdimatı oldu
Dövlət başçısı İlham Əliyevin «Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır» fikri iki dost, qardaş ölkənin birliyinin, həmrəyliyinin region, dünya üçün əhəmiyyətini açıqlayır. Regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi, Şuşa Bəyannaməsində əksini tapan müddəalar əlaqələrin bugünkü və gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı daim dünyaya nümunə göstərilib. 44 günlük Vətən müharibəsi dövründə bu qardaşlığın daha yüksək səviyyədə özünü büruzə verməsi, Türkiyənin hər addımda ölkəmizə mənəvi və siyasi dəstəyi dünyanın diqqətindən kənarda qalmadı. «Azərbaycan tək deyil» bəyanatını istər müharibənin getdiyi, istərsə də postmünaqişə dövründə atdığı addımları ilə sübut edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qələbəmizin dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayan Zəfər paradında da dövlət başçısı İlham Əliyevin yanında oldu və həmin səfər çərçivəsində sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında «Atılacaq daha çox imzalar var» deməklə sonrakı dövrdə görüləcək işlərin, imzalanacaq sənədlərin anonsunu verdi. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin zirvəsi oldu. Bu Bəyannamə dünyaya bir sıra mesajları ünvanladı.
Reallıq budur ki, Azərbaycan və Türkiyə dövlətlərinin birgə səyləri, siyasi iradəsi və qətiyyəti sayəsində reallaşan enerji layihələri bölgəyə sülh, sabitlik gətirərək dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Əvvəllər regional çərçivədə başlanan əməkdaşlıq sonrakı illərdə coğrafiyasını genişləndirərək çoxtərəfli formata çevrilib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin, iqtisadi əhəmiyyətinə görə onlardan geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Azərbaycan təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələrinin uğurlu icrası ilə dünyanın enerji xəritəsini yenidən tərtib etdi.
Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Qeyd etdiyimiz kimi, məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir. Azərbaycan və Türkiyə eyni köklər üzərində böyüyən ulu bir çinara bənzədilərək vurğulanır ki, həmin çinarın kölgəsi həyata keçirilən layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanır. BTC və BTƏ neft-qaz layihələrinin ardınca iqtisadi əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan BTQ dəmir yolunun istifadəyə verilməsi, eyni zamanda, əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını genişləndirməsi fonunda Cənub Qaz Dəhlizinin icrasının tam şəkildə başa çatdırılması kimi biri-birindən önəmli hadisələr Qafqazdan Avropayadək uzanan kölgənin təqdimatlarıdır.
İki qardaş ölkə arasında əlaqələr hərbi sahədə də yüksək səviyyədədir. Azərbaycan və Türkiyə ordularının ənənəvi olaraq keçirilən hərbi təlimləri bu əlaqələrə işıq salır. Azərbaycan 44 günlük Vətən müharibəsində yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi tarixə qovuşdu. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daim hücum əmrini gözləyən Azərbaycan Ordusu şücaəti ilə bir daha işğalçı Ermənistana yerini göstərdi, onu diz çökdürdü, “məğlubedilməz erməni ordusu” mifini dağıtdı, kimin haqlı, kimin saxta tarix yazaraq yalanları ilə həqiqəti inkar etmək yolu tutduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan tarixi Zəfəri ilə 2020-ci ilin heç zaman unudulmayacaq tarixini yazdı. 10 noyabr böyük öndər Mustafa Kamal Atatürkün anım günü olduğu üçün dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 8 noyabr Şuşanın işğaldan azad olunduğu gün Zəfər Günü kimi təsis olundu. Bu, mühüm addım da Azərbaycan-Türkiyə birliyinin təqdimatı oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir ki, Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, cənab Prezident İlham Əliyevə aiddir: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirib. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında, inşallah, dastan yazmaqda davam edəcək.”
Tarixə yazılan ən önəmli hadisələrdən biri də Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının iki qardaş ölkənin prezidentlərinin iştirakı ilə dünyaya açılması oldu.
Bu gün informasiya müharibəsi dövrü olduğunu nəzərə alsaq, həqiqətlərimizin təbliğində diaspor təşkilatları ilə yanaşı, mətbuatın da üzərinə düşən məsuliyyət özünü qabarıq şəkildə büruzə verdi. 44 günlük müharibə dövründə ölkə mətbuatı həqiqətlərin təbliğində nə qədər fədakarlıq göstərdisə, Türkiyə mətbuatı da eyni qayda üzrə hərəkət etdi. Mətbuat səhifələrində yer alan qələbə xəbərləri televiziya kanalları vasitəsilə də dünya ictimaiyyətinə çatdırıldı. Türkiyə mediasını izlədikcə birliyimizdən, həmrəyliyimizdən daha da qürurlanırdıq. Eyni ab-hava Zəfər paradında, Şuşa Bəyannaməsinin imzalanmasında da özünü qabarıq şəkildə büruzə verirdi. Qarabağımızda Azərbaycan və Türkiyə bayraqları birgə dalğalandı və dünya bu birliyin bir daha şahidi oldu.
İki ölkə arasında bütün sahələrdə əməkdaşlıq media istiqamətində də bir zərurətə çevrildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ilin dekabrında Azərbaycana səfəri zamanı imzalanan sənədlər arasında Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu xüsusi diqqət çəkdi. Azərbaycana və Türkiyəyə qarşı əsassız iddiaların geniş vüsət aldığı indiki zamanda Ortaq Media Platformasının yaradılması vacib idi. Mətbuatın ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alaraq, hazırkı zamanda müasir dövrün yaratdığı imkanlardan maksimum istifadə etməklə qərəzi, əsassız təbliğatları tutarlı faktlarla cavablandırmaq, yalanın həqiqət üzərində qələbəsinin mümkünsüzlüyünü bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq mümkündür. Türkiyə-Azərbaycan media əlaqələrinin inkişafı ilə iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsi, xalqların məlumatlandırılması məsələsində səmərəli fəaliyyət göstərilməsi, xüsusilə sosial mediada yayılan dezinformasiyalar və ölkə xaricindən gələn qara piarlara qarşı mübarizədə vahid strategiyaların yaradılması prioritet məsələyə çevrildi. Media əməkdaşlığı Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə böyük töhfə olmaqla yanaşı, mövcud əlaqələrin inkişafında yeni bir səhifə açdı. Şuşa Bəyannaməsində əksini tapan müddəalarda da bu məqam öz əksini tapır ki, yeni müqaviləyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü dövlət tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Təbii ki, burada informasiya sahəsində əməkdaşlıq öz sözünü deyəcək. Dövlət başçısı İlham Əliyev jurnalistlərə açıqlamasında bildirmişdir ki, aramızdakı əməkdaşlığın adı müttəfiqlikdir və bunun özü hər şeyi deyir.
Daim biri-birinin yanında olan iki qardaş ölkə bu gün də qardaşlığın ən yüksək səviyyədə olduğunu nümayiş etdirir. Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı qardaş ölkəyə ilk dəstək göstərən məhz Azərbaycan oldu.
Təbii ki, dostluğumuzun, qardaşlığımızın dünyaya nümayişi olan fikirlər nəinki dövlət rəsmiləri, sadə vətəndaşlar tərəfindən belə səsləndirilir, dilimizin əzbərinə çevrilib. Çünki bu dostluq, qardaşlıq böyük tarixə söykənir, bir millətin iki dövləti biri-biri ilə sıx tellərlə bağlıdır. Azərbaycan-Türkiyə dostluğu tarixin sınaqlarından şərəflə çıxan və bu gün dünyaya nümunə olan birlik, həmrəylikdir. Bu fikir daim böyük qürur hissi ilə qeyd edilir ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ölkələr yoxdur. Bu birlik bütün istiqamətlərdə qurulub və nümunədir. Qardaş ölkənin Prezidentinin qeyd etdiyi kimi, ortaq tariximizdən aldığımız ilhamla aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırır, birlik və bərabərliyimizi daha da möhkəmləndiririk. Diplomatik münasibətlərimiz 31 il əvvəl qurulsa da, taleyimizin birliyi tarixin dərinliklərinə qədər uzanmaqdadır. 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur.
Dünya 44 günlük İkinci Qarabağ müharibəsi dövründə bu birliyin sarsılmazlığının şahidi oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini nümayiş etdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən il Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında bu dostluğu, qardaşlığı belə ifadlə etdi: “Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Göylərdə nazlı-nazlı dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq. Eynilə Anadolu kimi, bura da bizim torpağımızdır. Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?”
Məhz bu dostluğun hər bir sınaqdan şərəflə çıxmasına rəğmən dövlət başçısı İlham Əliyev çıxışlarında bu fikri böyük qürur hissi ilə qeyd edir ki, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir.
Tarixə qısa baxış əsasında dövlət başçısı İlham Əliyev bu reallığı qeyd edir ki, bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Prezident İlham Əliyev qardaş ölkədə zəlzələ baş verən gün, fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək ölkəmizin Türkiyənin bu dərdinə şərik çıxdığını, Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu bildirdi. Prezident İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində oldu, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi. Səfirlə söhbət zamanı ölkə Prezidenti İlham Əliyev bildirdi ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik: “Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə.”
İlk gündən bu əminlik ifadə edildi ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Təbii ki, bu əminliyə əsas verən qardaş ölkənin gücü, qüdrətidir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim, Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır.”
Fevralın 25-də dövlət başçısı İlham Əliyevin Türkiyəyə işgüzar səfəri münasibətlərimizə bir daha işıq saldı. Cənab İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verdi, xəsarət alanların tezliklə şəfa tapmasını arzuladı. Dövlətimizin başçısı bu faciədən çox kədərləndiyini və onun Azərbaycan xalqını dərindən sarsıtdığını bildirdi.
Azərbaycanın və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olduqlarını bildirən Prezident İlham Əliyev ölkəmizin bu faciənin ilk günündən qardaş Türkiyənin yanında olduğunu qeyd etdi. Dövlət başçısı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəmizin humanitar yardımları bundan sonra da davam etdirəcəyini diqqətə çatdırdı. Cənab İlham Əliyev qardaş Türkiyənin bu zəlzələnin nəticələrini də tezliklə aradan qaldıracağına əminliyini ifadə etdi.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəyə səfər etdiyinə, Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstək və həmrəyliyə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirdi. Prezident Rəcəb Tayyib Ərdoğan da qardaş Türkiyənin və Azərbaycanın həmişə bir-birinin yanında olduğunu vurğuladı. Türkiyə Prezidenti Azərbaycanın göndərdiyi humanitar yardımları yüksək qiymətləndirdi və buna görə təşəkkür etdi. Rəcəb Tayyib Ərdoğan azərbaycanlı xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində öz fəaliyyətlərini böyük cəsarətlə və əzmlə davam etdirdiklərini, insanların xilası üçün fədakarlıqla çalışdıqlarını bildirdi.
Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi, ticarət, enerji, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri və daha da dərinləşdirilməsi məsələləri müzakirə olundu. Dövlət başçıları, həmçinin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi barədə də fikir mübadiləsi apardılar.
Göründüyü kimi, iki qardaş ölkənin hər bir addımı birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsinə, əlaqələrdə yeni istiqamətlərin müəyyənləşdirilməsinə xidmət edir. Azərbaycan-Türkiyə qardaşlığı əbədidir.
Yeganə Əliyeva, «İki sahil»